Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:40

Rəqəmsal detoksun 5 yolu


Hər dəfə əlinizi telefonunuza uzadanda "nə üçün" sualını verin
Hər dəfə əlinizi telefonunuza uzadanda "nə üçün" sualını verin

Jurnalist və publisist Blake Snow 2017-ci ildə yazdığı "Log Off" (Çıx) adlı kitabda internetdən istifadəni məhdudlaşdırmağın yollarını bölüşür.

"Mən iş günlərində 11 saat, şənbə günləri yarım gün işləyirdim. Qalan vaxtın əksər hissəsində isə iş haqqında düşünürdüm", - Blake Snow öz kitabında yazır.

Bu kitabda texnologiya ilə daha yaxşı münasibətlər qurmaqla bağlı faydalı məsləhətlər verilir. Daha dəqiq desək, Blake iş-asudə vaxt balansı sarıdan üzləşdiyi çətinlikləri internetdən, xüsusən də smartfondan istifadə ilə əlaqələndirir. Ancaq bir neçə üsulla rəqəmsal detoks edəndən sonra başqalarının da onun təcrübəsindən yararlana biləcəyini düşünür.

"Psychology Today" jurnalı kitabdakı tövsiyələrdən bir neçəsini oxucularına təqdim edib.

1. Diqqət yayındırıcılarını ləğv edin

Blake enerjimizi yönləndirməli olduğumuz dörd əsas sahəni göstərir. Bunlar ailə, dostlar, sağlamlıq və işdir. Bu dörd sahə üçün mühüm olmayan hər şey ləğv edilməlidir. "Bu o deməkdir ki, hər hansı siqnallara, bildirişlərə ehtiyac yoxdur. Təcili hallar üçün səsli mesajlar qala bilər", - o yazır. Ancaq Blake qeyd edir ki, əksər təcili hallar, sadəcə, təxəyyülün məhsuludur. Diqqət yayındırıcılarını ləğv etməklə biz, əslində, vacib olan şeylərə fokuslanır, vaxtdan daha səmərəli istifadə edirik.

2. Məşğulluğu qlamurlaşdırmayın

Bəzi mədəniyyətlərdə insanlar məşğul olmaqları ilə fəxr edirlər. Blake qeyd edir ki, "Mən çox məşğulam!" əslində, sadəcə, həyatımızı yaşamağın yolları ilə bağlı çətin seçimlər etmək cəhdidir. Çünki həyatda bizi həqiqətən xoşbəxt edəcək şeyləri etməkdənsə məşğul qalmaq daha rahatdır. Üstəlik, internet "məşğul" qalmağı çox asan edir. Buna görə də məşğulluğu qlamurlaşdırmamağa çalışın. Bunu edən zaman vaxtınızı necə keçirməklə bağlı seçimləriniz haqda düşünə bilərsiniz.

3. Hər dəfə əlinizi telefonunuza uzadanda "nə üçün" sualını verin

Əlbəttə, smartfonlarımız suallarımıza cavab tapmaq, dostlarla əlaqə saxlamaq və hətta saata baxmaq üçün rahat vasitədir. Ancaq çox vaxt biz telefonumuzdan diqqəti yayındırmaq, hansısa vacib işdən qaçmaq, yaxud hal-hazırda qarşımızda baş verən şeylərə əhəmiyyət verməmək üçün istifadə edirik.

"Mən həqiqətən düşünürəm ki, telefonumuzu cibimizdə saxlamaq bizim edə biləcəyimiz ən cəsarətli hərəkətlərdən biridir", – Blake öz kitabında yazır. Qorxumuzu basmaq üçün, yaxud bəlkə də bir qrup insanın arasında özümüzü tənha hiss edərkən telefonu təhlükəsizlik yorğanı kimi görməsək, real vaxtda olmağı və yaşadığımız ana görə şükür etməyi öyrənə bilərik.

4. Üçə bölmək qaydası

Həyatınızı üç yerə bölün - 8 saat iş, 8 saat yuxu, 8 saat asudə vaxt. Bundan daha çox işləmək bizi daha məhsuldar etmir. Ağılla işləsək və vaxtı boş saxlasaq, beynimiz iş vaxtını daha effektiv işlətməyimizə kömək edəcək. Tədqiqatlar göstərir ki, həftədə 40 saatdan artıq təkrar hərəkətlərdən ibarət iş görmək məhsuldarlığı azaldır. Yaradıcı insanlarda isə bu, 20 saatdır. Buna görə də özünüzü smartfonunuzdan asılı hala salsanız, məhsuldarlığınızı azaltmış olacaqsınız.

5. Dövri olaraq elektron cihazlardan imtina edib "oruc" tutun

Blake deyir ki, onun ailəsi bir dəfə yazda, bir dəfə də payızda bütöv bir həftəni elektron cihazlar olmadan keçirir. Bu üsuldan istifadə edənlər onun müsbət təsirlərini qeyd edirlər. İlk vaxtlar qorxulu, qeyri-mümkün görünsə də, bu növ oruc sizin başqa insanlar və özünüzlə bağlanmağınıza yardım edir. Bu isə çox gözəl və lazımlı təcrübədir.

"Psychology Today" jurnalı xoşbəxt həyat sürməyin yolları haqda daha çox öyrənmək üçün berkeleywellbeing.com saytını tövsiyə edir.

XS
SM
MD
LG