Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:34

Saakaşvili deyir ki, onu öldürmək istəyirlər


Mixeil Saakaşvili xəstəxanada
Mixeil Saakaşvili xəstəxanada

Gürcüstanın hazırda məhbus olan keçmiş prezidenti Mixeil Saakaşvili iddia edib ki, onun qətli məqsədi ilə rəsmilərin və başqalarının getdikcə genişlənən qəsd planı var.

O bununla bağlı fevralın 22-də sosial media vasitəsilə müraciət edib və dünyanı bu “cinayətkar dəstənin” “şər niyyətinin” qarşısını almağa çağırıb.

55 yaşlı Saakaşvili deyib ki, onun hazırda olduğu Viva-Med klinikasında keçirilmiş mətbuat konfransında “onun vəziyyətinin ciddi olduğu, getdikcə pisləşdiyi və klinikanın nəsə etmək gücündə olmadığına” dair səslənmiş bəyanatdan başqa bütün deyilənlər yalandır:

"Biz hazırda mənim qətlim üçün keçirilən xüsusi əməliyyatın son mərhələsindəyik və bu qəsddə “millət vəkilləri”, “jurnalistlər”, indi isə klinikanın özü iştirak edir. Mən Gürcüstana və dünyaya müraciət edirəm. Bu cinayətkar dəstənin şər niyyətlərinin həyata keçməsinə yol verməyin”.

Bundan əvvəl

Keçmiş prezident sağlamlıq durumunun son dərəcə ağır olması və lazımi müalicədən məhrum edilməsi barədə dəfələrlə bəyanatlar verib.

Bundan əvvəl Tbilisidə keçirilən məhkəmə Saakaşvilinin cəza çəkməsinin təxirə salınması və ona Avropa klinikalarından birində müalicə olunmaq imkanı verilməsinə dair vəsatəti rədd edib.

Hakim Giorgi Arevadze deyib ki, 15 dinləmə zamanı gətirilən arqumentlər sözü gedən vəsatəti əsaslandıra bilməyib.

Bu məhkəmə qərarından sonra tərəfdarları tərəfindən yayılan bəyanatda deyilirdi ki, Saakaşvili bu qərarı onun üçün “ölüm hökmü” adlandırıb.

Xatırlatma

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakaşvili vəzifə səlahiyyətlərinin aşılması ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Müxalifət bu ittihamın siyasi motivli olduğunu bildirir.

Saakaşvilinin müalicə həkimləri bildiriblər ki, 2021-ci ilin oktyabrında həbsxanaya salınandan bəri onun səhhəti kəskin pisləşib.

Dekabrın əvvəllərində Saakaşvilinin vəkilləri onun səhhəti barədə tibbi arayış yaymışdılar.

Bu arayışda keçmiş prezidentin ağır metallarla “zəhərləndiyi” iddia olunur və onun xaricdə müalicə edilməzsə ölə biləcəyinə dair xəbərdarlıq edilirdi.

Lakin Gürcüstan rəsmiləri onun öz səhhətinə bilərəkdən ziyan vurduğunu və azad olunmaq məqsədilə özünü xəstəliyə qoyduğunu deyirlər.

XS
SM
MD
LG