Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:44

Finlandiyaya qaçış: 'Özümü Vermaxtdan İsveçrəyə qaçan əsgər kimi hiss etdim'


Sergey Filenko
Sergey Filenko

Apreldə Sergey Filenko Rusiyanın şimalındakı Kareliya regionunda Rusiya silahlı qüvvələrini “gözdən salma” ittihamı ilə cəzalandırılan ilk şəxs oldu. İyunda ona yenidən eyni ittihamla cərimə cəzası kəsildi. Cəriməni ödəmək vaxtı gələndə də Filenko vətəndaş mövqeyini bildirməyə davam etdi: ödədiyi 5 min rublluq əskinasların üzərinə müharibə əleyhinə şüarlar yazdı.

O, əskinaslardan birinin üzərinə bu sözləri yazmışdı: "Bu pulun müharibəyə və Putinin favoritlərinə xərclənməsini qadağan edirəm”.

“Lap əgər qandalla aparsalar belə...”

Kareliyanın paytaxtı Petrozavodskda yaşayan dülgər, yazıçı və vətəndaş fəalı Filenko artıq uzun zamandır ki, Rusiya hökumətinə müxalifliyi ilə tanınır. O 2021-ci ilin aprelində müxalifət lideri Aleksey Navalnıya dəstək aksiyasında saxlanıb. İnsidentin videosunda onun polis maşınına aparıldığı zaman Redyard Kiplinqin bir şeirini oxuduğunu görmək olur.

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan yüzminlərlə rusiyalı ölkədən gedib. Ancaq Filenko hətta sentyabrın 21-də qismən səfərbərlik elan olunanda belə tərəddüd edib.

"Bu haqda belə düşünürdüm: orduya getməyəcəyəm, onlar da məni zorla apara bilməyəcəklər. Lap əgər qandalla aparsalar belə, avtobus haradasa ayaqyolu fasiləsinə dayanacaq. Hamı da böyük ehtimalla sərxoş olacaq. Mən də qaçacağam. Ancaq türmədən həmişəlik gizlənə bilməzsən”, – Filenko AzadlıqRadiosunun “North.Realities” layihəsinə müsahibəsində deyib.

İran dronlarının özəllikləri: Ermənistan bu dronları almağa niyə ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Min nəfərədək rusiyalı sığınacaq istəyir

Sonucda Filenko bir dostunun təşəbbüsü ilə əlindəki turist vizası sayəsində Finlandiyaya qaçan sonuncu dalğa rusiyalılardan birinə çevrilib. Axı Finlandiya ötən ay sərhədlərini rusiyalılar üçün bağlayıb.

Artıq o bu il Finlandiyada siyasi sığınacaq üçün müraciət etmiş 1000 nəfərədək rusiyalıdan biridir. Bu say ötən illərdəkinə nisbətən xeyli çoxdur.

Filenko daha dörd rusiyalı ilə birlikdə içində az əşyası olan bir mənzildə yaşayır. Yaşadığı yersə Rusiya sərhədindən 10 kilometr uzaqlıqda yerləşən İmatra şəhəridir. Filenkonun ev yoldaşlarının hamısı buraya Putinin səfərbərlik elanından sonra gəlib.

Filenko Rusiyada qalan ailəsinə kömək etməkdən ötrü iş tapmağa ümid edir. "Daim onları buraya necə gətirəcəyimi, bir-birimizi bir də harada və nə vaxt görə biləcəyimizi düşünürəm. Ancaq əsas məsələ iş tapmaqdır”, – o deyir.

Rusiyalı turistlər üçün qaydalar sərtləşdirilib

Finlandiya uzun zamandan bəri rusiyalı səyahətçilərdən ötrü Şengen zonasına rahat giriş qapısı olub. Ancaq Rusiyanın Ukraynaya hücumundan sonra Finlandiya hökuməti rusiyalı turistlərə sərt məhdudiyyətlər tətbiq edib.

Baş nazir Sanna Marin avqustda deyib ki, "Rusiyanın Avropada aqressiv, amansız müharibə apardığı bir vaxtda rusiyalıların normal həyat sürərək Avropaya turist kimi səfər etmələri düzgün deyil”.

Sentyabrın 30-da Finlandiyanın rusiyalı turistlərlə bağlı ağırlaşdırılmış qadağaları qüvvəyə minib. Helsinki bildirib ki, Putinin səfərbərlik elanı “və Finlandiyaya gələn və buradan tranzit kimi keçən turistlərin qəfil artan həcmi Finlandiyanın beynəlxalq mövqeyini və beynəlxalq əlaqələrini təhlükə altına atır”.

Avropanın bir neçə başqa ölkəsi də buna bənzər tədbirlər gördü. Bu, Qərbdə sərhədlərin Rusiyanın üzünə bağlanmasının Moskvanın aqressiyasına qarşı düzgün və zəruri cavab olub-olmaması barədə müzakirələrə yol açdı. Çünki bu qadağalar digər tərəfdən Rusiya Prezidenti Vladimir Putinin Rusiyadan qaçmağa çalışan opponentlərini cəzalandırmaq və Kremlin antiqərb təbliğatına haqq qazandırmaq kimi görünə bilər.

Qaçan çoxdur...

Filenkonun uzun zamandan bəri müxalifətdə olması onun qaçqın statusuna müraciətinə haqq qazandıra bilər. Ancaq sadəcə, Putinin səfərbərlik elanına görə qaçan rusiyalıların sayı daha çoxdur.

Filenko “North.Realities”ə müsahibəsində deyib ki, sentyabrın 26-da sərhədi keçən zaman rus sərhədçiləri onu bir neçə saat sorğu-sual edərək siyasi baxışları ilə maraqlanıblar.

"Pasportumu dəfələrlə gah alıb, gah da qaytardılar. Mənə Navalnının doğrudan da [Putin tərəfindən] zəhərləndiyinə inanıb-inanmadığım barədə suallar verdilər”, – Filenko deyir.

Filenko qarşıdakı üç ay ərzində iş icazəsi ala biləcəyinə ümid edir. Bu müddətdə o tez-tez İmatra kitabxanasına baş çəkir və həftədə iki dəfə fin dili dərslərinə gedir. Yerdə qalan vaxtının çox hissəsini isə müstəqil qaydada dili öyrənməklə məşğul olur.

Ukraynalı qaçqınlarla görüş

Fin hökuməti oktyabrın əvvəlində Ukrayna və Rusiyadan gələn və Finlandiyada sığınacaq almaq istəyən qaçqınların ayrı-ayrı məkanlarda yerləşdiriləcəyini elan edib. Hökumət bunu ukraynalıların rusiyalılarla bir yerdə qalmaq istəməməsi ilə izah edib.

Filenko Finlandiyada ukraynalı qaçqınlarla görüşünün ona necə təsir etdiyi barədə danışıb.

O yeni gələndə bir neçə gün Joensuu şəhərinin ətraflarında qalıb və buradakı tanışları ilə görüşüb. Getdiyi icma mərkəzində birlikdə çay içən ukraynalı ailələri görüb.

"Ukraynalı qadınların çay içərək söhbət etdiyi masanın arxasında oturdum və özümü fransız qaçqınlarla birlikdə Vermaxtdan İsveçrəyə qaçan əsgər kimi hiss etdim. Özümü necə aparacağımı bilmədim”, – Filenko deyir.

O qalxıb mətbəxi tərk etdiyini, dəhlizdə gedərkənsə emosiyalarına güclə hakim olduğunu deyir: “Mənə elə gəlir, şərin episentrindəyəm, heç nə də etmək olmur”.

XS
SM
MD
LG