Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:20

'Şikayət etdim, ailəlikcə işsiz qaldıq...'


Ülviyyə Sadıqova
Ülviyyə Sadıqova

“Sağlamlığıma görə məmurlarla çarpışdığım bir vaxtda anamı, qardaşımı və özümü işdən çıxartdılar”. Bunu AzadlıqRadiosu-na Yevlax rayon sakini Ülviyyə Sadıqova deyir.

Ülviyyə Sadıqova uzun illər ölkə səhiyyəsindən şikayətçi olub. O, qaraciyər serrozundan əziyyət çəkən vaxtlar da “Qaynar xətt”ə çarəsizliyindən və həkim laqeydliyindən danışırdı. Elə yazı-pozuların nəticəsi olaraq, xeyirxah insanların dəstəyi ilə Ülviyyə xanımda qaraciyərin transplantasiyası aparıldı. Ancaq ağır əməliyyatdan sonra o, çətinliyin növbəti mərhələsinə adladı. Bu dəfə əsasən dərmansızlıqdan əziyyət çəkməyə başladı və yenə səhiyyənin yarıtmazlığından ölkə başçısına, mediaya giley-güzar etdi. Nəticəsini özü danışır:

“Dərmanlar çox bahadır. Dərman qəbul etmədikdə bu əməliyyatın əhəmiyyəti də itir. Səhiyyə Nazirliyi yazdığım uzun-uzadı məktubuma iki kəlmə ilə cavab verdi ki, ciyər köçürülməsindən sonra xəstəni tələb olunan dərman preparatları ilə təmin etmək kimi vəzifəsi yoxdur. Bütün şikayətlərim ona gətirib çıxartdı ki, özüm də, qardaşım da, anam da işsiz qaldı”.

Buna da bax:​ İlyarımdı telefonu təmirə verib, geri ala bilmir

“QARDAŞIMI, ANAMI İŞDƏN ÇIXARDILAR”

Ülviyyə Sadıqova Yevlax rayonu, Texniki Yaradıcılıq Mərkəzində dərnək rəhbəri işləyib. Deməsinə görə, 2013-cü ildə 1 saylı Kliniki Tibb Mərkəzində stasionar müalicədə olarkən onun adından “xəstəliklə əlaqədar işdən çıxmaq haqqında” ərizə yazılıb və işdən çıxarılıb. Ailənin digər iki işsizi isə qardaşı və anasıdır:

“Qardaşım Telman Sadıqov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Yevlax rayon şöbəsində mülki mühafizəçi vəzifəsində işləyirdi. Bir töhməti bəhanə edib keçən ilin noyabrında da onu ixtisara saldılar. Əvvəla, bir töhmətə görə işçini işdən çıxarmırlar. İkincisi, Əmək Məcəlləsinə görə, himayəsində əlil olan işçi ixtisara düşə bilməz. Mən 1-ci qrup əliləm və dərmanlarımı qardaşım alır. Məhkəmə bunu əsas götürüb haqlı olaraq onun işə bərpa olunması barədə Qətnamə çıxartdı. Ancaq Daxili İşlər Nazirliyi qətnaməni icra etmir. Anamsa Yevlaxdakı məktəblərdən birində xadimə işləyirdi. Savadsızlığından istifadə etdilər, guya yardım verməklə bağlı sənəddir deyib, könüllü işdən çıxmaq haqqında ərizəyə qol çəkdirdilər”.

Ülviyyə Sadıqova bütün bunlarda rayon məmurlarını günahlandırır. Yevlax rayon İcra Hakimiyyəti isə xanımın dediklərini “Qaynar xətt”ə təkzib edir: “Əksinə, rayon xəstəxanasından bu xanıma bəzi dərmanların tapılıb verilməsində kömək olunur”.

Buna da bax:​ Küçədə yaşayan internat məzunu

“BANKLARIN, APTEKLƏRİ PULU YIĞILIB”

Bu dəfə Ülviyyə xanımın qardaşı Telman Sadıqov telefon xəttinin o başında qəhərdən boğula-boğula danışır:

“Bilirsiz, xanım, bizim ailəni elə vəziyyətə salıblar ki, deyiləsi deyil... Bacımın dərmanları çox bahadır. Bir neçə bankdan pul götürmüşük və hamısı dərmana gedib. Dərman qəbul etməsə, ölər çünki... İndi hamımız işsizik, bankların, apteklərin pulları da qalaq-qalaq yığılıb. Banklar bizi narahat edir. Heç olmasa, bizi işimizə bərpa etsinlər, bankların kreditlərini bağlayaq. Dərmana görə məəttəl qalmayaq”.

Ancaq deyəsən, Telmanın arzusunun tezliklə gerçəkləşəcəyinə ümid azdır. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Yevlax rayon şöbəsindən “Qaynar xətt”ə bildiriblər ki, Nazirlik məhkəmə qətnaməsindən apelyasiya şikayəti verib. Birinci məhkəmənin qətnaməsinin icra olunmamasının səbəbi də, əslində, bu imiş.

XS
SM
MD
LG