Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:53

168 ailə nə yerdədir, nə göydə...


Kompensasiya:
Təklif olunur: 150 AZN
Tələb olunur: 1500 AZN
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

Kompensasiya: Təklif olunur: 150 AZN Tələb olunur: 1500 AZN

«7 ildən çoxdur bizi məhkəmələrdə süründürürlər. Bir deyil, beş deyil, söhbət 168 ailədən gedir».

Məhkəmələrdə süründürüldüyünü iddia edən 168 ailədən biri Xətai rayonu İlham Məmmədov küçəsində yaşayan Cəlal Şükürovun ailəsidir.

Cəlal Şükürov masanın üzərinə bir qovluq sənəd düzür:

«Bu, «Azərneftyağ»ın ovaxtkı iddia ərizəsi, bu, bizdən xəbərsiz çıxan məhkəmə qərarı, bu, nümayəndələrimizin apellyasiya şikayətləri, bu, vəsatətlər, bu, Mehriban xanıma, İlham Əliyevə, Rövnəq Abdullayevə sakinlər adından göndərdiyimiz məktublar...».

Sadalanan siyahı da uzundur, göndərilən məktubların, teleqramların masaya düzülmüş qəbzləri də bitib tükənmir. Beləcə, 168 ailə, illərdir ki, küçədə qalmamaq üçün hökumətlə mücadilə edir.

PROBLEM BELƏ YARANIB

«Azərneftyağ» neft emalı zavodu 7 il əvvəl Xətai rayon Məhkəməsində İlham Məmmədov küçəsində yaşayan 168 ailəyə qarşı iddia qaldırıb. Zavod iddiasını belə əsaslandırıb ki, ərazi ona məxsusdur və sakinlər öz hesablarına tikililəri söküb torpaqları boşaldaraq zavoda qaytarmalıdır. Məhkəmə də iddianı təmin edib. Sakinlərdən xəbərsiz çıxarılan qərar ünvanlara çatınca, ərazidə yaşayanlar arasında çaxnaşma düşüb. Ötən 7 ildə sakinlər bu qərara etirazlarını müxtəlif formalarda bildiriblər. Gah Prezident Administrasiyasının qarşısına toplaşıblar, gah da yol kəsiblər...

«HEÇ KƏS EVİNDƏ DİVARA MIX VURA BİLMİR»

Cəlal Şükürovun şikayəti ondandır ki, hətta evində təmir işi də görə bilmir:

«Evin dam örtüyünü dəyişmək istəyirəm. Lazımi materiallar da alıb yığmışam, ancaq işə başlamağa imkan vermirlər. Sahə müvəkkili xəbər tutan kimi, başımızın üstünü kəsdirir ki, «olmaz». Heç kəs evində divara mıx vura bilmir. 7 ildir ki, bu məhəllələrdə həyat donub. Nə o tərəflik edirlər, nə bu tərəflik... Ya kompensasiya versinlər, çıxıb gedək, ev alaq, bilək ki, divara mıx vuranda gəlib çəkici əlimizdən almayacaqlar, ya da çıxardıqları məhkəmə qərarlarını ləğv eləsinlər, insanlar elə burada həyatlarını sürsün».

NZS qəsəbəsində də evlərin sökülməsi tələb edilir
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00
Direct-ə keçid

«DEYİRDİK Kİ, KOMPENSASİYA VERSİNLƏR»

Eyni küçədə yaşayan Təranə Baxşıyeva:

«Deyirdik ki, kompensasiya versinlər, ya da başqa yerdə ev versinlər, deyirdilər, «nə danışırsınız, məhkəmə qərarına görə, evləri öz hesabınıza söküb torpaqları boşaltmalısız, siz hələ bir kompensasiya da arzulayırsınız?!.». Burdakı evlərin çoxunun «kupça»sı vardı, məhkəmə ləğv edib. Təsəvvür edirsiniz, vətəndaşın mülkiyyət hüququnu təsdiqləyən sənəd özündən xəbərsiz məhkəmədə ləğv olunur... Özbaşınalıq deyil, nədir bu?..».

Beləcə, sakinlər üst pillə məhkəmələrə gah birinci instansiya məhkəməsində çıxarılan qərarın ləğv olunması, gah da kompensasiya ödənilməsi üçün müraciət edib. Kompensasiyanın verilməsi tələbi ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edilib. Ekspertiza rəyinə görə, mənzilin hər kvadratmetrinə 150 AZN, əla təmirli mənzilə isə 300 AZN məbləğində kompensasiya müəyyənləşdirilib. Lakin sakinlər iddia edirlər ki, ekspertiza rəyində qiymətlərin nəyə əsaslandığı göstərilməyib. Onlar evlərinin hər kvadratmetrinə 1500 manat kompensasiya tələb edirlər.

Evlərin yerləşdiyi torpaq sahəsinin «Azərneftyağ» zavodunun ərazisinə daxil olub-olmaması da müəyyənləşdirilməyib. 7 ildir davam edən məhkəmə çəkişmələri, işin obyektiv və tam araşdırılmaması sakinlərin əsəblərini tarıma çəkib.

«O EVLƏR QEYDİYYATA ALINMALIDIR»

Prezident İlham Əliyev 2011-ci il martın 9-da keçirdiyi müşavirədə Bakıda evlərin qeydiyyata alınması sahəsində problem olduğunu və bu problemin həllində xoşagəlməz halların qarşısını tam şəkildə almağın vacibliyini vurğulayaraq, Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısına tapşırıq verib. Ölkə başçısı çıxışında belə demişdi:

«... O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər. Rüşvət, əsassız maraqlar da ola bilər. Bu, reallıqdır. Ona görə də göstəriş vermişəm ki, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənsin. Biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürəcəyik. Yoxsa xoşniyyətli təşəbbüs bəzi adamların tamahkarlığı ucbatından bizə problem gətirər. Ona görə bu mexanizm işlənilməlidir. Çox ciddi təftiş aparılmalıdır ki, hansı evlər qeydiyyata alınsın. Ancaq gələcəkdə bu qanunsuz evlərin tikintisinə yol verilməməlidir».

MƏHKƏMƏ QƏRARI OLMADAN DA SÖKÜLƏN EVLƏR VAR

Bu xəbərdarlıqdan sonra neft şirkətinə aid torpaqların zəbt olunması iddiaları daha da çoxalıb və şirkət Bakının müxtəlif yerlərində yüzlərlə ailəyə qarşı tikililərin sökülməsinə dair məhkəmə iddiası qaldırıb. Bu iddiaların böyük hissəsini məhkəmələr təmin edib. Məhkəmə qərarı olmadan da yüzlərlə ev sökülüb.

Dövlət Neft Şirkəti iddiasından geri çəkilmir. Bu barədə dəfələrlə AzadlıqRadiosunun «Qaynar xətt»inə danışan şirkət rəsmiləri şirkətin balansında olan torpaq sahələrini bələdiyyələrin qanunsuz şəkildə satdığını iddia ediblər.

XS
SM
MD
LG