Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:49

Baydenin Kiyev səfəri başa çatdı (Video)


ABŞ prezidenti Co Bayden (Joe Biden) Ukrayna paytaxtında 5 saatdan artıq bir müddətdə olduqdan sonra Kiyevi tərk edib.

Bayden fevralın 20-də ukraynalı həmkarı Volodimir Zelenski ilə Kiyevin mərkəzindəki Mariyinski sarayında keçirilən görüşündə Ukraynaya 500 milyon dollar dəyərində yeni hərbi yardım vəd edib:

“Bir il sonra Kiyev ayaq üstdədir. Və Ukrayna ayaq üstdədir. Demokratiya ayaq üstdədir. Amerika sizin yanınızdadır və dünya sizin yanınızadadır”.

Zelenski deyib ki, “hal-hazırda Ukraynada beynəlxalq nizamın taleyi həll olunur”.

Almaniya hökuməti bu səfəri “yaxşı siqnal” adlandırıb, Polşa isə bildirib ki, “bu, Rusiyaya qarşı müharibədə Vaşinqtonun Kiyevə dəstəyinin göstəricisidir”.

Səfərin texniki detalları hələ açqılanmır

Bundan əvvəl xəbər verilmişdi ki, Bayden Kiyevdə Birləşmiş Ştatlardan Polşaya səfəri zamanı yolüstü dayanıb.

Bir çoxları Baydenin Ukraynaya birbaşa təyyarə ilə uça biləcəyinə inanmırlar, çünki nə Ukrayna, nə də onun Qərb müttəfiqləri bu ərazidə hava məkanına nəzarət etmirlər.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan (Jake Sullivan) müxbirlərə deyib ki, Rusiya tərəfinə Baydenin səfəri barədə əvvəlcədən məlumat verilmişdi:

"Bu kommunikasiyaların həssas təbiətinə görə mən onların (Rusiyanın-red) buna necə reaksiya verdiklərinin, həmin mesajın dəqiq təbiətinin detallarına vara bilmərəm. Amma mən təsdiq edirəm ki, biz onlara bildiriş vermişdik”.

Vaşinqton Baydenin Kiyevə necə getməsi barədə detalları hələ açıqlamayıb, lakin prezidentin nümayəndə heyəti bu təfərrüatların daha sonra açıqlanacağını bildirib.

The New York Times qəzeti yazır ki, ABŞ prezidentinin Polşadan Kiyevə qatarla səfəri 10 saat çəkib.

Bayden:"Putin səhv edib"
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Sosial mediada Baydenin ukraynalı həmkarıyla görüşündən fotolar yayılıb.

Zelenski deyib ki, bu səfər “bütün ukraynalılara dəstəyin həddən artıq mühüm əlamətidir”.

“Dünya Rusiyanın Ukraynaya qarşı qəddar işğalının birinci ildönümünə hazırlaşdığı bir vaxtda mən bu gün Kiyevə Prezident Zelenski ilə görüşməyə, Ukrayna demokratiyası, suverenliyi və ərazi bütövlüyünə qətiyyətli sədaqətimizi təsdiqləməyə gəldim”, – Baydenin bəyanatında deyilir.

“Putin bir il öncə işğala başlayanda düşünürdü ki, Ukrayna zəifdir, Qərb parçalanıb. O, bizi məğlub edəcəyini düşünürdü, ancaq səhv edirdi”, – Bayden bildirib.

Bayden Ukraynaya “kritik avadanlığın” daha bir partiyasını elan edəcəyini, həftəsonuna Vaşinqtonun elitalar və şirkətlərə qarşı əlavə sanksiyaları açıqlayacağını vurğulayıb.

+++

ABŞ Prezidenti Co Bayden (Joe Biden) fevralın 20-də Kiyevə gedib. Onun Ukrayna paytaxtına səfəri haqda öncədən məlumat yayılmayıb.

“Украина сейчас” (Ukrayna indi) Telegram kanalı Baydenin ukraynalı həmkarı Volodimir Zelenskinin müşayiətilə hava həyəcanı siqnalı altında Ukrayna müdafiəçiləri memorialını ziyarət etməsinin görüntüsünü yayıb.

Ukraynanın Xarici İşlər Nazirliyi daha öncə məlumat yaymışdı ki, bu gün Kiyevə Ukraynanın “aparıcı” qərb tərəfdaşlarından kiminsə səfəri gözlənir. Jurnalistlər və sosial media istifadəçiləri Ukrayna paytaxtında səhər tezdən yolların bağlanmasına diqqət çəkirdilər.

Xarici işlər nazirinin müavini Andrey Melnik deyirdi ki, Rusiya işğalının birinci ildönümündə “sürpriz” hazırlanır.

Fevralın 21-də Baydenin Polşaya səfəri başlayır.

Ukraynanın hava məkanı bağlıdır, Qərb liderləri adətən Kiyevə dəmiryolu ilə gedirlər. Prezidentin Air Force One təyyarəsinin Avropada harayasa enməsi haqda məlumat yoxdur. Baydenin Ukraynaya necə getdiyi hələlik, aydın deyil.

Bu gün Ukraynada Qəhrəmanlar Günü qeyd olunur. 2014-cü ildə Müstəqillik meydanında snayperlər onlarla nümayişçini öldürüb. Bundan bir neçə gün sonra Maydan tərəfdarları qalib gəlib, rusiyapərəst prezident Viktor Yanukoviç ölkədən qaçıb.

Sonuncu dəfə Ukraynaya 2008-ci ildə ABŞ Prezidenti kiçik Corc Buş (George Bush)səfər edib. Bayden isə Barak Obama administrasiyası dövründə vitse-prezident kimi dəfələrlə Kiyevdə olub.

Rusiyanın işğalı başlayandan Ukraynaya səfər edən ən yüksək vəzifəli ABŞ rəsmisi Dövlət katibi Entoni Blinken (Anthony Blinken) idi.

+++

ABŞ Prezidenti Co Bayden (Joe Biden) administrasiyası Ukrayna hakimiyyətini əkshücumun təşkilini gecikdirməməyə çağırır. Bu haqda “Politico” nəşri yazıb.

Bu gün – fevralın 20-də Baydenin Polşaya səfəri başlanır. Səfər Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalının birinci ildönümünə təsadüf edir. Baydenin Ukraynaya yenidən qətiyyətli dəstək bildirəcəyi gözlənir.

“Politico” yazır ki, ABŞ rəsmilərinin çoxu hazırda cəbhədə vəziyyətin kritik fazaya daxil olduğunu düşünür. Onların fikrincə, Ukrayna əkshücumun təşkilini gecikdirməməlidir ki, payızda əldə etdiyi uğurları möhkəmləndirsin. Digər faktor isə zamanla bağlıdır. Vaşinqton narahatdır ki, hazırda Avropa ölkələrinin göstərdiyi dəstəyin səviyyəsi tədricən azala bilər, Ukraynya Qərb silahlarının axını zəifləyər.

Zelenski Baxmutdan çəkiləcəklərini istisna etmir

Prezident Volodimir Zelenski şənbə günü italyan mediasına deyib ki, Ukrayna “qısa müharibə”yə hazırlaşır və bu, qələbəylə bitməlidir. Kiyev üçünsə bu qələbə ölkənin beynəlxalq miqyasda tanınmış ərazisinin azad olunması deməkdir.

Zelenski Ukraynanın əkshücuma hazırlaşdığını da təsdiqləyib. O, yarım ildən çoxdur döyüşlərin getdiyi Baxmut şəhərindən Ukrayna qüvvələrinin çəkilə biləcəyini də deyib. Onun sözlərinə görə, Ukrayna Donetsk vilayətində yerləşən bu şəhəri müdafiə edəcək, “ancaq nəyin bahasına olursa, olsun, hamının həlak olması qarşılığında deyil”.

“Biz məntiqli olduqca vuruşacağıq. Rusiyalılar daha sonra Kramatorsk və Slavyansk, Donbas sərhədi boyunca, Dneprədək hücumu davam etdirmək istəyirlər, əgər bacarsalar”, – Zelenski vurğulayıb.

Bu ilin yanvarında bir sıra qərb ölkələri, o cümlədən ABŞ Ukraynaya tanklar verməyə hazır olduğunu bildiriblər. Ancaq tanklar hələ ki, verilməyib. “The Times” yazır ki, Kiyev müttəqiflərindən ümumilikdə 320 tank gözləyir, ancaq indilik, 50 döyüş maşını aprelin əvvəlinəcən cəbhə xəttinə çatacaq. Nəşr bu sayda tankın döyüşün gedişatına həlledici təsirinin gözlənmədiyini qeyd edir.

Rusiya hücumu davam etdirir

Kiyev fevralın 20-də Ukraynanın şərq və cənub hissələrində hərbi mövqelərin və dinc yaşayış məntəqlərinin atəşə tutulduğunu bildirib.

Zelenski fevralın 19-da Rusiyanın Donetskdə, Baxmut və Vuhledar ətrafında “qeyri-adi dərəcədə böyük” itkilər verdiyini deyib. “Vəziyyət çox çətindir”, – o, videomüraciətində vurğulayıb.

Hazırda Rusiyanın Kupyansk, Lıman, Baxmut, Avdiyevka və Şaxtar istiqamətlərində hücumları davam etdirdiyi bildirilir.

Dinc sakinlər arasında ölən və yaralananların olduğu deyilsə də, detallar açıqlanmayıb.

Ukrayna ordusunun ötən həftə yaydığı görüntülərdə Rusiyanın Vuhledar şəhəri ətrafında 30-dək zirehli texnika, o cümlədən tank, piyada döyüş maşınları itirdiyi görünürdü.

XS
SM
MD
LG