Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:46
Kiyevdə döyüşlər
Kiyevdə döyüşlər

Ukraynaya hücumun 5-ci günü

Belarusda Rusiya və Ukrayna nümayəndələrinin görüşü gözlənir.

Ukrayna və Rusiya nümayəndələri arasında Ukrayna-Belarus sərhədində keçirilən danışıqlar başa çatıb.

Tərəflər danışıqların ikinci dövrəsindən əvvəl məsləhətləşmələr üçün Moskva və Kiyevə qayıdırlar.

Ukrayna prezidentinin mətbuat xidməti bildirib ki, tərəflər “qarşılıqlı məqbul həll yolunun tapılması perspektivi olan məsələləri detallı şəkildə müzakirə ediblər”.

Danışıqların ikinci dövrəsi Moskva və Kiyevlə məsələhətləşmələr başa çatdıqdan sonra keçiriləcək.

Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinski deyib ki, “tərəflər danışıqların davam etdirilməsi barədə razılığa gəliblər”.

Bu da qərara alınıb ki, növbəti dövrə Polşa-Belarus sərhədində keçirilməlidir.

Prezident Zelenskinin ofisindən verilən məlumatda deyilir ki, Kiyev ikinci dövrədən əvvəl atəşkəs elan edilməsinə və Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasına çalışacaq.

ABŞ Rusiyanın BMT-dəki diplomatlarını qovur

Bu arada Moskva bildirir ki, ABŞ Rusiyanın BMT missiyasındakı 12 diplomatının ölkədən qovulması barədə qərar qəbul edib.

ABŞ Missiyasının nümayəndəsi Oliviya Dalton deyib ki, diplomatların ölkədən çıxarılmasına dair qərardan əvvəl bir neçə ay müddətində bununla bağlı araşdırma aparılıb. O qeyd edir ki, Rusiya diplomatları casusluq fəaliyyətinə görə persona non grata elan ediliblər və onlara ABŞ-ı tərk etmələri üçün martın 7-dək vaxt verilib.

BMT-nin baş iqamətgahı ABŞ-ın Nyu-York şəhərində yerləşir.

Rusiya bildirib ki, ABŞ-ın bu qərarına cavab veriləcək.

Moskvanın bəyanatında deyilir ki, ABŞ-ın Rusiyanın BMT missiyasının diplomatlarının ölkədən çıxarılmana dair verdiyi izahat kafi deyil.

Aİ Rusiyanın ‘iqtidar jurnalistlərinə’ sanksiyalar qoyur

Avropa İttifaqı Ukraynada müharibəyə görə Kremlə yaxın “media mənsublarına” və biznesmenlərə qarşı yeni sanksiyalar elan edib.

Bu siyahıya Arkadi Mamontov, Tiqran Keosyan (RT-nin baş redaktoru Marqarita Simonyanın əri), Olqa Skabeyeva, Regnum agentliyinin baş redaktoru Modest Kolerov, NTV-nin əməkdaşı Roman Babayan və RT telekanalından Anton Krasovski daxil ediliblər.

Avropa İttifaqını yeni məhdudiyyətləri habelə yazıçı Zaxar Prilepinə, Putinin yaxın dostu kimi tanınan violençalan Sergey Rolduqinə tətbiq olunacaq.

Rüstəm Muradov da siyahıdadır

Qara siyahıya habelə biznes adamlarından Gennadi Timçenko, Rosneftin rəhbəri İqor Seçin, Transneftin başçısı Nikolay Tokarev, USM Holdings şirkətinin təsisçisi Əlişir Usmanov, Severstal şirkətinin sahibi Aleksey Mordaşov, Şeremetyevo hava limanının direktorlar şurasının sədri Aleksey Mordaşovun adları salınıb.

Aİ-nin sanksiyaları Rusiyanın bank sektorundan – Alfa-bankın direktorlar şurasının sədri Pyotr Avenin, bankın şəriki Mixail Fridman və Promsvyazbankın rəhbəri Pyotr Fradkovun üzərinə qoyulur.

Sanksiyalar habelə Rusiyanın hərbi rəhbərliyindən olanları hədəfləyir.

Aİ Rusiyanın Qara dəniz donanması komandanının birinci müavini Sergey Pinçuka, Cənub Hərbi Dairəsi komandanının müavinləri Aleksey AvdeyevRüstəm Muradova və Cənub Hərbi Dairəsi 8-ci ümumqoşun qvardiyasının komandanı Andrey Sıçova qarşı sanksiyalar irəli sürüb.

Sanksiyalar habelə Putinin sözçüsü Dmitri Peskova da tətbiq olunur.

Bayden deyib ki, amerikalılar nüvə hədəsindən narahat olmasınlar

ABŞ prezidenti Co Bayden bildirib ki, Amerika vətəndaşlarının nüvə müharibəsi səbəbindən narahat olmalarına əsas yoxdur.

ABŞ bunu da bildirir ki, Vaşinqton Rusiyanın fevralın 27-də özünün nüvə çəkindiricisini xüsusi hazırlıq vəziyyətinə gətirməsinə cavab olaraq, özünün nüvə hazırlığı planlarını dəyişdirməyi planlaşdırmır.

Ağ Evin sözçüsü Cen Psaki fevralın 28-də MSNB-yə müsahibəsində deyib:

"Biz öz xəbərdarlıq sistemimizi və bu məsələdə öz dəyərləndirməmizi dəyişdirməmişik. Amma biz onun (Putinin) nüvə hədəsindən necə istifadə etməsini də ayıq başla qiymətləndirməliyik”.

Ağ Evin bəyanatında deyilir ki, Vladimir Putinin nüvə hədəsindən məqsədi Ukraynaya qarşı davam edən təcavüzə haqq qazandırılmasıdır:

"Nüvə müharibəsində qalib gəlmək mümkün deyil və bu müharibə heç vaxt baş verməməlidir. Biz hesab edirik ki, nüvə silahı barədə təxribatçı ritorika təhlükəlidir və səhv riskini artırır. Bundan çəkinmək lazımdır və biz bu məsələ ilə manipulyasiya etməyəcəyik”.

Prezident Co Bayden fevralın 28-də ABŞ-ın müttəfiqləri və partnyortları ilə telefon danışıqları aparıb.

Bu telefon danışıqları zamanı nüvə təhlükəsinin hər vəchlə qarşısının alınmasının zəruriliyi vurğulanıb.

Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Polşa, Rumıniya və Britaniyanın liderləri Baydenin bu çağırışına qoşulduqlarını bildiriblər.

Interfaks agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir ki, Rusiya raket-nüvə qüvvələri, Şimal dənizi və Sakit okean donanmaları gücləndirilmiş döyüş növbəsi çəkirlər.

Davamı

XS
SM
MD
LG