Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:24

Səhiyyə Nazirliyi etiraf edir ki, bəzən analar süni qidalara yönəldilir


Ana və körpə
Ana və körpə

«Neonatoloqlar, başda şöbə müdirləri olmaqla, maddiyyat qarşılığında uşağın həyatının ilk günündən valideynlərə süni yemək aldırırlar». Belə bir iddia ilə bugünlərdə pediatr Aytən İsmayılzadə çıxış edib. O, birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək problemin həllinə yardım göstərməsini istəyib.

Pediatr istər dövlət, istər özəl doğum evlərində, demək olar, əksər yeni doğulan körpələrə ilk gündən süni qida verildiyini bildirir. A.İsmayılzadə analara doğru əmizdirmə barədə yetərincə bilgi verilmədiyini, əmizdirmə üzrə məsləhətçilərin şöbəyə, analarla görüşə buraxılmadığını iddia edir.

O, yeni doğulmuş körpənin ilk saatlarda ana südüylə qidalanmasının vacib olduğu halda, ən azı 3 gün süni qida verildiyini, bunun sonradan fəsadlar yaratdığını vurğulayır: «Uşaqlar ana südündən imtina edir, həzm problemləri yaşayır, allergik vəziyyətlərlə tez-tez rastlaşırlar. Ana tərəfdən də bir sıra həm psixoloji, həm fiziki narahatlıqlar baş verir».

A.İsmayılzadə təkliflərini də verir: doğum şöbələrinə süni qida girişi qadağan olunmalı, yersiz süni qida təyin edən həkimə cəza verilməli, xəstəxanalarda əmizdirmə üzrə məsləhətçilər üçün yer ayrılmalı, süd bankları yaradılmalıdır.

Gənc ana: «Nə qədər çalışsam da, körpə ana südünə yaxın durmadı»

Bir neçə il öncə 6 saylı Doğum Evində - Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda ilk övladını dünyaya gətirən Elnarə Həsənova da ilk günlərdən körpəsinə süni qida verildiyini söyləyir: «Uşağı əmizdirməkdə çətinlik çəkirdim. Təcrübəsizdim, gənciydim. O zaman tibb bacılarından yardım edən də olurdu, uşaq kimi danlayan da. Deyirdilər: «Ana olmusansa, uşağı əmizdirməyi də bacarmalısan». Uşaq ac qalmasın deyə, ailə üzvlərimizə konkret yemək adı demişdilər, onu aldırırdılar. Ona görə xəstəxanadan çıxanda nə qədər çalışsam da, körpə ana südünə yaxın durmadı».

E.Həsənova deyir ki, bəlkə də əmizdirmə üzrə məsləhətçilər olsaydı, bu çətinlikləri yaşamazdı. Onun sözlərinə görə, ikinci övladı dünyaya gələndə ana südündən imtina etməsin deyə, körpəni ilk gündən əmizdirib: «Birincidə təcrübəsizdim. Məni başa salan da olmadı. Oğlumun ana südü yeməməsinə elə təəssüflənirəm ki... Uşaq tez-tez xəstələnir, bəzən deyirlər, ana südü yesəydi, belə olmazdı. Bəlkə belədir, bəlkə də yox...».

Ana yeni doğulan uşağı ilə.
Ana yeni doğulan uşağı ilə.

Perinatal Mərkəzin baş həkimi: «Məcburiyyət qarşısında qalanda süni qida verilir»

AzadlıqRadiosu E.Həsənovanın dediklərinə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan münasibət öyrənə bilməyib. Amma Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova ilə danışıb. Onun qənaətincə, vəziyyət deyildiyi kimi acınacaqlı deyil. Direktorun sözlərinə görə, əhali özü məlumatlıdır və körpəni ana südü ilə qidalandırmağa üstünlük verir: «Amma bəzən ana xəstə olanda və yaxud uşaq yarımçıq doğulanda məcburiyyət qarşısında qalıb süni qida verilir. O da ciddi göstəriş əsasında olur. Bu situasiyanı belə tragediyalaşdırmağa əsas yoxdur. Özü də, məndə olan məlumata görə, Aytən İsmayılzadə özəl müəssisədə çalışıb, bir gün də dövlət xəstəxanasında işləməyib ki, burdakı ab-hava haqda danışsın. Bəlkə süni qidaların verilməsi özəl sektora aiddir?».

S.Məmmədova dövlət komissiyasının, Səhiyyə Nazirliyinin tez-tez xəstəxanalarda yoxlama apardığını, 10 ildən artıqdır UNICEF-lə birgə ana südü ilə qidalandırma yönündə proqram həyata keçirildiyini, valideynlərlə gizli monitorinqlər aparıldığını da söyləyir. «Bəs dövlətin gördüyü iş hara getdi?», – deyə o, sual edir.

Pediatrın təkliflərinə gəlincə, direktor süd bankının yaradılmasına ehtiyac görmür. Səbəbini də Azərbaycanda, adətən, qadınların gənc yaşda ailə qurmaları ilə izah edir: «Süd bankı o ölkələrdə aktualdır ki, daha çox QİÇS (AIDS) tüğyan edir, cinsi yolla keçən infeksion xəstəliklər yayılır, hepatitlər var, qadınlar gec ailə qurur, o qoca süd vəziləri süd ifraz etmək imkanında olmur, uşaqların çoxu süni mayalanma ilə doğulur. Mən keçən il Frankfurtda oldum, orda aparıcı, yüksək səviyyəli Tibb Universitetində 10-günlük praktika keçdim. Onlar süd bankına mənfi rəy verdilər. Süd sterilizə edilmədiyindən müəyyən mikroblar, viruslar körpəyə keçə bilər».

Doğum evi
Doğum evi

Səhiyyə Nazirliyi də etiraf edir: «Bəzən anaları süni qidalara yönəldənlərə də rast gəlinir»

A.İsmayılzadənin müraciətindən bir neçə gün sonra – sentyabrın 27-də Səhiyyə Nazirliyi məlumat yayıb. Pediatrın adı çəkilmir. Amma nazirlik etiraf edir ki, «bəzən anaları süni qidalara yönəldənlərə də rast gəlinir».

Bildirilir ki, hər hansı tibbi göstəriş yoxdursa, körpələrə süni qidaların verilməsi körpənin fiziki və psixi inkişafına, həmçinin ananın sağlamlığına mənfi təsir göstərir.

Yeni doğulan körpələrə ilk gündən süni qida verilməsinin Səhiyyə Nazirliyini, o cümlədən neonatal komissiyanın ekspertlərini də narahat etdiyi qeyd olunur. «Süni qida qəbulu adi hala çevrilməməlidir», – nazirliyin açıqlamasında deyilir.

Həmçinin tövsiyə olunur ki, «doğum evlərində körpənizin yalnız ana südü ilə qidalandırılacağını qətiyyətlə tələb edin. Yeni doğulmuş körpənizin həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırın! Ana südü ilə qidalandırmanı dayandırmaq haqda uşağın 1-2 yaşından tez düşünməyin».

A.Qeybulla: «Anaların özlərinin qidalanması adekvat olmadığından...»

Tibb elmləri doktoru, professor Adil Qeybulla başqa məqama diqqət çəkir. O, bu gün ölkədə ərzaq məhsullarının keyfiyyətsiz olduğunu vurğulayır: «Anaların özlərinin qidalanması adekvat olmadığından onların südü də uşaq üçün yetərli deyil, keyfiyyəti aşağıdır».

Bununla belə, professor ana südünün əvəzsiz olduğunu, ilk günlərdə və hətta ilk aylarda uşağa verilməsinin vacibliyini qeyd edir. O da ana südü çatışmadıqda və ya olmadıqda süni qida verilməsinə ehtiyac yarandığını söyləyir.

XS
SM
MD
LG