Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:59

Samvel Babayan Azərbaycana təkliflər göndərdiyini təsdiqləyir


Samvel Babayan
Samvel Babayan

Azərbaycanın Qarabağ regionunun "parlament"ində ikinci böyük qüvvə olan "Vahid Vətən" partiyasının rəhbəri Samvel Babayan Qarabağdakı humanitar böhranın həllindən ötrü Bakıya təkliflər verdiyini təsdiqləyib. Ancaq o, təklifləri kimə, hansı kanallarla verdiyini, nə cavab aldığını dəqiqləşdirməyib.

Qarabağdakı separatçı rejimin keçmiş "müdafiə naziri", indiki hakimiyyətin tənqidçisi Babayan AzatutyunTV-yə deyib ki, onda həll variantları var və paket Azərbaycana göndərilib.

"Biz onlara təqdim etdik, bəzi cavablar var, bəzi suallar var, müzakirələr gedir. Biz ciddi paketə nail olacağıq, bundan sonra danışıqlar masasına əyləşəcəyik, bəndlər üzrə həllər tapacağıq ki, Artsax (Qarabağ) ərazisinin bərpasından başlayaraq bir vahid olsun, öz hərbi hissəsi, hər şeyi ilə birlikdə", – Qarabağın keçmiş "müdafiə naziri" deyib.

Babayan öz təklifini ümumi şəkildə belə təsvir edib: azərbaycanlılarla qarşılıqlı inama nail olmaq, daha sonra siyasi həllə keçmək.

Xankəndi Bakı ilə təmas qururmu

Azərbaycanla hansı yolla ünsiyyət qurduğunu açıqlamayan Babayan bildirib ki, onda Qarabağ rejiminin də Bakı ilə əlaqə saxlaması, hətta bunu gündəlik etməsinə dair informasiya var. Ancaq separatçı rejim belə bir informasiya verməyib. Bakı-Xankəndinin sonuncu dəfə martın 1-də təmas qurduğu bildirilir.

Xankəndidəki separatçı rejim, Ermənistan hakimiyyəti iki ay yarımdır total blokada şəraitində qaldıqlarını, çörəyin talonla verildiyini bildirir. Ancaq Azərbaycanın Ağdam yoluyla göndərdiyi köməkdən imtina edir, Laçın dəhlizinin açılmasını tələb edir.

Xankəndi bir neçə gün öncə öz şərtlərini açıq elan edib: Azərbaycanla danışıqlar beynəlxalq formatda aparılmalıdır, Azərbaycan ərazisində deyil.

Rusiyanın "Kommersant" qəzeti sentyabrın 5-də öz diplomatik mənbələrinə istinadla yazıb ki, Moskva "Lavrov sxemi"ndən imtina etməyib, regionda səfərdə olan xüsusi təmsilçi İqor Xovayev də məhz Rusiyanın təkliflərinin təbliğinə görə gəlib. Həmin təkliflərə görə, Ağdam yolu açılandan bir gün sonra Laçın dəhlizi açılır.

Rəsmi Bakı Qarabağın blokadaya salınması ittihamlarını rədd edir.

Azərbaycan 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG