Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:00

Saakaşvilidən Paşinyana məsləhət: 'Azərbaycanla sülh müqaviləsini dərhal imzalayın'


Mixeil Saakaşvili
Mixeil Saakaşvili

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili X platformasında yazdığı postla Ermənistanın baş naziri Nikol Paşinyana Rusiya prezidenti Vladimir Putin tərəfindən təhlükələr barəfə xəbərdarlıq edib.

Keçmiş prezident yazır ki, "Paşinyan hakimiyyətə xalq etirazları ilə gəlib, bu isə Putinin terminologiyası ilə rəngli inqilabdır”.

2021-ci ildən bəri Gürcüstanda həbsdə olan Saakaşvili Paşinyana müraciətlə yazır:

“Mənə inanın, Siz onun nə qədər qılığına girsəniz də, sədaqət andı içsəniz də, o Sizi bağışlamayıb və heç vaxt bağışlamayacaq. İllah da Sizin bu yaxınlarda səsləndirdiyiniz bəyanatlardan, siyasi gedişlərinizdən və xüsusilə də Roma statutunun ratifikasiyasından sonra. O Sizin qatı düşməninizdir və Sizi devirmək üçün əlində olan bütün vasitələrdən – daxili iğtişaşlardan, hərbi əməliyyatları təqdir etməkdən istifadə edəcək. O Sizi iqtisadi baxımdan boğacaq və hibdrid müharibənin bütün cəbbəxanasından istifadə edəcək”.

Saakaşvili yazır ki, Paşinyanın tədbir görmək üçün vaxtı çox deyil:

“Sizin üçün nə qədər çətin olsa da, Ermənistan ətrafında son hadisələr bizim regionumuza yeni şans verir. Biz bir müddətdən sonra üç Baltik ölkəsi kimi açıq sərhədlərlə yaşaya bilər, bu üçlüyün hər birində olan üstünlüklərdən istifadə etməklə bütöv bir logistika, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Amma bunun üçün Siz tələsməli, bütün tərəddüdlərdən xilas olaraq qətiyyətli addım atmalısınız. Siz Rusiya hərbi bazasının dərhal çıxarılmasını tələb etməli, MDB, KTMT, gömrük ittifaqından çıxmalı və üzvlük üçün Avropa İttifaqı və NATO-ya ərizə verməlisiniz”.

Mixeil Saakaşvili bu postunda Ermənistan və Azərbaycan arasında olan hazırkı münasibətlərə də toxunur:

“Və nəhayət Siz açıq bəyanat verməli və Azərbaycanla sülh müqaviləsini dərhal imzalamalı, bununla da Ermənistanın daxili və xarici siyasətində fundamental dəyişikliklərə yol açmalısınız”.

Saakaşvili ümid etdiyini yazır ki, Paşinyan Putinə Ermənistanı məhv etmək imkanı verməyəcək.

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakaşvili hakimiyyətdən sui-istifadə ittihamıyla altı illik həbs cəzası çəkir, özü və tərəfdarları ittihamı siyasi motivli adlandırır.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə (Şuşa şəhəri daxil) nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Qarabağda qalan əraziyə (Xankəndi daxil) separatçı qurum nəzarət edib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG