Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:46

İsraildən Azərbaycana silah reysləri – 7 ilə 92 uçuş...


Beynəlxalq qurum: Azərbaycan İsraildən 100 kamikadze dron alıb
Gözlə

No media source currently available

0:00 0:03:22 0:00

Beynəlxalq qurum: Azərbaycan İsraildən 100 kamikadze dron alıb

Son yeddi ildə Azərbaycanın “Silk Way Airlines” karqo şirkəti İsrailin cənubundakı Ovda aeroportuna 92 uçuş həyata keçirib. İsrailin “Haaretz” qəzeti martın 6-da yazıb ki, “Silk Way Airlines” Ovdaya eniş edən, İsrailin hava məkanından silah daşımağa icazəsi olan azsaylı xarici şirkətlərdən biridir.

Araşdırmada deyilir ki, Ovda İsrailin silah daşıyan reysləri qəbul etmək icazəsi olan yeganə hava bazasıdır. Negev səhrasında yerləşən Ovdadan fərqli olaraq İsrailin Ben Gurion aeroportu ölkənin mərkəzində sıx məskunlaşmış ərazidə yerləşir, ona görə də partlayıcı olan yük təyyarələrinin oraya giriş icazəsi yoxdur.

Ovda eyni zamanda mülki və hərbçi uçuşlara xidmət edir. Bu aeroporta uçuşların bəzilərinin Azərbaycanın Müdafiə Nazirliyinin işarəsi ilə həyata keçirildiyi qeyd olunur.

“Silk Way” Asiyada ən böyük karqo şirkətlərindən biridir. “Haaretz” qeyd edir ki, “Silk Way Airlines” hər həftə Bakı aeroportu ilə Ben Gurion arasında üç uçuş həyata keçirir.

Qəzet məhz mülki karqo təyyarələri üçün qeyri-adi məkan sayılan Ovdaya şirkətin IL-76 təyyarələrinin son yeddi ildə azı 92 uçuş həyata keçirməsinin ilk dəfə açıqlandığını yazır.

Qarabağ münaqişəsi fonunda

Data həmin reyslərin 2016-cı ilin ortasında və 2020-ci ilin sonu, 2021-ci ilin əvvəlində intensivləşdiyini qeyd edir. Həmin dövrdə Qarabağda döyüşlər qızışıb. Azərbaycanın toqquşmalarda İsrail və Türkiyə silahlarından daha çox istifadə etdiyi bildirilir.

Elə “Al-Monitor” portalı da bütün bunların Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin qalması fonunda baş verməsinə diqqət çəkir.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etsə də, sərhədlər delimitasiya olunmayıb. Qarabağda ermənilər yaşayan yerlərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

“Al-Monitor” Bakı və İsrailin son 30 ildə əməkdaşlığı dərinləşdirdiyini, ancaq münasibətlərin miqyasının əsasən gizlin saxlandığını qeyd edir. Azərbaycan İranla həmsərhəddir. Yerusəlim isə Bakını vacib təhlükəsizlik və strateji tərəfdaş hesab edir.

SIPRI-nin araşdırması

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2021-ci ildə yazıb ki, İsrail Azərbaycana silah satır və qarşılığında Bakıdan yanacaq alır, Bakı eyni zamanda qonşu İrana dair yığdığı kəşfiyyat məlumatını paylaşır. “Times of London” kimi nəşrlər isə Azərbaycanın Mossad-a ərazisində şöbə açaraq İranda baş verənləri izləməsinə icazə verdiyini yazsa da, İsrail hakimiyyəti bu məlumatları heç vaxt təsdiqləməyib.

İsrail Azərbaycana müasir silah sistemləri, ballistik raketlər, hücum dronları satması haqda bəyanatları da təsdiqləməyib.

Xarici mətbuatın son yazdıqlarına “Silk Way Airlines” şirkətinin, Azərbaycanın Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Azərbaycan ötən noyabrda İsraildə səfirlik açacağını elan edib. Martın 29-da Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov səfirliyin açılışına qatılacaq.

XS
SM
MD
LG