Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:32

Azərbaycan 180 ölkə içində 163-cüdür


RSF-in media azadlığı xəritəsi.
RSF-in media azadlığı xəritəsi.

-

Son bir ildə dünyada media azadlığında kəskin eniş müşahidə olunub. Türkiyə, Polşa, Tacikistan və Misir kimi ölkələrdə hökumət mediaya məhdudiyyətləri gücləndirib.

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) aprelin 20-də Ümumdünya Mətbuat Azadlığı İndeksini yayıb.

İLK VƏ SON YERLƏRİ TUTANLAR

RSF dünyanın bir çox yerində informasiya azadlığında geriləmə olduğunu vurğulayır. Müstəqil media «dini ideologiyalar», «genişmiqyaslı təbliğat maşınları»ndan doğan təhlükəylə üz-üzə qalıb.

«Oliqarxlar media orqanlarını alır və onlara təzyiq göstərir, bu təzyiq eyni zamanda hökumətlərdən də gəlir», - RSF bildirir.

Dünyada mətbuat azadlığına görə ilk yerləri Finlandiya, Niderland, Norveç, Danimarka və Yeni Zelandiya tutur. Son yerlərdə isə Çin, Suriya, Türkmənistan, Şimali Koreya və Eritreya qərarlaşıb.

Reytinqi ən çox düşən ölkələr arasında Tacikistan da yer alıb. RSF bildirir ki, prezident Emomali Rahmon narazıları susdurmaqdan ötrü antiterror tədbirlərindən istifadə edib.

TƏNQİDÇİLƏRƏ QARŞI AMANSIZ MÜHARİBƏ

Azərbaycan 180 ölkə arasında 163-cü yerdə qərarlaşıb. Rusiya 148, Ermənistan 74, Gürcüstan 64-cü yerləri tutub.

Hesabatda Azərbaycanla bağlı deyilir ki, prezident İlham Əliyev plüralizmin bütün formalarını sıradan çıxarmaqla qane olmayıb, 2014-cü ildən bəri tənqidçilərinə qarşı amansız müharibə aparıb.

«Qısnama, döyülmə, şantaj və rüşvətə boyun əyməyən müstəqil jurnalistlər və bloqqerlər həbsə atılırlar. «Zerkalo», «Azadlıq» qəzetləri kimi müstəqil media iqtisadi baxımdan sıxışdırılıb. AzadlıqRadiosu güclə bağlanıb. Ən inadcılları, Emin Milli, Qənimət Zahid kimi mühacirətdə belə mübarizə aparıb tabe olmayanların ailə üzvləri təqib olunur».

Hakimiyyət təmsilçilərinin bu hesabatda deyilənlərə münasibəti bəlli deyil. Ancaq, adətən, ölkədə əsas insan və hüquq azadlıqlarının tam təmin olunduğu, mediaya heç bir basqı baş vermədiyi bildirilir.

XS
SM
MD
LG