Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:08

YouTube dövründə kinonu yasaqlamağın nə mənası var?


Haifaa al-Mansour
Haifaa al-Mansour

Haifaa al-Mansour Səudiyyə Ərəbistanından kinorejissordur. Onun debütü olan «Wadjda» filmi Səudiyyə Ərəbistanında çəkilmiş ilk bədii filmdir. Bu, həm də qadın rejissorun çəkdiyi ilk filmdir. Film Səudiyyə Ərəbistanı tərəfindən ən yaxşı xaricidilli film kateqoriyasında 86-cı «Oscar» mükafatına namizəd göstərilib.

Səudiyyə Ərəbistanında kinoteatrlar hələ 1980-ci illərdən bəri qadağan edilib.

BAŞ ƏYLƏNCƏ İDARƏSİ YARADILIR

Haifaa al-Mansour yazır ki, kinoteatrların yenidən açılmasına ümidləri dəfələrlə puça çıxıb. Ancaq ölkə rəhbərliyinin «Vision 2030» adlı islahat proqramı çərçivəsində Baş Əyləncə İdarəsinin yaradılması onun nikbinliyini artırıb.

«Kinoteatrların açılması insanların vaxtlarının çox hissəsini evdə keçirdikləri ölkədə daxili əyləncə imkanlarını artırmaq üçün təbii plan olmazdımı? Dünyanın başqa hansı ölkəsində daha çox təcrid olunmuş auditoriya var? Bu, təkcə yerli iqtisadiyyata böyük töhfə olmazdı, həm də mədəniyyətimizə uyğunluq baxımından daha asan nəzarətdə saxlana bilərdi. Yaxşı, bəs onda niyə bu problem hesab olunur?», – deyə rejissor yazır.

Ancaq Səudiyyə Ərəbistanında ən yüksək səlahiyyətli və nüfuzlu dini lider olan Ali Müfti Sheikh Abdul Aziz Al Sheikh bəyan edib ki, kino və konsertlər «əxlaqsızdır» və milli dəyərlərə ziddir.

«Ölkədə şahidi olduğumuz bir sıra müsbət dəyişikliklər var. Qadınlar ticarət mərkəzlərindən tutmuş, Şuraya qədər çox yerdə işləyə bilirlər. Müasirləşmə istiqamətində iri addımlar atılıb. Ancaq yenə də bütün dünya bizi «qadınların maşın sürə bilmədiyi və kinoteatrların qanunsuz sayıldığı ölkə» kimi tanıyır», – al-Mansour yazır.

MƏDƏNİ KİMLİYƏ TƏHLÜKƏ?

«Maşın sürməklə bağlı hər şey aydındır. Mühafizəkarlar avtomobil idarə etmək məsələsini qadın hüquqlarına qarşı mübarizələrində son sədd kimi görürlər. Bizim fiziki mobilliyimizə nəzarət etmək onların zülmünün bütün digər formalarının əsasını təşkil edir.

Ər-Riyadda qadın sürücü.
Ər-Riyadda qadın sürücü.

Yaxşı, bəs kinoteatrlar niyə qadağan edilir? Səudiyyəlilər evlərində istədikləri şeyi dinləyə, yaxud izləyə bilmirlərmi? Bu ki dünyanın ən internetə bağlı xalqlarından biridir. Dünyanın bütün kontenti, senzurasız-filansız, çox zaman da YouTube kimi saytlarda pulsuz, onların barmaqlarının ucundadır. Kinoteatrlarsa bütün digər ictimai yerlər kimi cinsi zəmində seqreqasiyalı ola bilər. Ancaq problem bu deyil», – deyə səudiyyəli rejissor qeyd edir.

Onun sözlərinə görə, söhbət incəsənətin Səudiyyə Ərəbistanı Krallığının ictimai həyatında oynadığı roldan gedir. Hazırda incəsənətin bütün növləri mədəni kimliyə təhlükə kimi görülür.

«BU, BİZİM HEKAYƏMİZ DEYİL»

«Nəticədə isə biz özümüzə ekranda baxanda, səudiyyəlilərin xaricilər tərəfindən yaradılmış terrorçu, ekstremist, yaxud müasir dünyaya qoşulmağa qadir olmayan, mədəni cəhətdən primitiv obrazını görürük. Bu isə mənim ölkəm deyil. Bu, bizim hekayəmiz deyil. Bizim mədəniyyətimiz zəngin, yumorumuz kəskin, ağlımız iti, özümüz sevgi və ümidlə doluyuq. Heç bir yanlış təsvirin poza bilməyəcəyi yenilməz ruhumuz var. Biz qurban, ekstremist, yaxud əfəl deyilik.

Krallıqda yaşayanlar... hər birimizin mühüm hekayələrimiz, ideyalarımız, baxış bucağımız var. Musiqimizin və şeirimizin xüsusi ritmi var. Rənglərin və teksturaların qarışığı yalnız bizə aiddir. Mənim film vasitəsilə göstərmək istədiyim Səudiyyə Ərəbistanı budur.

Şahzadə Al Waleed bin Talal və xanımı Amira al-Taweel.
Şahzadə Al Waleed bin Talal və xanımı Amira al-Taweel.

Ancaq biz zəruri fiziki və intellektual infrastruktura sərmayə qoymayınca, heç zaman öz hekayələrimizi qürurla göstərə, yaxud onları görməyə həvəsli auditoriyaları yarada bilməyəcəyik», – deyə Haifaa al-Mansour yazır.

ŞAHZADƏ DƏSTƏYİ

Sonda səudiyyəli kinorejissor qeyd edir ki, Səudiyyə kinosunu dəstəkləyən bir neçə şəxs var.

Onun sözlərinə görə, şahzadə Al Waleed bin Talal «Wadjda» filmini dəstəkləyən yeganə səudiyyəli investor olub. Şahzadə yerli kino sənayesinin inkişafı istiqamətində işini davam etdirir.

«Kinoteatrlar olmadan Səudiyyə kinosuna qoyulmuş investisiyalar bəhrə verməyəcək.

Səudiyyə kinosu olmadan hekayənin bizə aid hissəsi heç zaman danışılmayacaq», – al-Mansour yazır.

XS
SM
MD
LG