Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:34

Donetsk atəş altında. Ukrayna Xersonda irəlilədiyini deyir


Donetsk vilayətindəki Baxmut şəhəri
Donetsk vilayətindəki Baxmut şəhəri

Britaniyanın Müdafiə Nazirliyi Donetsk aeroportu yaxınlığındakı Piski kəndində ağır döyüşlərin getdiyini bildirir

Ötən gecə Ukraynanın şərqi Donetsk vilayətinin intensiv atəşə tutulduğu bildirilir. Kiyev rəsmiləri isə cənubdakı Xerson vilayətində bəzi yerləri geri ala bildiklərini deyirlər.

Prezident Volodimir Zelenki avqustun 14-də gecə çıxışında deyib ki, Rusiya qüvvələrinin ağır və davamlı bombardmanına baxmayaraq, “bütün səviyyələrdə və bütün cəbhələrdə savaşmalı, dövlətimizi mümkün qədər gücləndirməli, birliyimizi saxlamalı, antimüharibə koalisiyamıza daha çox ölkə cəlb etməliyik”.

Ukrayna ordusu bir neçə həftədir cənubi Xerson vilayətinin geri alınması üçün əkshücuma hazırlaşır. 2014-cü ildə Moskvanın ilhaq etdiyi Krımla sərhədə yerləşən bu vilayəti müharibənin əvvəlində rusların əlinə keçib.

Britaniyanın Müdafiə Nazirliyi Donetsk aeroportu yaxınlığındakı Piski kəndində ağır döyüşlərin getdiyini bildirir. Qurum Moskvanın bu vilayəti Rusiyanın tərkibinə qatmaq üçün ilkin referendum hazırlığı gördüyünü qeyd edir.

“Kreml ordunun indiyədək Donetsk vilayətinin bütünlükdə tuta bilməməsini özünün Ukraynadakı maksimalist məqsədlərinə maneə hesab edəcək”, – nazirlik Twitter-də bəyanatında bildirib.

42 ölkə Rusiyanı Zaporojye AES-dən əsgərlərini çıxarmağa çağırır

Dünyanın 42 ölkəsi bəyanat imzalayaraq Rusiyanı Ukraynanın Zaporojye AES-dən silahlı qüvvələrini çıxarmağa çağırıb. Bəyanatda həmin qüvvələrin AES-də varlığının “böyük təhlükə” yaratdığı vurğulanır.

Nüvə insidentləri riski...

Bəyanat avqustun 14-də Avropa İttifaqının vebsaytında yerləşdirilib. Onu imzalayanlar Rusiyanın Ukraynaya səbəbsiz işğal etməsini pisləyərək qeyd edirlər ki, Avropadakı ən böyük AES-də Rusiya hərbi qüvvələrinin olması hökumətin nüvə və radiasiya təhükəsizliyi öhdəliklərinə əməl etməsinin qarşısını alır.

“Rusiyanın işğalı və onun Ukraynanın nüvə obyektlərində davamlı qalması nüvə insidentləri və qəzaları riskini əhəmiyyətli dərəcədə artırır”, – bəyanatda deyilir.

Ukrayna Prezidenti Volodimir Zelenski həftəsonu xəbərdarlıq edib ki, AES-in atəşə tutulması radiasiya sızması riskini artırır. Rusiya stansiyada əsgərlərinin olmasını inkar etməsə də ərazinin atəşə tutulması haqda deyilənləri rədd edir. Əvəzində Moskva Ukrayna qüvvələrini ərazini artilleriya atəşinə tutduğunu deyir, Kiyev isə bunu təkzib edir.

BMT-nin çağırışı

Zaporojye AES-də vəziyyət BMT-ni, onun Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) təlaşlandırıb. Hər iki qurum bildirib ki, BAEA müfəttişləri stansiyaya buraxılmalıdır. BMT-nin Baş katibi Antonio Quterreş stansiya ətrafında hərbsizləşdirilmiş zona yaratmağa çağırıb.

“Nüvə obyektində Rusiya hərbi heyəti və silahlarının yerləşdirilməsi qəbuledilmizdir, təhlükəsizlik prinsipləri gözardı olunur”, – bəyanatda deyilir.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya qərbin sərt sanksiyaları ilə üzləşib. Müharibənin ilk günlərində paytaxt Kiyevi və şimal əraziləri ələ keçirə bilməyən Moskva sonradan şərqi Donbas vilayətinin tam ələ keçirilməsinə fokuslanıb.

XS
SM
MD
LG