Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:21

Daha bir rusiyalı milyarder vətəndaşlıqdan imtina edir


Yuri Milner (solda) və britaniyalı alim Stefen Hokinq Londonda, 2015-ci il
Yuri Milner (solda) və britaniyalı alim Stefen Hokinq Londonda, 2015-ci il

Daha bir rusiyalı milyarder Moskvanın Ukraynaya qarşı hərbi təcavüzü fonunda Rusiya vətəndaşlığından çıxıb.

Yuri Milner oktyabrın 11-də tvitində yazıb ki, Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq edəndən Rusiyadan gedib, indi isə ölkəsiylə əlaqələri daha da kəsir.

“Ailəmlə birlikdə 2014-cü ildə Rusiyadan birdəfəlik çıxdım. Bu yay isə Rusiya vətəndaşlığından imtina prosesini tamamladım”, – Milner yazıb. O, detalları açıqlamayıb.

ABŞ-a köçüb

60 yaşlı milyarder DST Global investisiya şirkətinin həmtəsisçisidir, 1999-cu ildə İsrail vətəndaşlığı alıb.

Rusiyadan gedəndən sonra bir neçə il İsraildə yaşamış Milner sonradan Birləşmiş Ştatlara köçüb.

Varidatı 7.3 milyard dollar olan Milner Moskva fevralın sonunda Ukraynaya qarşı tammiqyaslı təcavüzə başlayandan Rusiya vətəndaşlığından imtina edən üçüncü milyarderdir.

Milnerin vebsaytında qeyd edilir ki, o, 2014-cü ildən Rusiyaya getməyib, orada aktivləri yoxdur, şəxsi sərvətinin 97 faizi ölkədən kənarda qazanılıb, Prezident Vladimir Putinlə “nə fərdi, nə də qrup şəklində görüşüb”.

Rusiyalı biznesmenlərin xahişi

“Forbes” jurnalı apreldə yazırdı ki, Rusiyaya bağlı bir neçə biznesmen redaktorlardan onları rusiyalı biznesmen adlandırmamağı xahiş edib. Məlumata görə, Qərb Rusiyaya sanksiyalara qoyandan belə müraciətlərin də sayı artıb.

Ötən ay “Troika Dialog” investisiya bankının keçmiş başçısı və səhmdarı Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib. O, Ermənistan pasportu olduğunu, Azərbaycanın Qarabağ regionuna köçdüyünü bildirib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb.

İyunda isə “Freedom Finance” investisiya şirkətinin təsisçisi Timur Turlov Rusiya vətəndaşlığından imtina edib, ailəsi ilə birlikdə 10 ildən çox yaşadığı Qazaxıstanın vətəndaşlığını aldığını deyib.

XS
SM
MD
LG