Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:45

Deputat media indeksi haqda: 'Qaralama kampaniyasıdır'


Hikmət Məmmədov
Hikmət Məmmədov

«Sərhədsiz Reportyorlar Təşkilatı həmişəki ənənəsinə sadiq qalaraq, Azərbaycanla bağlı qaralama kampaniyası aparır». Deputat, Milli Məclisin İnsan haqları komitəsinin üzvü Hikmət Məmmədov adıçəkilən qurumun son hesabatında Azərbaycanın söz azadlığının durumuna görə «çox pis» qiymətləndirilməsini və adının xəritədə qara rəngdə göstərilməsini bu cür dəyərləndirir.

Sərhədsiz Reportyorlar Təşkilatının aprelin 26-da açıqlanan hesabatına görə, Azərbaycan 180 ölkə arasında 162-ci yerdədir, ölkə ötən il 163-cü yerdə qərarlaşmışdı.

DEPUTAT: «BÜTÜN KOMBİNASİYA BUNDAN İBARƏTDİR»

Deputat hesab edir ki, təşkilat Azərbaycanı qaralayıb və bunu ciddi qəbul etmək, «yalana, böhtana» cavab vermək lazım deyil. Onun qənaətincə, bu cür qurumlar milli dövlətlərə, hökumətlərə təzyiq etməkdən ötrü «Qərb imperializmi» tərəfindən yaradılıb:

Deputat Hikmət Məmmədov media indeksi haqda: «Qaralama kampaniyasıdır»
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00
Direct-ə keçid

– Saxta, yalançı, qeyri-obyektiv hesabat hazırlayaraq, milli dövlətlərin informasiya mərkəzinə ötürərək müzakirələr açırlar, təzyiq göstərmək istədikləri milli dövlətlərdə insan haqlarının, azadlıqların pozulması barədə rəy formalaşdırırlar. Və bundan həmin dövlətə təzyiq vasitəsi kimi istifadə edirlər. Bütün kombinasiya bundan ibarətdir.

– Hikmət müəllim, həmin hesabatda Kanada, ABŞ, Skandinaviya kimi ölkələrin də söz azadlığının durumuna görə gerilədiyi bildirilir. Bu durumda da həmin hesabatın obyektivliyi şübhə altına salına bilərmi?

– Bəzən obyektiv fon yaratmaq üçün belə addım ata bilərlər. Görəsən, Hollandiya haqqında nə yazıblar? Son dövrlərdə Hollandiyada, Almaniyada, Fransada baş verənlərlə bağlı bir şey yazıblarmı? Oradakı polis zorakılığından, vətəndaşların özünü ifadə azadlığından, ən adi hüququn - səsvermə hüququnun pozulması, kimə səs vermələriylə bağlı vətəndaşlara təzyiq göstərilməsi, ölkədən qovulmaqla hədələnməsi haqda hesabatda nəsə yazıblarmı? Bu, hüquq pozuntusu deyilmi?

– İstənilən halda, Azərbaycanda da söz azadlığı sahəsində durumun yaxşı olduğunu demək çətindir. Ötən il bir neçə jurnalist azadlığa buraxılsa da, bu il videobloqqer Mehman Hüseynov həbs edildi, Seymur Həzi hələ də həbsdədir və s.

– O həbslər jurnalist fəaliyyəti ilə bağlı deyil. İmperializmin məqsədi milli dövlətlərdə cəzasızlıq mühiti yaratmaqla anarxiya, xaos formalaşdırmaqdır. Kimsə peşəsini əsas gətirib törətdiyi cinayətə görə cəzadan yayınmağa çalışsa, ölkəmizdə çoxsaylı cinayətkarlar yaranar. Hər kəs törətdiyi cinayətə görə qanun qarşısında cavab verməlidir. Bu cür təşkilatların hesabatlarındasa, bax, bu cür faktlar qeydə alınmır.

– Sizin dediklərinizdən belə başa düşülməlidir ki, Azərbaycanda hər şey yaxşıdır?

– Yox, yox. Mən elə söz demədim. Hadisələri qiymətləndirmənin məntiqi, kriteriyalar doğru olmalıdır. Söhbət bundan gedir.

Elçin Şıxlı
Elçin Şıxlı

ELÇİN ŞIXLI: «DURUM ACINACAQLIDIR»

«Yerdə qalan 180 ölkədə mətbuatın durumunu bilmirəm, ancaq Azərbaycan mətbuatının durumu çox acınacaqlıdır». «Ayna» qəzetinin redaktoru Elçin Şıxlı belə deyir. O, yaranmış durumu mediada daha çox savadsızların çalışması ilə izah edir:

Elçin Şıxlı: «Jurnalistikada savadsızlıq baş alıb gedir»
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00
Direct-ə keçid


«Elementar bir misal gətirə bilərəm. Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyev dünən AZƏRTAC-a müsahibə verməli olub ki, Azərbaycan jurnalistlərinin böyük əksəriyyəti Konstitusiyanı oxumadığına görə qanuna ediləcək dəyişiklikləri yanlış başa düşür və səhv izah edirlər. Çox təəssüf ki, bizdə savadsızlıq baş alıb gedir, o cümlədən jurnalistikada, mədəniyyətdə və başqa sahələrdə».

O deyir ki, mətbuat azad olsa belə, bunun faydası olmayacaq, çünki bu gün jurnalistikada savadsızların sayı savadlıların sayından xeyli çoxdur və bu halda media azadlığından danışmaq yersizdir: «Savadsız adam azadlığın nə olduğunu başa düşmür və bilmir, savadsız adam gördüyü işin millətə, ölkəyə nə qədər ziyan vurduğunu anlamır, savadsız adam mənliyini dərk etmir. Söhbət bundan gedir».

E.Şıxlı ölkə mediasının savadsızların əlinə keçməsini «yuxarıda duranların böyük əksəriyyətinin savadsızlığı» ilə izah edir.

O ki qaldı, Azərbaycanın 180 ölkə arasında 162-ci yerdə qərarlaşmasına, redaktor deyir ki, «bu, bir o qədər də fərq etmir». E.Şıxlı Azərbaycanın bir pillə irəliləməsini jurnalist Rauf Mirqədirovun və Xədicə İsmayılın azadlığa buraxılması ilə izah edir. Amma bunun mətbuatın ümumi səviyyəsinə, vəziyyətinə aidiyyəti olmadığını düşünür.

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

AZƏR RƏŞİDOĞLU: «DURUMU DƏYİŞMƏK BARƏDƏ DÜŞÜNMƏK LAZIMDIR»

«Azərbaycanda ildən-ilə demokratik təsisatlara, mediaya, müxalifətə, ictimai fəallara münasibət ağırlaşır. Bu baxımdan Azərbaycanın mövqelərinin sərt tənqid edilməsi adi haldır». Siyasi şərhçi Azər Rəşidoğlu bu fikirdədir. Onun sözlərinə görə, problem ondadır ki, ictimai rəy bu tənqidlərə artıq vərdiş edib:

Azər Rəşidoğlu: «Sərt tənqidlər gəlir, ancaq nəticəsi olmur»
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00
Direct-ə keçid


«Sərt tənqidlər gəlir, ancaq heç bir nəticəsi olmur. Azərbaycan hakimiyyəti müsbətə doğru dəyişiklik aparmır və bu iradədə olmadığını nümayiş etdirir. Bu baxımdan belə tənqidlərin önəm kəsb etdiyini düşünmürəm».

Siyasi şərhçinin qənaətincə, Azərbaycanda durumun necə olduğunu əhali də bilir, beynəlxalq təşkilatların hesabatlarında da bu, dəfələrlə vurğulanıb. «Azərbaycanda durum son dərəcə kritikdir və bu durumu dəyişmək barədə düşünmək lazımdır», – deyə o, fikrini bitirir.

XS
SM
MD
LG