Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:30

Savaş əleyhdarı ruslar Serbiyadan qovulmaqdan qorxurlar


Rusiyalıların Belqradda Ukraynanın işğalına qarşı yürüşü. 2022
Rusiyalıların Belqradda Ukraynanın işğalına qarşı yürüşü. 2022

Əslən Sankt-Peterburqdan olan 54 yaşlı ədəbi əsər tərcüməçi Yelena Koposova 2019-cu ildən bəri Serbiyada yaşayır. O bu yaxınlarda özünə və ailəsinə daimi sakin statusu almağa üz tutarkən buna adi bürokratik prosedur kimi baxmışdı.

Ancaq fevralın 2-də Serbiya Daxili İşlər Nazirliyi qadının güvənlik riski olduğunu əsas gətirərək onun müraciətini rədd edib, özünə də ölkəni tərk etmək üçün 30 gün vaxt verib. Koposova bu qərardan sarsıntı keçirib.

Məmurlar qərarla bağlı heç bir açıqlama verməsələr də, Koposova bunun 2022-ci ildə imzaladığı açıq məktubla bağlı ola biləcəyindən şübhələnir. Serbiyada yaşayan 20-dən çox həmvətəninin imzaladığı bu məktubda Rusiyanın həmin il Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibəyə etiraz ifadə edilmişdi.

AzadlıqRadiosunun əməkdaşı Toni Vesolovskinin Balkan xidmətinin müxbiri İva Martinoviçin xəbəri əsasında hazırladığı yazıda deyilir ki, Koposovanın başına gələnlərdən sonra Ukraynaya qarşı müharibəni dəstəkləməyən digər rusiyalılar da narahat olmağa başlayıblar.

"Mən heç bir pis hərəkət etməsəm də, qorxuram", - adının çəkilməsini istəməyən və Belqradda yaşayan rusiyalı fəal bu yaxınlarda AzadlıqRadiosunun Balkan xidmətinə belə deyib.

Özünü savaş və faşizm əleyhinə qurum kimi tanıdan və Serbiyadakı rusdilli diasporla işləyən Rus Demokratik Cəmiyyətinin (RDO) qurucusu və rəhbəri Pyotr Nikitin deyir ki, Koposovanın ölkədən çıxarılması o deməkdir ki, artıq Serbiyada yaşayan heç bir rusiyalı özünü güvənli hiss edə bilməz.

"Heç kim güvənlikdə deyil"

"Razılaşdığın mətnin altındakı imzaya görə yaşadığın ölkədən qovula bilərsənsə, onda, deməli, heç kim güvənlikdə deyil və sözün gerçək anlamında hər kəs sakit durmalıdır", - ötən yay Serbiyaya girişinə qısamüddətli blok qoyulan Nikitinin AzadlıqRadiosuna dediyi sözlərdir.

Rusiyanın Ukrayna üzərinə hücuma başlamasından bəri, azı, 100-200 min rusiyalının Serbiyaya gəldiyi bildirilir. Serbiya rusların vizasız gedə biləcəyi azsaylı Avropa ölkəsindən biridir.

Onların bir çoxu buradan başqa ölkələrə köçsə də, on minlərlə rusiyalı Serbiyada məskunlaşıb.

Daxili İşlər Nazirliyinin ötən ilin mayına aid məlumatına görə, 30 minə yaxın Rusiya vətəndaşının Serbiyada müvəqqəti yaşayış icazəsi var.

Belqrad dəfələrlə Rusiyanın Ukraynaya hücumunu qınasa da, hələlik, Moskvaya qarşı beynəlxalq sanksiyalara qoşulmayıb. Ölkə Rusiya qazından asılıdır. İki ölkəni ortodoks xristianlıq və slavyan kökləri bağlayır. Kosovonun müstəqilliyini Serbiyanın tanımamasını Moskva diplomatik səviyyədə dəstəkləyir. Serbiya Moskvanın bu səylərinə dəyər verir.

Belqrad son nəticədə Avropa Birliyinə qoşulmaq niyyətindədir. Ancaq prezident Aleksandar Vuçiç ölkənin daxilində və xaricində həm avtokratik davranışa, həm də Kremllə həddindən artıq səmimi münasibətlərə görə tənqid edilir.

Prezident Vladimir Putinin hakimiyyətindən bezən Koposova və əri 15 il öncə Rusiyanı tərk ediblər.

"Getməyə yerimiz yoxdur"

"Biz hələ Putinin hakimiyyətinin ilk illərindən bəri köçməyə yer axtarırdıq, axı onun Rusiyanı apardığı istiqamətlə razı deyildik. Biz bir neçə il Finlandiyada yaşamağa çalışdıq, ancaq buna imkanımız çatmadı. Dünyadakı immiqrasiya qanunlarını araşdırdıqdan və Avropada səyahət etdikdən sonra Serbiyanı seçdik", - Koposova belə deyir.

Koposova əri və iki uşağı ilə birlikdə dörd il müvəqqəti sakin kimi Serbiyada yaşadıqdan sonra sentyabrda daimi sakin statusu almaq üçün müraciət edib və dörd ay sonra da DİN-dən yuxarıda qeyd edilən cavabı alıb.

Koposovanın Serbiyanın təhlükəsizliyinə nə cür təhdid törətməsi barədə AzadlıqRadiosunun sualını nazirlik cavablandırmayıb.

Artıq tamamilə Serbiyada məskunlaşan Koposova ailəsi ilə birlikdə hara gedəcəyini bilmir: "Biz başdan-ayağa sarsıntı yaşayırıq və çarəsiz qalmışıq. Axı özümüzün və uşaqlarımızın gələcəyi ilə bağlı planlarımız boşa çıxdı. Bizim getməyə yerimiz yoxdur. Serbiyadakı yaşayışımızı təmin etmək üçün Sankt-Peterburqdakı mənzili və Finlandiyadakı kiçik həyət evini satmışıq".

Koposova Belqraddan 50 kilometr aralıdakı Sopot şəhərciyində mənzil aldıqlarını və peşəkar bənna olan ərinin mənzili təmir etdiyini deyir. İndi onlar yatırılan sərmayəni geri götürə bilməyəcəklərindən qorxurlar.

Serbiya prezidenti Aleksandar Vuçiç (solda) 2021-ci ildə Belqradda ovaxtkı daxili işlər naziri Aleksandr Vulin ilə mətbuat konfransı keçirir.
Serbiya prezidenti Aleksandar Vuçiç (solda) 2021-ci ildə Belqradda ovaxtkı daxili işlər naziri Aleksandr Vulin ilə mətbuat konfransı keçirir.

"Məşhur üsuldur: ən az fəal olanlara hücum edirlər"

Nikitin deyir ki, Koposovanın işini unikal və riskli edən onun müharibə əleyhinə sözügedən məktubu imzalamasından başqa, Rusiya müxalif siyasətində hər hansı fəaliyyətinin olmamasıdır: "Açıq məktubu 25 rusiyalı imzalayıb. Mən birinciydim və [onu imzalayanlardan] başqa heç kimin problemi olmayıb. Özü də bu Rusiyada istifadə edilən məşhur üsuldur: digərlərini qorxutmaq üçün təsadüfi seçilən vətəndaşlara, əsasən də ən az fəal olanlara hücum edirlər".

Polis və Serbiyanın Təhlükəsizlik və İnformasiya Agentliyi (BIA) AzadlıqRadiosunun Balkan xidmətinin məsələ ilə bağlı açıqlama xahişlərinə cavab verməyib. Radionun əməkdaşları problem meydana çıxandan – ötən ilin yayından bəri bu qurumlara çoxsaylı müraciət göndəriblər.

Ekspertlər deyirlər ki, səyahətlərlə bağlı problemlər ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) 2023-cü il iyulun 11-də BIA-nın ozamankı direktoru Aleksandar Vulinə sanksiya tətbiq etməsindən sonra başlayıb. Vulin Vuçiçin yaxın müttəfiqidir. İddiaya görə, o, öz mövqeyindən Rusiyanın maraqları və şəxsi cinayət maraqları üçün istifadə etdiyinə görə siyahıya salınıb. Onun öz mövqeyindən silah və narkotik alveri kimi əməllərdə yararlandığı iddia edilib.

Sözügedən sanksiyalar Belqradda aylarla sürən etirazlardan sonra tətbiq edilib. Etirazçıların tələbləri arasında Vulinin istefası da vardı. Nümayişlər 18 nəfərin, o cümlədən doqquz azyaşlı orta məktəb şagirdinin ölümü ilə nəticələnən iki kütləvi atışmanın ardınca – ötən ilin mayında başlamışdı. Etirazçılar keçmişdə müdafiə və daxili işlər naziri vəzifələrini tutmuş Vulini cinayətkar dəstələri məsuliyyətə cəlb etməməkdə suçlayıblar.

"Bunlar siyasi qərarlardır"

Vulin 2022-ci ilin avqustunda Moskvanı ziyarət edib. O, Kremlin Ukraynaya hücumundan sonra Moskvaya gedən ən yüksək vəzifəli Avropa rəsmilərindən biri olub. Vulin səfəri zamanı "Antirusiya isteriyası"nı qınayıb. Yanvarda isə Putin BIA ilə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) arasında bağlantı qurduğuna görə Vulini Dostluq Ordeni ilə təltif edib.

İnsan haqları müdafiəçi Nikola Kovaçeviçin fikrincə, Serbiyada savaş əleyhdarı rusiyalılara qarşı çıxarılan qərarlar sistematik hal alıb.

"Əksər hallarda bunlar siyasi qərarlardır, güvənliklə bağlı gerçək rahatsızlığa əsaslanmır", - o, AzadlıqRadiosuna belə deyib.

Yuxarıda qeyd edilən, adının çəkilməsini istəməyən fəal yaşayış icazəsi ləğv edilərsə, necə davranacağını bilmədiyini söyləyir. O deyir ki, Rusiyada təqib ediləcəyindən ora qayıtmaq söhbət mövzusu belə deyil: "Mən 2018-ci ildən bəri burada yaşamışam. Burada işim var. Serb dilini öyrənmişəm. Burada dostlarım və yaxınlarım var. Müvəqqəti yaşayış icazəmi ləğv etsələr, bu, hər şeyin sonu olacaq. Mənim hara gedəcəyim, işləri necə idarə edəcəyimlə bağlı heç bir alternativim, heç bir təklifim yoxdur".

XS
SM
MD
LG