Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:27

Rusiya Afrikaya da troll müdaxiləsi edir


Putin və Afgrika liderləri Soçi sammitində
Putin və Afgrika liderləri Soçi sammitində

Facebook sosial şəbəkəsi Rusiyanın saxladığı üç nüfuz şəbəkəsini ləğv edib.

The New York Times yazır ki, bu şəbəkələrin fəaliyyəti Mozambik, Kamerun, Sudan və Liviya da daxil Afrika ölkələrini hədəfləyirdi.

Facebook ləğv etdiyi hesabların sayı barədə məlumat verməyib, lakin bildirib ki, bu səhifələr Rusiyadakı İnternet Tədqiqatları Agentliyinə (İTA) bağlı idi.

Bu qurumu Qərbdə “troll fabriki” kimi tanıyırlar.

Media xəbərlərinə görə İTA-nı Kremlə yaxın olan və “Putinin aşpazı” ləqəbini qazanmış, oliqarx Yevgeny Prigozhin maliyyələşdirir.

ABŞ 2016-cı il prezident seçkisinə müdaxiləsinə görə Prigozhin-ə qarşı sanksiyalar elan edib.

Rusiyanın Afrikadakı nüfuz kampaniyasını açmaqda Facebook-a köməklik etmiş Stenford internet-observatoriyasının ekspertləri bildiriblər ki, Rusiyanın Afrikada apardığı kampaniya, 2016-cı ildə ABŞ-da aparılmış kampaniyadan fərqlənirdi.

Bu kampaniyada ərəbcə yazılan postlar eyni zamanda bir neçə ölkəni hədəfləyirdi, saxta hesabların çoxunu isə pulla ələ alınmış yerli sakinlər yaradırdılar. Bu, həmin hesabların ifşa edilməsini çətinləşdirirdi.

Bundan başqa Amerika seçkilərinə müdaxilə zamanı Rusiya trolları Facebook-da bir ay ərzində iki minədək post dərc etmişdilər, halbuki onlar təkcə oktyabr ayı ərzində Şimali və Mərkəzi Afrikada 9 min post yazmışdılar.

Bu postların bir qismi Rusiyanın regiondakı siyasətini təbliğ edirdi, digər qismi isə Fransa və ABŞ-ın fəaliyyətini pisləyirdi.

Stenford İnternet Observatoriyasının direktoru və Facebook-un keçmiş vəzifəlisi Alex Stamos deyib ki, “troll fabrikinin” məqsədi Rusiyanın Afrikadakı nüfuz təsirinin genişləndirilməsidir.

O əlavə edib ki, Rusiya trolları indi Afrikada istifadə etdikləri metodlardan ABŞ-da gələn keçiriləcək prezident seçkisində də istifadə edə bilərlər.

Rusiya Afrikadakı fəallığını bir neçə il bundan əvvəl artırmağa başlayıb.

Jurnalistlərin verdiyi məlumata görə burada Prigozhin-ə bağlı daha bir şirkət – Vagner hərbi firması geniş fəaliyyət göstərir.

Ötən yayda Mərkəzi Afrika Respublikasında azərbaycanlı Orxan Camal da daxil, Rusiyanın üç jurnalisti öldürülüb.

Onlar elə həmin Vagner-in Afrikadakı fəaliyyətini araşdırırdılar.

Mikhail Khodorkovsky-nin təşkil etdiyi təhqiqat göstərib ki, bu qətlin arxasında Prigozhin-lə bağlı strukturlar dayana bilərdi.

XS
SM
MD
LG