Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:56

Araşdırma: Rusiyalı komandirlər öz əsgərlərini necə edam ediblər?


6-cı motoatıcı diviziyasının komandiri Marat Ospanov
6-cı motoatıcı diviziyasının komandiri Marat Ospanov

Qərb hərbi dairəsindəki Rusiya ordusu 6-cı motoatıcı diviziyasının komandiri Marat Ospanov tabeliyində olan hərbçilərin saxlanması və onlara işgəncə verilməsini əmr edib.

Ukraynanın Suspilne araşdırma saytının yazdığına görə işgəncə faktının gizlədilməsi üçün azı 7 hərbi qulluqçu öldürülüb.

Jurnalistlər qətl hadisəsi barədə məlumatı Rusiya İstintaq Komitəsinin diviziya komandanlığına qarşı açdığı cinayət işindən öyrəniblər.

Onlar hərbçilərin həlak olmasını açıq mənbələrlə dəqiqləşdiriblər və həlak olanların qohumları ilə söhbət ediblər.

Sayt yazır ki, 6-cı diviziyanın hərbçiləri onlarla pis rəftardan hələ 2023-cü ilin yazında şikayətçi olublar.

Bu diviziyanın qərargah rəisi polkovnik Marat Ospanov tabeçiliyində olan hərbçilərin saxlanması barədə əmri həmin ilin mayında verib.

Təhqiqatçılar iddia edirlər ki, Ospanov öz müavini polkovnik Stanislav İvanisova hərbçilərin saxlanmasını, daha bir müavini polkovnik Yevgeni Malışkoya isə onların qətlini tapşırıb.

İşgəncələrin izini itirmək üçün

Rusiya müstəntiqlərinin apardığı bu işdə 19 zərərçəkən var. Onlar müxtəlif vaxtlarda Luhansk vilayətində evlərin zirzəmilərində saxlanıblar.

Onların saxlandıqları yerdə nə ayaqyolu, nə də yataqlar olub. Onların su və qida qəbulu məhdudlaşdırılıb.

Onlardan 11 nəfəri 2023-cü ilin sentyabrında, cinayət işi qaldırıldıqdan sonra azad edilib. Daha bir zərərçəkən – İlya Borisov cəbhə xəttinə göndərilib və orada yaralanıb.

Jurnalistlər deyirlər ki, Borisovu digər 7 yoldaşı ilə birlikdə qətlə yetirilməkdən elə bu xilas edib.

Ospanov qalan 7 nəfəri “islah edilmələri mümkün olmayanlar” kimi səciyyələndirib.

Stanislav İvanisov ailəsi ilə
Stanislav İvanisov ailəsi ilə

Sayt istintaq materiallarına istinadla yazır ki, Marat Ospanov 2023-cü ilin iyulunda 7 Rusiya hərbçisinin öldürülməsini əmr edib.

Bunlar – 1307 saylı motoatıcı alayının kapitanları Nikolay KozlovskiYuri Snıtnikov, serjantlar Artur Qalimovİqor Kolomiytsev, yefreytor Aleksey Aver, 1008-ci alayın leytenantı Valeri Qruşetski və 1486 saylı alayın baş leytenantı Artyom Fadeeyevdir.

Müstənqitlərin ehtimalına görə bu hərbçilər işgəncə faktlarının izinin itirilməsi üçün qətlə yetiriliblər.

Yevgeni Malışko
Yevgeni Malışko

Edam

Ospanov edamı Malışkoya tapşırıb, o isə bu işin icrasına mayor Yevgeni Boriskini, çavuş Yevgeni Çukanovu və baş çavuş Gennadi Murını və baş serjant Roman Timonini cəlb edib.

Qeyd edilir ki, onları iyulun 4-də səhər saat 4-də zirzəmidən çıxararaq UAZ Patriot markalı maşında Donetsk vilayətinin Baxmutskoye kəndinə gətiriblər.

İstintaq materiallarında deyilir ki, hərbçilər burada bir evin zirzəmisini seçiblər və 7 nəfəri bura saldıqdan sonra zirzəmiyə azı 5 ədəd F-1 qumbarası atıblar. Qumbaralar partlayandan sonra Boriskin vəziyyəti öyrənmək üçün zirzəmiyə enib və partlayışdan sağ qalanları güllələyib.

Materiallarda deyilir ki, Boriskin can verənlərə azı 7 güllə atıb. Bundan sonra meyitləri maşına yükləyərək od vurublar.

Yevgeni Çukanov arvadı Viktoriya ilə
Yevgeni Çukanov arvadı Viktoriya ilə

2024-cü ilin mart ayında Ospanova və başqalarına qarşı xidməti səlahiyyətlərini aşma, azadlıqdan qanunsuz məhrum etmə və qətl maddələri ilə ittihamlar irəli sürülüb.

“Yazdığım məktublar geri qayıdırdı...”

Ospanovun arvadı İrina jurnalistlərə deyib ki, əri iyulun 4-dək Donetsk xəstəxanasının psixiatriya şöbəsində saxlanacaq. Orada ona diaqnoz qoyulmalıdır. Borisov isə iddia olunan qətldən iki həftə sonra cəbhədə həlak olub, ölümündən sonra “İgidliyə görə” və “Mərdliyinə görə” ordenləri ilə təltif olunub.

Həlak olmuş Artur Qalimovun anası Zulfiya jurnalistlərə deyib ki, oğlu ilə son dəfə telefonda 2023-cü ilin iyununda danışıb. Rusiya hüquq-mühafizə orqanları qadınla heç bir əlaqə saxlamayıblar. Ananın oğlu haqqında hələ də məlumatı yoxdur:

"Sadəcə dedilər ki, itkin düşüb. Mən onların Rostovdakı komandanlığına zəng etdim. Onlar da deyirdilər ki, oğlunuz itkin düşüb. Yazdığım məktublar geri qayıdırdı...”

Valeri Qruşetskinin anası Raisa oğlu ilə son dəfə 2023-cü ilin mayında danışıb. Ana daha sonra oğlunun xidmət etdiyi hərbi hissəyə gedib. Ona deyiblər ki, oğlu döyüşlərdədir və onunla heç bir rabitə yoxdur. Komandanlıq daha sonra Qruşetskinin itkin düşdüyünü və nəhayət həlak olduğunu bildirib.

Ananın sözlərinə görə oğlunu 2022-ci ildə səfərbərliyə alıblar və elə ilk gündən onu aldadıblar. Bir gözünün kor olmasına baxmayaraq, onu əsgəri xidmət əvəzinə ön cəbhəyə göndəriblər:

“Amma mən hər halda deyirəm ki, bəlkə sağdır. Bəlkə indi hardasa oturub. Cənazəsini gətirməyincə, mənə yüz faiz sübut etməyincə mən onun hələ də sağ olduğuna inanacağam”.

XS
SM
MD
LG