Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:22

Özəl şirkət sosial evlər tikəcək


Bina
Bina

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi – «MİDA» MMC üç yaşayış binasının tikintisi üzrə özəl şirkətlər arasında keçirilən müsabiqəyə yekun vurub. Müsabiqənin qalibi «KAT Holding» MMC-dir. O, Yasamal Yaşayış Kompleksinin ərazisində iki ədəd 12-mərtəbəli 1-bloklu və bir ədəd 9-mərtəbəli 2-bloklu yaşayış evləri tikəcək.

BİR BİNA SOSİAL MƏNZİLƏ EHTİYACI OLANLAR ÜÇÜNDÜR

Agentliyin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, müsabiqə şərtlərinə əsasən, «KAT Holding» inşa edəcəyi 12-mərtəbəli 60-mənzillik bir binanı MİDA-nın sərəncamına verəcək. Həmin binadakı mənzillər «Güzəştli mənzil» elektron sistemi vasitəsilə satışa çıxarılaсaq və güzəştlə mənzil əldə etməli şəxslərə təklif olunacaq.

***Buna da bax-Sosial evlər layihəsi gerçəkləşir, amma... [video]

«KAT Holding» MMC 2000-ci ildə yaradılıb. Şirkət Bakıda və Gəncə şəhərlərində, Salyan rayonunda, eləcə də Ukraynanın Dnepropetrovsk şəhərində çoxsaylı yaşayış evləri, biznes və əyləncə mərkəzləri inşa edib.

Müsabiqəyə qatılan digər iştirakçıların adlarını Mənzil İnşaatı Dövlət Agentliyi açıqlamır.

Digər iki binaya gəlincə, şirkət oradakı mənzilləri bazar qiymətləri ilə satacaq. Hər üç binanın tikintisinin 18 aya başa çatdırılması, investisiya qoyuluşunun ümumi həcminin isə 10 milyon manatdan artıq təşkil edəcəyi nəzərdə tutulur.

***Buna da bax-Kasıblar üçün ucuz evlər? Doğrudan?

KOMMUNİKASİYA XİDMƏTLƏRİNİ DƏ ÖZƏL ŞİRKƏT BOYNUNA GÖTÜRDÜ

Bundan başqa, Yasamal Yaşayış Kompleksinin ərazisində telefon, televiziya, internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə müsabiqə də keçirilib. Onun qalibi «Enginet» MMC elan edilib. Şirkət rabitə xətlərinin çəkilişi və yaşayış massivinin ərazisində kommunikasiya infrastrukturunun yaradılmasına 1 milyon manat həcmində investisiya yatıracaq.

YASAMALDAKI KOMPLEKSDƏ 29 BİNA OLACAQ

Yasamal Yaşayış Kompleksi Bakı Dairəvi avtomobil yolunun kənarında yerləşir. Kompleksin ümumi sahəsi 11.6 hektardır. Ərazinin yaxınlığında 5 hektara yaxın yaşıllıq zonası salınacaq. Şəhərcik 29 çoxmənzilli (cəmi 1843 mənzil) yaşayış binasından ibarət olacaq.

Bu il «MİDA» MMC dövlət büdcəsi və digər mənbələr hesabına «NN Group», «Hünər İnşaat», «Caspian CLC», «Hovers Group» və «SMT İnşaat» şirkətləri ilə 15 çoxmənzilli binanın tikintisi üçün ümumi dəyəri 48 milyon 257 min manat olan 5 müqavilə bağlayıb.

XS
SM
MD
LG