Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:33

İctimai nəqliyyatda Çin kameraları suallar yaradıb


Arxiv fotosu
Arxiv fotosu

Bolqarıstanın paytaxtı Sofiyada ictimai nəqliyyatda CCTV kameralarının quraşdırılması tənqidlərə yol açıb. Kameraların istehsalçısı Çinin qalmaqallarda adı hallanan Hikvision şirkətidir. Sofiya sakini Konstantin Delçev bu şirkətin adını xəbərlərdə çox eşitdiyini deyir.

“Ağla gələn ilk suallar belədir ki, bizə bu lazımdırmı, vergiödəyicilərinin pulunu buna xərcləməyə dəyərmi. Digər sual isə bu şirkəti kimin seçməsidir, niyə başqası yox, onlar?” – Delçev AzadlıqRadiosuna deyib.

İnformatika sahəsində PhD dərəcəsi olan Delçev Hikvision və kibertəhlükəsizlik dünyasına yad deyil. Ekspertlər və bəzi Qərb hökumətləri Hikvision avadanlığının zəif tərəflərindən danışırlar, onun bütün dünyada tənzimlənməyən müşahidə həyata keçirə biləcəyini deyirlər. Delçev Hikvision kamerasıyla birlikdə fotosunu Facebook-da paylaşıb. Bu post kameralardan istifadə və nəqliyyatda niyə quraşdırılması haqda Bolqarıstan parlamentində daha geniş müzakirəyə səbəb olub.

Qadağalar

Hikvision dünyada video-müşahidə avadanlığının ən böyük istehsalçısıdır, onillərlə qlobal bazarda dominantlıq edən Çin texnologiya şirkətlərinin önündə gedir. Bu şirkət Çin ordusuyla əlaqələri, Sintzyan əyalətində uyğurları və digər azlıqları izləməkdən ötrü xüsusi texnologiyanın hazırlanmasındakı roluna görə ABŞ sanksiyalarının hədəfinə çevrilib.

Hikvision kameraları datanın yaxşı qorunmamasına görə də tənqid olunur. Tədqiqatçılar üzə çıxarıblar ki, hakerlər uzaqdan bu sistemə çıxış əldə edə, kameralara nəzarət edə bilərlər.

ABŞ Hikvision kameralarını, digər Çin avadanlığı və şirkətlərinin bir qismini qadağan edib. Böyük Britaniya, Avstraliya Çin istehsalı olan kameraları hökuməti binalarından yığışdırıb. Avropa İttifaqında Hikvision-ə məhdudiyyətlər olmasa da, Avropa Parlamenti bu şirkətin istehsalı olan avadanlığı özünə aid məkanlardan çıxarıb.

Deputat sorğusu

Müxalifətin Demokratik Bolqarıstan parlament blokundan deputat Bojidar Bojanov deyir ki, Delçevin postunu görəndən sonra Dövlət Milli Təhlükəsizlik Agentliyinə müraciət edib ki, Sofiyada ictimai nəqliyyatda yeni müşahidə kameralarıyla bağlı hər hansı pozuntunu önləmək üçün tədbirlərə baxsın.

“Demirəm ki, rusiyalılar, yaxud çinlilər bizi izləyəcəklər. Dediyim odur ki, Çin, yaxud Rusiya texnologiyası potensial təhlükə altında olduğundan, paytaxtda ictimai nəqliyyat kimi strateji fəaliyyətə mənfi təsir göstərə, ona risk yarada bilər”, – deputat qeyd edib.

Sofiyada ictimai nəqliyyatda 4 min 300 kameranın quraşdırılmasına 45 milyon dollar ayrılıb. Sistem 2020-ci ilin sonundan işə düşüb. Rəsmi orqanlar kameraların quraşdırılmasını sürücülər və sərnişinlər üçün “daha yaxşı təhlükəsiz” şərait yaradılması ilə izah edir.

Kameraların zəif cəhəti

Hikvision kameralarının zəifliyi məsələsi 2021-ci ildə üzə çıxıb. Anonim təhlükəsizlik araşdırmaçısı bildirib ki, bu məhsul “hücum edənə cihaza tam nəzarət imkanı verir”.

Hikvision bu çatışmazlığı etiraf edərək istifadəçilərə cihazlarına yeni proqram yükləməyə çağırıb.

Sözügedən qüsurun dünyada 100 milyondan çox kameranı əhatələdiyi bildirilir.

Sofiyada kameraların yerləşdirilməsi kontraktının arxasında konsorsium və subpodratçı isə hər hansı zəifliyin aşkarlandığını, aradan qaldırılıb-qaldırılmadığını açıqlamayıb. Qurumlar AzadlıqRadiosunun sorğularını da cavablandırmayıb.

Müxalifətdən olan deputat Bojanov isə deyir ki, suallarına cavab almağa çalışacaq, təhlükəsizlik standartları ilə bağlı əlavə informasiya istəyəcək.

XS
SM
MD
LG