Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:39

Səhiyyə nazirliyi keyfiyyətsiz dərmanlarla necə mübarizə aparır?


"Xəstə səhiyyə". Şerif. Karikatura.
"Xəstə səhiyyə". Şerif. Karikatura.

Bu il 5 adda dərman vasitəsi keyfiyyətsiz sayıldığından, 212 adda dərmansa standartlara uyğun gəlmədiyindən satışına icazə verilməyib. Ancaq ölkəyə gətirilən dərman preparatlarının hamısı heç də Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin laboratoriyasından keçmir.

Bütün bunlar barədə həmin mərkəzin mütəxəssisləri dekabrın 20-də keçirdikləri mətbuat konfransında məlumat verib və jurnalistlərin suallarını da cavablandırıblar.

Suallara mərkəzin mütəxəssisləri Elvin Quliyev, Ulduz Eyvazova, Pərviz Əzizbəyov, Polad Hacıbalayev, Vəfa Əbilova cavab veriblər.

Buna da bax:​ 250 dərman ucuz satılacaq, amma sentyabrdan

Pərviz Əzizbəyov: '27 min adda dərmandan 23 minində heç bir problem aşkar olunmayıb'
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00
Direct-ə keçid

– Bu il nə qədər dərman preparatı ekspertizaya təqdim olunub?

– Bilirsiniz ki, ölkəyə gətirilən dərman preparatları ilk öncə dövlət qeydiyyatına alınır. Qeydiyyat müddəti bitənədək ölkəyə gətirilən hər dərman seriyasından nümunə götürülür və ekspertizadan keçirilir. Bu günədək Azərbaycana 27 min adda dərman preparatı gətirilib və onların 23 minində heç bir problem aşkar olunmayıb. Yəni, qablaşdırmada, içlikdə, o cümlədən dərmanların keyfiyyətində nöqsan tapılmayıb. Dörd minə yaxın dərman vasitəsində isə uyğunsuzluq müəyyənləşdirilib. Üç min dərmanla bağlı uyğunsuzluqları istehsalçı və idxalçı şirkətlər aradan qaldırıb. Mərkəz 212 adda dərman preparatının idxalına qadağa qoyub.

– Laboratoriya yoxlaması zamanı keyfiyyətsiz dərman aşkar olunub?

– Beş adda dərman preparatı dövlət qeydiyyatı zamanı təsdiqlənmiş normalara uyğun sayılmadığından, keyfiyyətsiz sayılmışdı. Bu dərmanlar 33 min ədəddən çox qutu deməkdir.

Buna da bax:​ 'İrana xəstə axınının bir səbəbi də dərmanlardır' [video]

– Mərkəzə nümunə üçün verilən dərmanların keyfiyyəti necə yoxlanır?

– Hər bir dərman vasitəsi yüksək texnoloji istehsal məhsuludur və hər il inkişaf etdirilir. Bizim laboratoriya da hər il yeni, müasir avadanlıqla təchiz olunur, yəni imkanlarımız genişdir. Dərman preparatının keyfiyyəti iki mərhələdə yoxlanır. Birincisi, analizlə dərman üçün təqdim olunan sənədlərin dövlət qeydiyyatından ötrü normativ sənədlərə uyğun gəlib-gəlməməsi dəqiqləşdirilir. Normativ sənədə uyğun gəlməyən dərman preparatı keyfiyyətsiz sayılır. Digər mərhələ dərman vasitəsinin tərkibinin yoxlanmasıdır. Laboratoriyada nümunə kimi götürülən dərman preparatının tərkibindəki maddə miqdarının qablaşdırmada göstərilən dozaya uyğun gəlib-gəlməməsi araşdırılır. Bu, böyük amildir, uyğun gəlmirsə, biz bu dərmanı keyfiyyətsiz sayır və idxalına icazə vermirik.

Elvin Quliyev: 'Yanvarın 1-dən dərman preparatının içliyi Azərbaycan dilində olmasa, idxalına icazə verilməyəcək'
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00
Direct-ə keçid

– Dərman vasitələri içliyinin Azərbaycan dilində yazılmalı olduğunu bildirdiniz. Ancaq apteklərdə içliyi, adətən, rus dilində yazılmış dərmanlar satılır.

– Bəli, belə hallar var. Ona görə də qərara alınıb ki, artıq gələn il yanvarın 1-dən dərman preparatının içliyi Azərbaycan dilində olmasa, idxalına icazə verilməyəcək.

Buna da bax: Müalicə almaq istəyirsən, get öz dərmanını al gətir...

– Dərmanların əks təsirləri ilə bağlı məlumat da içlikdə əksini tapır. Sizə içlikdə göstərilməyən əks təsirlərlə bağlı şikayətlər gəlir?

– Dərmanlar istifadə olunanadək, 10-15 il müəyyən tədqiqat mərhələləri keçir. Ardınca dünya bazarına çıxarılır və yenə dərmanların təsir effektləri öyrənilir. Dərmanın nəzərdə tutulmayan əks-təsirləri də qeydə alınırsa, bu içliyə əlavə olunur. Çox ciddi fəsad yaradacaq hal üzə çıxırsa, həmin dərman bazardan yığışdırıla da bilər. Dünyada farmakoloji nəzarət xidmətləri var və pasiyentlər belə hallarla üzləşdikdə bura üz tuturlar. Azərbaycan da Dərman Vasitələrinin Əlavə Təsirlərinin İzlənməsi Beynəlxalq Mərkəzinin üzvüdür və biz də yeni çıxan dərman preparatlarının təsirləri ilə bağlı şikayətlər olduqca, arxivləşdirib həmin Mərkəzə göndəririk. Burda söhbət həm də effektsiz dərmanlardan gedir. Dərmanın səmərəsizliyinə dair şikayətlər çox olarsa, məsələn, pasiyentlərin 10 faizinə təsir etməsə, bu dərman dünya bazarında satışdan çıxarılır.

– Azərbaycan bazarından çıxarılan dərman olub?

– Bəli, iki dərmanın qeydiyyatı ləğv edilib. Biri “Bioparox”dur. Avropa Dərman Agentliyi bu preparatın ciddi allergik fəsadlarını müəyyənləşdirmişdi. Digər dərmansa “Kvinax”dır. Bu preparat, sadəcə, effektsiz sayıldığından, onun istehsalı dayandırılıb.

Buna da bax:​ Bədxassəli qan xəstəliklərinə diqqət ayrılır

– Bəzən şikayətlər olur ki, dərmanlar təsir etmir, keyfiyyətsizdir və ya effekti azdır. Bununla bağlı nə deyərdiniz?

– Dərman preparatları üçün keyfiyyət və effektivlik fərqli anlayışlardır. Dərmanın keyfiyyətsizi, saxtası da, orijinalı, bütün normativlərə uyğun gələni də təsir etməyə bilər. Bizə dərmanın keyfiyyətsizliyi ilə bağlı şikayətlər gəlmir. Çox şikayət olsa, əlbəttə, araşdırılır. Bir də dərmanın təsiri həm də onun saxlanma şəraitindən asılıdır. Hətta anbarlardan aptekə hansı şəraitdə aparılması, orda necə saxlanması, alındıqdan sonra pasiyentin onu göstərilən normalara uyğun saxlayıb-saxlamaması da dərmanın keyfiyyətinə təsir göstərən amillərdir.

– Bazarda saxta dərmanların olmasından şikayətlənən var?

– Saxta dərmanlarla bağlı “Qaynar xətt”ə müraciət daxil olmayıb. Ancaq soruşan var ki, filan dərman ekspertizadan keçibmi və ya dövlət qeydiyyatına alınıbmı? Biz də bunu yoxlayıb cavablayırıq. Bir çox hallarda bəzi dərmanların rəsmi qeydiyyatdan keçmədiyi ortaya çıxır. Amma rəsmi qeydiyyatdan keçməmək heç də həmin dərmanların saxtalığına dəlalət etmir. Sadəcə, Səhiyyə Nazirliyinin icazəsi olmadan ölkəyə hansısa yollarla gətirilib. Hər hansı preparat vətəndaşda şübhə oyadarsa, həmin dərmanı mərkəzə təqdim etsin. Biz bunu laboratoriya şəraitində yoxlayıb, saxta və ya keyfiyyətsiz olduğunu üzə çıxarsaq, təbii ki, müvafiq orqanlara müraciət edəcəyik. Ancaq son illərdə saxta dərmanla bağlı belə bir müraciət almamışıq. Müvafiq qanuna dəyişiklik ediləndən sonra artıq dərman preparatlarına nəzarət markası vurulur. Nəzarət markası satışda olan və rəsmi yollarla ölkəyə gətirilən bütün dərman preparatlarına qeydiyyatdan sonra vurulur. Nəzarət markasız satış cinayət məsuliyyəti doğurur. Bu nəzarət markasının kodunda dərman haqqında məlumatlar öz əksini tapır. Nəzarət markası olmayan dərman preparatını satışda görənlər mütləq bizə xəbər versinlər.

Buna da bax: Dərman doğrudan ucuzlaşıb, yoxsa...

– Dərmanlar daha çox hansı ölkələrdən gətirilir?

– Böyük hissəsi Avropa ölkələrindən gətirilir. Türkiyədən, Rusiya və digər MDB ölkələrindən gətirilənlər də var. Cənubi Koreya və Hindistandan gətirilən dərmanların sayı çox azdır.

– Ancaq dövlət xətti ilə alınan peyvəndlərin çoxunun Hindistan malı olduğu bildirilir...

– Azərbaycana dövlətin gətirdiyi peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tövsiyə olunan ölkələrdən gətirilir. ÜST-ün özü də kütləvi istifadə olunan peyvəndlərə ciddi nəzarət edir. Əksəriyyət Hindistandan gətirilən peyvəndlərin pis olduğunu deyir. Düzdür, bəzən, aralarında pisləri olsa da, Hindistanın yaxşı peyvənd istehsalçıları var və Azərbaycan da məhz ÜST-ün tövsiyə etdiyi firmalarla işləyir. İstifadə olunan peyvəndlər, digər dərman preparatları kimi, dövlət qeydiyyatından keçirilir və onlara 5 illik istifadə üçün qeydiyyat vəsiqəsi verilir. Gətirilən peyvəndlərin də sənədləşdirilməsinə ayrıca diqqət yetirilir. Onların qablaşdırılması, içlik vərəqəsi də olmalıdır. Digər dərman preparatlarından fərqli olaraq, peyvənd bioloji maddədir. Onun əks təsirini bir çox amillər törədir, genetik faktorlar da rol oynaya bilər. Bir də, peyvənddən sonra valideynlər uşaqlarında müəyyən zəiflik halları görür və düşünürlər ki, peyvənd və vaksinlər köhnədir deyə, uşaqlarda əlavə təsirlər yaradıb. Əslində, peyvəndlər uşaqlara ona görə vurulur ki, onlar yoluxucu xəstəlikləri yüngül keçirsinlər. Peyvənd vurulanda, uşaq orqanizmində həmin xəstəliklərə qarşı antitellər yaranır. Bu səbəbdən, həmin mikrob orqanizmə düşəndə, artıq onun bədənində buna qarşı qoruyucular olacaq. Yəni peyvənddən sonrakı əlamətlər əlavə təsir sayıla bilməz. Bunların olması normal reaksiyadır.

XS
SM
MD
LG