Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:04

İçveçrə saatı Azərbaycan gömrüyündə 85 dəfə «ucuzlaşdı»


Arxiv fotosu
Arxiv fotosu

Media gündəminin də bir ayrı özəlliyi var: Olur ki, ayrı-ayrı dövlət qurumlarının fəaliyyətindən daha çox, onların yüksəkvəzifəli nümayəndələrinin qol saatları ön plana çıxır. Oxucu-tamaşaçı-dinləyici diqqəti bir anda o vəzifəlilərin nisbətən «təvazökar» maaşlarına və dəyəri 100 min dollara çatan qol saatlarına yönəlir. Bəli, hökumət üzvləri, onların övladları, yerli icra hakimiyyəti qurumlarının başçıları məhz belə saatlarla zamanın adi axarını izləyir, sadə vətəndaşlara vaxtın «qədrini bildiklərini» nümayiş etdirirlər.

750 MİN DOLLAR DƏYƏRİNDƏ 3 MƏMUR SAATI?

Media və sosial şəbəkələrdə dolaşan xəbərlərə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun «Patek Philippe Skeleton» saatı təqribən 100 min, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun «Ulysse Nardin Safari Minute Repeater» saatı - 400 min, Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin «Frank Muller» və «Breguet-Classique Complications» saatları toplam 250 min ABŞ dolları dəyərindədir.

Adıçəkilən şəxslərin heç biri belə məlumatlara münasibət bildirməyiblər.

İctimaiyyət dövlət başçısının da hansı qol saatını taxmasıyla maraqlanır. Təsadüfi deyil ki, «Azadlıq» qəzeti Facebook-da paylaşılan məlumata istinad edərək, prezident İlham Əliyevin 800 min dollarlıq «Blancpain 1735 Grande» markalı saatından yazıb. İndi deyil, 4 il öncə - hələ 2012-ci ilin aprelində. O vaxt prezidentin mətbuat xidməti qəzetdən dövlət başçısının saatı barədə yazının təkzib edilməsini tələb etmişdi.

«CƏNAB PREZİDENT TƏBİƏTCƏ...»

Təkzib tələbində o da deyilirdi ki, «prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir». Amma o zaman qəzet mövqeyindən geri çəkilməmişdi:

«Onlar təkzib verilməsini tələb edirdilər, biz də dedik ki, prezidentin saatının markası, qiyməti rəsmən açıqlansın, yazdıqlarımızla rəsmi məlumat arasında uyğunsuzluq olarsa, üzr istəməyə hazırıq. Cavabsa gəlmədi. Nə biz təkzib verdik, nə də onlar israr etdilər. Deyəsən, özləri işin unudulmasında maraqlıydılar». «Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəyli ovaxtkı gəlişmələri xatırlayarkən, AzadlıqRadiosu-na belə deyib.

AZƏRBAYCAN HAKİMİYYƏTİNİN HƏSSAS YERİ?

Ümumiyyətlə götürəndə, bahalı saat məsələsi Azərbaycan hakimiyyətinin elə əvvəldən həssas yeri olub. Uzun illər öncə mərhum prezident Heydər Əliyev hökumət üzvlərinin, onların həyat yoldaşlarının qızıl saat həvəskarı olduğunu dilə gətirmişdi .

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, ötən il Azərbaycana qanuni yollarla 71 min 875 ədəd, o cümlədən korpusu qiymətli metaldan hazırlanmış 4 min 992 saat gətirilib. Ölkəyə gətirilən saatların sayı ilboyu cəmi 8.3 faiz artsa da, bunların arasında korpusu qiymətli metaldan - əsasən qızıldan olanların sayı 27 dəfə çoxalmışdı.

Əməliyyat:
2015-ci ildə İsveçrədən biri ortalama 23 059 dollar olan 648 ədəd qiymətli metal korpuslu saat gətirilib. Bunu Azərbaycanda deyil, İsveçrə gömrüyündə belə qeydə alıblar.

Azərbaycan gömrüyünə çatanda, qiymət müəmmalı şəkildə 85 dəfə «azalıb» və saatlar biri 271 dollara sənədləşdirilib.

Nəticə:
Gömrük rüsumu və əlavə dəyər vergisinin ödənilməməsinə görə təksə bu əməliyyatda Azərbaycanın dövlət büdcəsi 6.4 milyon dollar itirib.

TƏƏCCÜBLÜSÜ ODUR KI...

Qəribə görünən, bəlkə də, bu deyil. Təəccüblüsü odur ki, 2014-ci ildə korpusu qiymətli metaldan hazırlanan qol saatların bir ədədi Azərbaycan gömrüyündə 3 min 482 dollar 50 sentə, ötən ilsə, vur-tut – 84 dollar 50 sentə rəsmiləşdirilib.

DGK-nın məlumatlarına görə, saat idxalçıları 2014-cü ildə xarici tərəfdaşlarına 6.8 milyon dollar, ötən ilsə bundan xeyli az - 4 milyon 130.5 min dollar xeyir veriblər.

Azərbaycan gömrüyünün məlumatları həmişə birmənalı qarşılanmadığından, AzadlıqRadiosu beynəlxalq qaynaqlara üz tutmalı olub. Bu zaman tam fərqli mənzərə üzə çıxıb. İxracatçı ölkələrin məlumatlarına göz gəzdirəndə məlum olur ki, yerli saat ticarəti ilə məşğul şirkətlər qaz vurub, qazan doldurmaq bir yana, dövlətin «qazanına» – büdcəyə də «əl uzadırlar». Dövlət büdcəsinə ödənməyən vəsait milyonlarca dolları aşır.

AZƏRBAYCAN GÖMRÜYÜNÜN «ƏYRİ GÜZGÜSÜ»...

Azərbaycan vətəndaşları saatlarını, əsasən, «Avropa əqrəbləri» ilə qururlar. İdxal olunan saatların çox hissəsi İsveçrə, Almaniya və Böyük Britaniyanın payına düşür.

İsveçrə mənbələrinə görə, 2000-2015-ci illərdə bu ölkədən Azərbaycana 206.7 milyon dollarlıq 224 min 800 ədəd qol saatı gətirilib. Korpusu qiymətli metaldan olan saatlara ümumi məbləğin 148.8 milyonu ödənib. Böyük əksəriyyəti sadə sayılan həmin saatların ortalama qiyməti 919 dollar 50 sent olub.

Azərbaycan rəsmi hesabatları, yumşaq deyilsə, bir qədər fərqlidir. Söhbət idxal olunan saatların sayından da gedir. Azərbaycan gömrüyü 2011-2015-ci illərdə xaricdən saat gətirilməsinə edilən vəsaitin ümumi məbləğinin 28.2 milyon dollar olduğunu açıqlayır. Di gəl, İsveçrə saatları nümunəsində gömrük statistikasının «əyri güzgü»yə bənzədiyi tezcə nəzərə çarpır.

2011-2015-ci illərdə Azərbaycana İsveçrədən gətirilən saatların «güzgü statistikası» ilə sayı və toplam dəyəri (min ABŞ dolları):

Məlumatı təqdim edən ölkə

201520142013
ədəd

toplam

dəyəri

ədəd

toplam

dəyəri

ədəd

toplam

dəyəri

Azərbaycan

31 6473 598.117 6675 961.117 8765 886.2

İsveçrə

34 20721 456.719 64629 331.920 30631 743.9

Cədvəldən göründüyü kimi, İsveçrə istehsallı saatlar Azərbaycan gömrükçülərinə bəyan olunan qədər də ucuz deyilmiş.

85 DƏFƏ AZALAN QİYMƏT

Məsələn, 2015-ci ildə İsveçrədən birinin ortalama qiyməti 23 min 59 dollar olan 648 ədəd qiymətli metal korpuslu saat gətirilib. Bunu Azərbaycanda deyil, İsveçrə gömrüyündə belə qeydə alıblar. Azərbaycan gömrüyünə çatanda, qiymət müəmmalı şəkildə 85 dəfə «azalıb» və 271 dollara düşüb. Mövcud gömrük tariflərinə uyğun olaraq, İsveçrədən gətirilən saatlara görə 2015-ci ildə 1.3 milyon dollar (15 faiz gömrük rüsumu və 18 faiz ƏDV) ödənilibsə, qiymətin azaldılması səbəbindən vergilər də 6.4 milyon dollar kəsilib.

2014-cü ildə gömrükçülər dövlət büdcəsi qarşısında daha intizamlı idilər: Qiymətli metaldan hazırlanmış və orta hesabla 18 min 384 dollara İsveçrədən çıxan qol saatı 10 min 290 dollara rəsmiləşdirilməklə Azərbaycanın gömrük sərhədini keçmişdi. Təbii ki, bu «möcüzə», yəni qiymətlərin kəskin azaldılması gömrük vergi və rüsumlarından yayınmaq məqsədi daşıyıb.

Mütəxəssislər deyirlər ki, dövlət itirsə də, bu qeyri-formal sövdələşmədən gömrük işçiləri və idxalçılar milyonlarla dollar irəli düşürlər.

AZADLIQRADİOSU-NUN TƏXMİNİ HESABLAMALARINA GÖRƏ...

Son 4 ildə təkcə saat idxalçıları dövlət büdcəsindən 30.8 milyon dollar yayındırıblar. Bundan başqa, beynəlxalq statistik göstəricilərə əsasən, 2005-2015-ci illərdə ölkəyə Almaniyadan 35.3 milyon, Böyük Britaniyadansa 36.6 milyon dollarlıq müxtəlif zövqlərə uyğun saatlar gətirilib. Aydın məsələdir ki, bu ölkələrdən gətirilən saatlarında dəyəri yerli gömrük qurumunda aşağı qiymətlə rəsmiləşdirilib, ancaq dükana gerçək idxal qiymətindən daha baha qiymətlə çıxarılıb.

Xarici səfərlərə yollanan bir çox adam, təbii ki, başqa əşyalar kimi qol saatı alıb gətirir. Axı «çəkidə yüngül, vəzndə ağır»dır. Bəs bu halda necə, vergi ödənilməlidir?

FİZİKİ ŞƏXSLƏR HANSI HALDA SAATA GÖRƏ RÜSUM ÖDƏMƏLİDİR?

Hüquqşünas Fərid Ələkbərov deyir ki, Azərbaycanın gömrük ərazisinə gətirilən malın toplam gömrük dəyəri 1500 ABŞ dollarını aşırsa, bu mal bəyan olunmalıdır.

«Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları»na görə, səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. «İndi gömrük xidməti əməkdaşının öhdəsinə qalır ki, keçirilən əşya vətəndaşın zəruri ehtiyacı üçündür, ya yox», - hüquqşünas Erkin Məmmədov belə düşünür.

Adının bu olaylarla bağlı hallandırılmasını istəməyən və bu üzdən kimliyinin gizli qalmasını istəyən məlumatlı hüquqşünasın dediyinə görə, saat qızıldan, yaxud digər qiymətli metal və daşdan hazırlanıbsa, o halda onun dəyərinə yox, qramına əsasən əlavə idxal rusumu tələb olunacaq:

«Nazirlər Kabinetinin yuxarıda qeyd edilən 14 oktyabr 2013-cü il tarixli 305 saylı qərarına əsasən, şəxsi istehlak miqdarında 20 qram qızıla və 0.5 karat almaza görə rüsum tutulmur. Malın çəkisi bu göstəricilərdən artıq olarsa, rüsum tutulur».

Onun bildirdiyinə görə, sadalanan mallar kommersiya məqsədilə gətirilərsə, həm aksiz, həm də rüsum ödənilməlidir.

SAAT GƏTİRƏN ŞİRKƏTLƏR SUSMAĞI ÜSTÜN TUTUR

Azərbaycana saat gətirən bir neçə şirkət var: «VMF», «Aztime» və «Italdizain Group». «VMF»in 8-i Bakıda olmaqla – 11, «Aztime»insa 6 mağazası var. «Italdizain Group»un da Bakıda «Chopard» və «Glampire Time Pieses» kimi saat butikləri var.

AzadlıqRadiosu bu şirkətlərin rəhbərlərinə sorğu göndərərək, idxal göstəricilərindəki kəskin fərqlərin nədən qaynaqlandığını öyrənməyə çalışıb. Sadalanan şirkətlər cavab verməkdənsə, susmağa üstünlük veriblər.

Odur ki, Azərbaycanda saatlar təkcə zamanı deyil, həm də korrupsiyanın səviyyəsini «göstərir»...

XS
SM
MD
LG