Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:48

Sovetin son illərində Dağlıq Qarabağda iqtisadi durum necə idi?


Xankəndi 40 il əvvəl: Erməni və azərbaycanlı sakinlər danışır #İZAHLA
Gözlə

No media source currently available

0:00 0:08:15 0:00

Xankəndi 40 il əvvəl: Erməni və azərbaycanlı sakinlər danışır #İZAHLA

Son günlər Azərbaycanda əsas gündəm mövzularından biri Qarabağın reinteqrasiyası – ölkə ilə bütünləşməsi ilə bağlıdır. Burada həm erməniəsilli vətəndaşların Azərbaycan cəmiyyətinə, həm də Qarabağ iqtisadiyyatının ölkə iqtisadiyyatına inteqrasiyasından söhbət gedir. Sentyabrın 28-də separatçıların gələn il yanvarın 1-dən "Dağlıq Qarabağ Respublikası"nın buraxılması ilə bağlı qərarı bu müzakirələri daha da aktuallaşdırıb.

90-cı illərdən bəri separatçılar idarəetməni ələ aldığından Dağlıq Qarabağ Azərbaycan iqtisadiyyatından 30 ildən çox təcrid edilmişdi. Bəs münaqişə başlayanadək Dağlıq Qarabağın Azərbaycan iqtisadiyyatında rolu və payı nədən ibarət idi?

Münaqişənin iqtisadi bəhanələri

Əslində iqtisadi səbəblər Qarabağ münaqişəsinin formalaşmasında, formal da olsa, əsas amillərdən biri olub. Münaqişənin başlanğıcında separatçılar məhz iqtisadi səbəbləri bəhanə edərək Dağlıq Qarabağın Ermənistana birləşməsini tələb edirdilər. 1987-ci ilin noyabrında, M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Fransada səfərdə olarkən yerli ermənilərin təşkil etdiyi tədbirdə sualların birinə cavab olaraq "Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana" demişdi. Bu sözlər Fransa Kommunist Partiyasının "L'Humanité" qəzetində dərc edilmiş və Azərbaycanda geniş narazılıq doğurmuşdu.

Digər tərəfdən, Qarabağdakı separatçı hərəkatın əsas ideoloq və liderləri də, əsasən, iqtisadçılar idi. 1987-ci ildə yaranan "Qarabağ komitəsi" məhz 1985-ci ildə Ermənistan SSR İqtisadiyyat İnstitutunun əməkdaşı İqor Muradyanın çevrəsindəkilərdən formalaşmışdı. Münaqişənin yaranmasında əsas rol oynayan şəxslər daha çox yerli müəssisə direktorları, müəssisə partiya komitəsi rəhbərləri olmuşdu.

Qarabağ ən çox hara ilə ticarət edirdi?

1980-ci illərin sonuna aid rəqəmlər göstərir ki, Dağlıq Qarabağın iqtisadiyyatında Azərbaycanın payı Ermənistanla müqayisədə çox böyük idi. Həmin dövrdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ixrac etdiyi məhsulun cəmi 0.3 faizi Ermənistana göndərilirdi. DQMV-nin idxalında isə Ermənistanın payı cəmi 1.4 faiz idi. Halbuki Dağlıq Qarabağa idxal olunan məhsulların 98 faizi Azərbaycanın digər regionları hesabına təmin edilirdi.

Sözügedən dövrdə Dağlıq Qarabağın iqtisadi baxımdan Ermənistana daha yaxınlığı ilə bağlı iddialar olsa da, əslində separatçılar həm də Dağlıq Qarabağın Azərbaycandan asılı olmasından narazı idilər. Ermənistanı Qarabağla birləşdirən yolun yaxşı vəziyyətdə olmaması, təsərrüfat fəaliyyətinə təsir göstərən qərarların Bakıda təsdiqlənmə zərurəti onların tez-tez dilə gətirdiyi narazılıqlardan idi. Bütün bunlar Sovetlər Birliyinin son illərində Dağlıq Qarabağ iqtisadiyyatının Azərbaycan iqtisadiyyatına daha çox inteqrasiya etdiyini, Ermənistanla iqtisadi əlaqələrinsə daha zəif olmasını göstərir.

80-ci illərin sonunda Dağlıq Qarabağ iqtisadiyyatı nə durumda idi?

80-ci illərin sonlarına doğru Dağlıq Qarabağda münaqişənin alovlanmağa başlaması bölgə iqtisadiyyatına da təsirsiz ötüşmədi. 1988-ci ilə aid "Azərbaycan SSR-in xalq təsərrüfatı" adlı icmalda qeyd edilən rəqəmlərə əsasən, 1988-ci ildə Dağlıq Qarabağın iqtisadiyyatı 1987-ci illə müqayisədə 25 faiz azalıb. Bu qədər kəskin azalmanın əsas səbəbi münaqişə sayılsa da, özəlliklə 1985-ci ildən sonra SSRİ-də iqtisadi artımın səngiməsini də diqqətdən qaçırmaq olmaz. 1988-ci ildə Dağlıq Qarabağın əsas sənaye sahələrinin hamısında azalma gözə çarpırdı. Həmin dövrdə bölgədə ayaqqabı istehsalı iki dəfə, çaxır istehsalı beş dəfə azalmışdı. İşıqlandırıcı avadanlıqların istehsalı isə tam dayanmışdı.

Dağlıq Qarabağ iqtisadiyyatının Azərbaycan iqtisadiyyatında payı

İqtisadi əlaqələrin nisbətən sabit olduğu sonuncu ildə - 1987-ci ildə DQMV-nin Azərbaycanın sənaye istehsalında payı cəmi 1.8 faiz idi. Ölkənin kənd təsərrüfatı istehsalınınsa cəmi 3 faizi bu regionun payına düşürdü. Dağlıq Qarabağ sənayesinin əsası sayılan bəzi sektorlarda bölgənin payı daha yüksək idi. Məsələn, həmin dövrdə Azərbaycanda istehsal edilən işlənməmiş ipəyin 87 faizi, ayaqqabıların 19 faizi, əhəngin 12 faizi, konyakın 7 faizi, çaxır və elektrik enerjisininsə 0.5 faizi DQMV-nin payına düşürdü.

XS
SM
MD
LG