Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:47

Səlim Müslümova 11 il şərti cəza və əmlak müsadirəsi: 27 milyonluq ziyan tam ödənilməyib


Səlim Müslümov
Səlim Müslümov

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova 5 ili sınaq müddəti olmaqla, 11 il şərti cəza verildi. O, tutulandan sonra üzərinə həbs qoyulmuş, ümumi dəyəri təxminən 8 milyon manat olan bir sıra daşınmaz əmlaklar isə müsadirə edildi. Keçmiş nazirin 2022-ci ilin avqustundan bu yana davam edən məhkəməsinin nəticəsi belə olub. Ona yanvarın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

S.Müslümov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə təqsirli bilinib. Sabiq nazirə qarşı ittihamlar arasında CM-in 313-cü (vəzifə saxtakarlığı) maddəsi də vardı. Bu ittihamla məsuliyyətə cəlbetmə müddəti keçməsi əsasıyla ona xitam verilib.

Hökmdən öncə prokuror da çıxışında S.Müslümovun vəzifə saxtakarlığı istisna olmaqla, qalan maddələrlə təqsirli bilinməsini, ona 13 il şərti cəza verilməsini təklif edib.

Prokurordan sonra çıxış edən sabiq nazirin vəkili Ayxan Rüstəmzadə müvəkkilinin azadlıqdan məhrum edilməməsini, ona alternativ cəza verilməsini istəyib. Vəkil vurğulayıb ki, S.Müslümova qarşı cinayət işində göstərilən ümumi ziyanın əksər hissəsi ödənilib.

“Səlim Müslümov ziyanın onun üzərinə düşən hissəsini tam ödəyib”, - vəkili belə deyib.

Keçmiş nazirin son sözü qısa olub. O deyib ki, vəkilinin söylədiklərilə razıdır.

Sabiq nazir, icra hakimi, polkovniklər: Ev dustaqlığında olanlar kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Müsadirə olunan əmlaklar

Ardından müşavirəyə gedən hakimlər təxminən 1 dəqiqə sonra geri qayıdaraq, hökmü elan edib. Hökmə əsasən, müsadirə olunmuş əmlaklar arasında aşağıdakı siyahıda göstərilən mənzillər, Bakıdakı “milyonçular məhəlləsində” evlər, torpaq sahələri, obyektlər də var:

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti ev 13, mənzil 38

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti ev 7 a, mənzil 3

Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, ev 53, mənzil 108

Bakı şəhəri, Nərimanov rayonu, Oqtay Kərimov küçəsi, ev 69

Bakı şəhəri, Nərimanov rayonu, Oqtay Kərimov küçəsi, ev 71

Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 51

Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində 300 və 500 kvadrat metrlik ayrı-ayrı torpaq sahələri

Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 5 ünvanında obyekt.

Bu əmlaklar keçmiş nazirin yaxınlarının mülkiyyətindədir.

İlham Əliyev hələ də bacarmayıb... Gürcülər rüşvətin kökünü necə kəsdilər?
Gözlə

No media source currently available

0:00 0:10:37 0:00

Xatırlatma

S.Müslümov haqqında cinayət işində 27 milyon manatdan çox mənimsəmə, israfetmə və rüşvətdən bəhs olunur. Sabiq nazir 13 milyon 296 min manat rüşvət almaqda, 7 milyon 237 min manat mənimsəmədə, daha 7 milyon israfçılıqda suçlanır.

Keçmiş nazir rüşvət və mənimsəmə ittihamlarıyla razılaşsa da, israfetməni qəbul eləmir. Onun özü və müdafiəçiləri bildirir ki, israf edildiyi iddia olunan vəsaitlər nazirlikdəki tenderlərin qalibi olan şirkətlərin hesablarına köçürülmüş vəsaitlərdir. Əgər israfetmə varsa, buna görə məsuliyyəti də həmin şirkətlər daşıyır.

2021-ci ilin yanvarında həbs olunan S.Müslümov cinayət işi üzrə 27 milyon manatlıq ziyandan 20 milyonu ödəyəndən sonra 2022-ci ilin mayında ev dustaqlığına buraxılmışdı.

Keçmiş nazirin işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılıb. Onun işi məhkəməyə göndəriləndə həmin cinayət işindən başqa bir iş ayrılıb. DTX-da qalan iş üzrə istintaq davam etdirilib. S.Müslümovun məhkəməsində hakim proses iştirakçılarına məlumat vermişdi ki, həmin iş üzrə istintaqa cəlb edilən şirkət rəhbərləri də dəymiş ziyanın bir hissəsini ödəyib.

63 yaşlı S.Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

XS
SM
MD
LG