Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 17:00

Rusiyanın erkən sülh planında niyyəti Ukraynanı neytral etmək yox, neytrallaşdırmaq olub


Kremlin təklifi baş tutsa idi, Ukrayna kiçik ordusu olan tərəfsiz ölkəyə çevriləcəkdi.
Kremlin təklifi baş tutsa idi, Ukrayna kiçik ordusu olan tərəfsiz ölkəyə çevriləcəkdi.

Tammiqyaslı müdaxiləsindən dərhal sonra danışıqlar zamanı Kremlin təklif etdiyi birtərəfli şərtlər Kiyevin təslim olması anlamına gəlirdi. AzadlıqRadiosunun rusdilli araşdırma layihəsi olan "Sistema" əldə etdiyi saziş layihəsini araşdırarkən bu fikrə gəlib. Kremlin təklifi baş tutsa idi, Ukrayna kiçik ordusu olan tərəfsiz ölkəyə çevriləcəkdi. Üstəlik, nə NATO dəstəyinə bel bağlaya, nə də nə vaxtsa Krım və Donbasa nəzarəti bərpa edə biləcəkdi. Bu azmış kimi, Donetsk və Luqansk bölgələrində nəzarətindəki əraziləri də savaşsız güzəştə gedəcək, inzibati əraziləri çərçivəsində hər ikisinin müstəqilliyini tanımalı olacaqdı.

Bütün bunlar Rusiya prezidenti Vladimir Putinin dəfələrlə dilə gətirdiyi savaşın gerçək məqsədlərini göstərir. AzadlıqRadiosunun müxbiri Yelizaveta Surnaçeva saziş layihəsini araşdırarkən bu qənaətə gəlib. "Sistema" bütövlükdə düşünür ki, dördüncü ilinə keçən və sanki sonu görünməyən müharibə gələn il, ya da sonra sülh danışıqlarının başlana biləcəyini də istisna etmir.

Kremlin 2022-ci il 7 mart tarixli, "Ukraynada durumun düzəlməsi və Ukraynanın tərəfsizliyi barədə" sülh sazişi layihəsi Rusiyanın şərtlərini əks etdirən ilk belə sənəddir.

"Sistema"nın əldə etdiyi sənədin həqiqiliyini danışıqlardan bilgili bir Ukrayna və bir Rusiya qaynağı da təsdiqləyib.

Həmin danışıqlar iki il öncə fevralın 28-də Rusiya qoşunlarının Ukraynanın cənub, şərq və şimalındakı bir sıra əraziləri işğal edib paytaxt Kiyevə irəlilədiyi vaxt başlanıbmış.

Proses tərəflər arasında çözülə bilməyən mübahisəli məsələlər yaranandan, Buçadakı vəhşiliklər üzə çıxandan və, nəhayət, işğalçılar Ukraynanı təslim olmağa məcbur edə bilməyəndən sonra elə həmin il aprelin sonunda dayanıb.

"Tərəfsizlik yox, tərəfsizləşdirilmə"

Ukrayna Rusiyanın şərtlərindən birini - ölkənin neytral statusu barədə şərtini qəbul etməyə yaxın idi. Ancaq ekspertlərin fikrincə, Putinə tərəfsiz Ukrayna gərək deyildi. Onun niyyəti müstəqil ölkə kimi Ukraynanı özünü qorumaq qabiliyyətini məhv etmək idi.

"Sənəd elə tərtib edilmişdi ki, sanki hücum edən tərəf Ukraynadır və bu ölkə savaş meydanında yenilir. Əlbəttə, bu gerçəyi əks etdirmirdi",- Beynəlxalq Sülh naminə Karneqi Fondunda Rusiya və Avrasiya Proqramının aparıcı əməkdaşı Erik Çiaramellanın sözləridir. O, fikrini belə bitirib: "Danışıqlar aparmaqdan ötrü bunun gerçək bir həmlə olduğunu demək çətindir, axı bu şərtləri heç bir ukraynalı qəbul etməyəcəkdi".

Digər şərtlər də vardı: Ukrayna orduda əsgər sayını savaşöncəsi dövrlə müqayisədə beş dəfə azaldaraq 50 min nəfərə endirməli idi. Ölkədə 250 km-dən uzaq məsafəyə uçan raketlərin istehsal və istifadəsi yasaqlanacaqdı. Üstəlik, Rusiya gələcəkdə də Ukraynanın istifadə edə biləcəyi digər silahlara qadağa tətbiq edə bilərdi. Krımın ilhaqı, Donbasda müharibəni qızışdırmağa görə Ukrayna və Qərbin Rusiyaya tətbiq etdiyi bütün sanksiyaların qaldırılması da Kremlin şərtlərinə daxil idi. Krim, Donetsk və Luqanskın müstəqilliyini məcburən tanımalı olacaq Ukrayna, üstəlik, oradakı yenidənqurma işlərini maliyyələşdirməli idi.

Ukrayna və Rusiyanın danışıqçılar heyəti Belarusun Belovej meşəsində görüşür. 7 mart 2022
Ukrayna və Rusiyanın danışıqçılar heyəti Belarusun Belovej meşəsində görüşür. 7 mart 2022

Saziş imzalansa idi, Ukrayna həssas duruma düşəcəkdi

Rusiya ordusu ölkədən çıxmayacaq, rəsmi Kiyev özünü qorumaq və ya Qərbdən dəstək almaq hüququndan məhrum ediləcəkdi.

Danışıqların sonuna yaxın cəbhədəki durum Ukraynanın xeyrinə dəyişəndə tərəflər Ukrayna üçün Qərb ölkələrinin də təklif etdiyi güvənlik təminatlarını müzakirə edirdi. Bununla belə, bu təminatların gerçəkləşdirmə mexanizmi tərəflər arasında əsas fikir ayrılığına səbəb oldu.

"The New York Times"da bu ilin əvvəlində -martın 17-də və aprelin 15-də dərc edilən sülh sazişi layihələrinə görə, tərəflər bəlli məqamlarda uzlaşma nöqtələri tapa bilsələr də, önəmli istiqamətlərdə dəyişikliklər çox cüzi idi. Məsələn, Ukraynanın NATO-ya daxil ola bilməməsi tələbi vardı. Bunu nə rəsmi Kiyev, nə də onun Qərb tərəfdaşları qəbul etməyəcəkdi: "Saziş imzalansa idi, onun aprel ayındakı son şəkli Ukraynanın uduzmasının yumşaq versiyası anlamına gələcəkdi".

Rusiya Belovej meşəsində başlanan və İstanbulda bitən uğursuz danışıqlardan indiyədək səsləndirdiyi şərtləri aqressiv şəkildə yenidən dilə gətirib. 2022-ci ilin sentyabrında Putin bildirmişdi ki, Ukraynanın Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələri Rusiyanın ayrılmaz hissələridir. Buraya həmin bölgələrin rəsmi Kiyevin nəzarətindəki əraziləri də daxil edən Rusiya prezidenti hər hansı sülh danışığında bunun başlıca şərtlərdən biri olacağını söyləmişdi.

XS
SM
MD
LG