Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:03

'Siyasi partiyalar haqqında' Qanunu pozsan...


Hansı ölkənin siyasi partiyalar haqqında qanunu daha demokratikdir?
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

Hansı ölkənin siyasi partiyalar haqqında qanunu daha demokratikdir?

Yanvarın 11-də Prezident İlham Əliyev mübahisəli "Siyasi partiyalar haqqında" Qanunu təsdiqlədi. Bununla bağlı fərmanın bir bəndində prezident Nazirlər Kabinetinə tapşırır ki, "Siyasi partiyalar haqqında" Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyənləşdirən qanun layihəsini iki aya hazırlayıb ona təqdim etsin.

F.Mustafa
F.Mustafa

"Bütün məsələlər məhkəmədən keçir"

Bu tapşırıqla bağlı Nazirlər Kabineti ilə danışmaq mümkün olmayıb. Amma Milli Məclisin deputatı Fazil Mustafa "Turan"a bildirib ki, "Siyasi partiyalar haqqında" Qanunun özündə məsuliyyət yaradan məsələləri müvafiq icra hakimiyyəti orqanı qaldırır: "Məsələn, konkret olaraq Mərkəzi Seçki Komissiyası partiyaların maliyyə fəaliyyətinə nəzarət edir, partiyalar onunla bağlı hesabat verir. Vermədikdə onlarla bağlı məhkəmədə məsələ qaldırılır. Bütün məsələlər məhkəmədən keçir".

Onun sözlərinə görə, konkret Nazirlər Kabinetinə verilən bu tapşırıq da bilavasitə məhkəməyə qədərki məsuliyyət prosedurunun hazırlanması ilə bağlıdır: "Yəni ki, hansı qurum hansı məsələləri qaldıra bilər. Məsələn, Ədliyyə Nazirliyi partiyalar qanunvericiliyin tələblərinə əməl etmirsə, məsələ qaldıra bilər və s.".

A.Hacılı
A.Hacılı

"Bu tipli məsələləri qanuniləşdirməyə çalışırlar"

Müsavat başqanı Arif Hacılı isə AzadlıqRadiosuna bildirib ki, yeni "Siyasi partiyalar haqqında" Qanunun qəbulu və bundan sonra atılan addımlar ölkədə siyasi partiyaların fəaliyyətini daha da məhdudlaşdırmaq məqsədi daşıyır: "Ölkədə normal siyasi rəqabət üçün şərait yoxdur. Sadəcə indi hakimiyyət partiyaların fəaliyyətini məhdudlaşdırmaq, partiyaların ləğvi, partiyaların qeydiyyata alınmasından imtina və bu tipli məsələləri qanuniləşdirməyə çalışır".

Onun sözlərinə görə, baş verənlər bir planın tərkib hissəsidir: "Uzun illərdir ki, ölkədə faktiki olaraq birpartiyalı sistem yaratmaq məqsədini həyata keçirmək planı reallaşdırılır".

A.Hacılının fikrincə, partiyaların qeydiyyatının ləğvi ilə yanaşı, yeni qanunla partiya rəhbərlərinin da inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi gündəmə gələ bilər.

Ə.Məmmədli
Ə.Məmmədli

"Yeni müddəalar bir daha nəzərdən keçiriləcək"

Hüquqşünas Ələsgər Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, bu, əslində qanunvericilik baxımından normal bir prosedurdur: "Çünki yeni qanun qəbul olunduqdan sonra bu qanunla müəyyən edilən məhdudiyyətlərlə əlaqədar İnzibati Xətalar Məcəlləsində, yaxud Cinayət Məcəlləsində hansı sanksiyalar olmalıdır, ona uyğun təkliflər hazırlanmalıdır. Bu da Nazirlər Kabinetinin vəzifəsidir".

Ekspertin sözlərinə görə, bu, sıradan qanunvericilik yaradıcılığı məsələsidir: "Hazırkı İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində də "Siyasi partiyalar haqqında" Qanunun tələblərinin pozulmasına görə məsuliyyət var və böyük ehtimalla bu qanunun yeni müddəaları bir daha nəzərdən keçiriləcək".

Kasıb, haqqı tapdanan YAP-çılar....
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

Xatırlatma

Ötən ilin dekabrında Azərbaycan Milli Məclisi siyasi partiyalar haqqında yeni qanun qəbul edib. Amma Müsavat və AXCP kimi müxalif qüvvələr onu tənqidlə qarşıladılar. Onlar xüsusilə qeydiyyat üçün üzvlərin sayının mindən 5 minə qaldırılmasını, bu say 4 min 500-dən az olanda qeydiyyatın ləğvi məsələsinin gündəmə gətirilə bilinəcəyini və partiya üzvlərinin reyestrinin yaradılmasını tənqid edirlər. Həmin müxalif qüvvələrin fikrincə, hakimiyyət bununla real müxalifəti sıradan çıxarmağa çalışacaq. Amma rəsmilər belə fikirləri qəbul etmirlər. Onların fikrincə, yeni qanun cəmiyyətin yeni çağırışlarına uyğun hazırlanıb və ölkədə dinc, sərbəst fəaliyyətə tam imkan yaradır.

XS
SM
MD
LG