Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:32
Kiyevdə döyüşlər
Kiyevdə döyüşlər

Ukraynaya hücumun 5-ci günü

Belarusda Rusiya və Ukrayna nümayəndələrinin görüşü gözlənir.

Putin şərtlərini açıqlayır

"RİA Novosti" agentliyi Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla telefon söhbətində səsləndirdiyi şərtləri açıqlayıb. Məlumata görə, bu şərtlər Rusiyanın ilhaq etdiyi Krım üzərində suverenliyinin tanınması; Ukraynanın demilitarizasiya və denasifikasiyası; Ukraynanın neytral statusunun tanınmasından ibarətdir.

Putin Ukraynaya hücumunu da məhz "demilitarizasiya və denasifikasiyası" ilə əlaqələndirib. Qərb və Ukrayna rəhbərliyi bu iddiaları rədd edərək Rusiyanın hücumuna qarşı birləşib. Qərb Moskvaya sanksiyalar tətbiq edir.

Rusiya 2014-cü ildə Krımı ilhaq edərək Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 mindən çox insan öldürülüb.

Fevralın 22-də Ukraynanın şərqindəki separatçı Donetsk və Luqansk qurumlarını tanıyan Putin iki gün sonra bu ölkəyə hücuma başlayıb.

Makron Putinlə danışıb, Putin yenə də “vəd edib”

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində onu Ukraynadakı hücumu dayandırmağa çağırıb.

Reuters agentliyinin verdiyi xəbərə görə fevralın 28-də Makron habelə Putini Ukrayna mülkiləri üzərinə raket və artilleriya zərbələrindən çəkinməyə, mülki infrastrukturu dağıtmamağa, özəlliklə də Kiyev ətrafında yollara təhlükəsiz çıxış verməyə çağırıb.

Yelisey sarayından verilən məlumata görə Putin bu üç çağırışa əməl edəcəyini vəd edib və yaxın günlərdə Makronla əlaqə saxlayacağını deyib.

Əliyalın ukraynalılar Rusiya əsgərlərindən çıxıb getməyi tələb ediblər

Ukraynada Zaporojya vilayətinin Rusiya qoşunlarının nəzarətinə keçmiş Berdyansk şəhərində sakinlər etiraz aksiyasına çıxıblar.

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, sakinlər Rusiya əsgərləri tərəfindən dövrəyə alınmış şəhər administrasiyası binasının qarşısında mitinq keçiriblər.

Meydana yığılmış bir neçə yüz sakin “Berdyansk – Ukraynadır!” şüarı səsləndiriblər və Rusiya hərbçilərindən “rədd olub evlərinə getməyi” tələb ediblər.

Nəticədə hərbçilərin yük maşınına minib meydanı tərk etdikləri bildirilir.

Hadisənin şahidləri çəkdikləri videoları teleqram-kanalda paylaşıblar.

Ukraynada mümkün hərbi cinayətlər araşdırıla bilər

Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin prokuroru Kərim Xan deyib ki, təşkilat Ukraynada mümkün hərbi və bəşəriyyətə qarşı cinayətlərin istintaqına başlaya bilər.

Əslən britaniyalı Xan bildirib ki, komandasına bu təhqiqata başlanması üçün sübutların toplanması tapşırığını verib.

Bundan əvvəl Litva Belarusun və Rusiyanın Ukraynada mümkün hərbi cinayətlərinin araşdırılması üçün Haaqa məhkəməsinə müraciət etmişdi.

Litvanın baş naziri İnqrida Şimonite demişdi: “Putinin etdikləri qətldən başqa heç nə deyil və mən ümid edirəm ki, o Haaqa məhkəməsində olacaq”.

Davamı

XS
SM
MD
LG