Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:36

Dördüncü üçtərəfli bəyanat qəbul edilib


Əliyev Putinə: ‘Münaqişə 2 il öncə bitib, müzakirə olunası bir şey yoxdu’
Gözlə

No media source currently available

0:00 0:15:56 0:00

Əliyev Putinə: ‘Münaqişə 2 il öncə bitib, müzakirə olunası bir şey yoxdu’

Oktyabrın 31-də Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları ilə bağlı bəyanat qəbul edilib.

Sənəddə yazılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin bundan əvvəlki 3 bəyanatın (9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il) icrasını müzakirə ediblər.

Həmin bəyanatlarda tərəflər arasında atəşkəsin saxlanılmasından, bölgəyə Rusiya sülhmərəmlıların yerləşdirilməsindən, daha sonra isə iqtisadi və nəqliyyat əlaqələrinin bərpasından bəhs edilib.

Bu son bəynatda isə qeyd edilib ki, Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi maraqları naminə yuxarıda qeyd olunan sazişlərə ciddi əməl etməyə sadiq olduqlarını təsdiq edirlər:

“Biz humanitar məsələlər bloku da daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşdıq”.

Bəyanatda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə əsas töhfəsi qeyd edilib, onun regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində səylərinin aktuallığı vurğulanıb.

Sənəddə o da bildirilib ki, müəlliflər güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə razılşıblar.

Ermənistanda itkin düşmüş 29 əsgərin yaxınları cavab gözləyirlər
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Habelə, bütün problemli məsələləri yalnız BMT Nizamnaməsinə, 1991-ci ilin Alma-Ata bəyannaməsinə (Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsipləri, əsasları barədə bəyannamə-red) uyğun suverenliyin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etməyə razı olublar:

“Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına aktiv hazırlığın vacibliyini vurğuladıq. Mövcud işlənilmələr əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya Federasiyası buna hər cür kömək göstərəcək".

Həmçinin sənədə görə, Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspert icmaları və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün Azərbaycan ilə Ermənistan arasında müsbət atmosferin yaradılması, iki ölkə xalqları arasında etimadı gücləndirmək məqsədi ilə üçtərəfli parlamentlərarası təmasların başlanması da vacib sayılıb:

“Azərbaycan və Ermənistan liderləri Rusiyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və rifahın təmin edilməsinə bundan sonra da hər cür töhfə verməyə hazır olduğunu alqışladılar”.

Putin: ‘Açıq deməliyəm, bütün məsələləri razılaşdırmaq mümkün olmadı...’

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra bildirib ki, oktyabrın 31-də əvvəlcə Ermənistan nümayəndə heyəti ilə, sonra Nikol Paşinyanla, daha sonra Azərbaycan nümayəndə heyəti və İlham Əliyevlə görüşlər keçirib.

Onun sözlərinə görə bunun ardınca Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüş keçirilib.

Putin bu görüşün faydalı olduğunu, gələcəkdə mümkün razılaşmalar üçün yaxşı mühit yaradıldığını deyib:

“Bugün biz üçtərəfli bəyanatı razılaşdırdıq. Açıq deməliyəm, bütün məsələləri razılaşdırmaq mümkün olmadı, bəzi məsələləri ekspertlər səviyyəsində işlənmiş mətndən çıxarmaq lazım gəldi. Buna baxmayaraq mən belə bir ümumi qiymətləndirmə ilə razıyam ki, görüş faydalı olub və ümumilikdə vəziyyətin tənzimlənməsi istiqamətində sonrakı addımların atılması üçün şərait yaradılıb”.

Putin bundan əvvəlki üçtərtəfli danışıqlrdan bəhs edərkən deyib ki, o vaxt prinsipial məsələr üzrə razılıq əldə olunmuşdu və bundan sonra da əldə edilə bilər.

Rusiya prezidenti azərbaycanlı və ermənistanlı həmkarlarına təşəkkürünü bildirib və deyib ki, üçtərəfli görüşlər gələcəkdə də davam etdiriləcək.

Vladimir Putin və İlham Əliyev
Vladimir Putin və İlham Əliyev

Əliyev Putinə: 'Qarabağ münaqişəsi artıq tarixdir...'

Oktyabrın 31-də Soçidə Azərbaycan prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib.

AZƏRTAC-ın xəbərinə görə,Rusiya Prezidenti Vladimir Putin deyib ki, bu görüşün məqsədi 2020-ci və 2021-ci illərdə nail olduqları bütün razılaşmaların yerinə yetirilməsini təmin etməkdir:

“Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında nəzərəçarpacaq, mühüm rol oynayıb. Hazırda bizim sülhməramlı kontingentimiz öz missiyasını necə yerinə yetirməli idisə, elə də yerinə yetirir. Bu dəyərləndirmənizə görə sizə təşəkkür edirəm.”

Onun deməsinə görə, indi də hələ həll edilməmiş məsələlərin həlli yollarını axtarmaq lazım gələcək.

İlham Əliyev də öz növbəsində deyib ki, indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib.

Onun deməsinə görə, Qarabağ münaqişəsi artıq tarixdə qalıb:

“O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır.”

Putin: ‘Bu münaqişəni qurtarmaq lazımdır’

Oktyabrın 31-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.

Bu barədə məlumatı Kremlin mətbuat xidməti bildirib.

Bunun ardınca Putin, Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında üçtərəfli görüş olmalıdır.

Rusiya tərəfindən alınan məlumatlara görə Putin Paşinyanla görüşdən sonra deyib ki, bu münaqişəni başa çatdırmaq zəruridir.

O habelə qeyd edib ki, regiondakı nəqliyyat və infrastruktur kommunikasiyalarını açmaq lazımdır:

“Biz həmkarlarımızın Ermənistan-Azərbaycan sərhədində və Qarabağ ətrafında baş verənlərə yanaşmasını görürük. Bu münaqişə artıq onilliklərdir davam edir və buna görə də onu hər halda nə vaxtsa bitirmək lazımdır, razısınızmı? Bilirəm ki, sizin bu məsələdə siyasi iradəniz var. Biz bunu hər vəchlə dəstəkləyirik”.

Rusiya lideri deyib ki, üçtərəfli danışıqlardan əvvəl əsas məqamları müəyyən etmək lazımdır ki, irəliləyiş əldə etmək mümkün olsun:

“Mən hərbi münaqişənin dayandırılmasına necə nail olunduğunu xatırlayıram. Biz onda hamımız belə bir mövqedən çıxış edirdik ki, ən başlıcası sülhü təmin etmək və inkişaf üçün, Ermənistanın iqtisadi inkişadfı üçün şərait, iqtisadiyyatın, sosial sferanın inkişafı üçün yeni marşrutlar yaratmaq lazımdır. Nəticə etibarilə bunun üzərində işləyirik. Bütün bunlar insanların maraqları üçün planlaşdırılır. Buna görə də biz bugün bütün bu məsələlər barədə danışmalıyıq. Mən çox ümid edirəm ki, irəliləyişə nail olacağıq”.

Putin əlavə edib ki, Rusiya tərəfi Ermənistanın Rusiyanın strateji müttəfiqi olması faktından çıxış edir:

“KTMT liderlərinin görüşündə dedidiyim kimi. Qədim zamanlardan necə deyərlər, bugünədək... Odur ki, bu, bizim üçün hər halda xüsusi haldır. Mən çox ümid edirəm ki, biz bugün nizamlamaya doğru addımlar ata biləcəyik”.

RIA Novostinin yazdığına görə Paşinyan deyib ki, Ermənistan regional kommuniksiyaların açılmasına hazırdır və bu barədə qərarı istənilən vaxt qəbul edə bilər.

O əlavə edib ki, Ermənistanın ərazisindəki kommunikasiyalar onun yurisdiksiyasında olmalıdır.

Soçidə Putin-Paşinyan görüşü başa çatıb

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar olub.

Paşinyan bildirib ki, Yerevan Ermənistan-Azərbaycan tənzimləməsinə dair Rusiyanın layihəsi ilə razıdır.

Bu gün, oktyabrın 31-də habelə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli danışıqları keçirilməlidir.

AzadlıqRadiosunun erməni xidməti – "Azatutyun" Paşinyana istinadla yazır ki, görüşdən sonra üçtərəfli bəyanat verilə bilər.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Putin-Əliyev-Paşinyan görüşünün nəticələrinə dair müəyyən bir sənədin imzalanacağı haqqında məlumatı nə təkzib, nə də təsdiq etmişdi.

İlham Əliyev Soçiyə gedib

Oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə səfər edib.

Səfər Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə gerçəkləşib.

Prezident İ.Əliyevin bu səfər çərçivəsində Rusiya Prezidenti V.Putin və Ermənistan Baş naziri N.Paşinyanla görüşü nəzərdə tutulur.

Kremlin məlumatına görə, danışıqlarda ötən il Moskvanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların necə yerinə yetirilməsinə diqqət ayrılacaq.

Putin hər iki liderlə ayrı-ayrılıqda da danışıqlar aparacaq.

Ermənistanın Baş naziri N.Paşinyan Soçi danışıqlarından öncə deyib ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin mandatının 20 ilədək uzadılmasına hazırdır.

"Sülhməramlıların mandatını 10, 15, 20 il uzatmağa dair sənədi Soçidə imzalamağa hazıram", –Paşinyan oktyabrın 29-da bildirib.

Ötən ay iki ölkə arasında sərhəd toqquşmalarında 286 hərbçi öldürülüb.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Bununla belə, ötən ilin dekabrından başlayaraq iki ölkə arasında sülh danışıqları Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı. Azərbaycanla Ermənistan liderlərinin sonuncu görüşü də oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşmişdi. Yelisey Sarayının həmin görüşdən sonra yaydığı bəyanatda qeyd edilib ki, Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır: "Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib…".

Artıq həmin missiyanın fəaliyyətə başladığı bildirilir.

XS
SM
MD
LG