Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:45

Söyüdlüdəki etirazlarda plakatları hazırlayan kənd sakininə narkotik ittihamı ilə 3 il həbs kəsildi


Söyüdlüdə etirazlar
Söyüdlüdə etirazlar

Gədəbəyin Söyüdlü kəndindəki etirazlarda qaldırılmış plakatları hazırlayan kənd sakini Coşqun Musayevə 3 il həbs cəzası kəsilib. Bu hökm avqustun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində açıqlanıb.

34 yaşlı C.Musayev narkotik ittihamı ilə cəzalandırılıb.

Cinayət işinin materiallarında iddia edilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (keçmiş "bandotdel"in) əməkdaşları C.Musayevi Bakıdakı parkda şübhəli şəxs kimi saxlayıb. İdarədə onun üstünə baxış keçirilərkən cibindən 6 qramdan çox narkotik tapılıb.

C.Musayev deyir ki, onu Söyüdlü etirazlarındakı plakatlara görə cəzalandırmaqdan ötrü narkotiklə şərləyirlər. Gədəbəy sakini məhkəmədə danışıb ki, Bakıda tutulmasından tutmuş, cibindən narkotik çıxmasınadək cinayət işində yazılanların hamısı yalandır. O, narkotiki ilk dəfə "bandotdel"də cibinə qoyulanda gördüyünü vurğulayıb.

"Ssenari qurublar"

Mobil telefonların alqı-satqı və təmiri ilə məşğul olduğunu deyən C.Musayevin sözlərinə görə, onu Söyüdlü etirazlarından bir gün sonra – iyunun 21-də Gəncədə "satdığı telefonlardan birinin oğurluq çıxması" adı ilə saxlayıblar. Öncə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gəncə şöbəsinə, oradan da Bakıya – "bandotdel"ə aparıblar.

Gədəbəydə polislər jurnalistləri Söyüdlü kəndinə buraxmayıb, rayondan çıxarıblar
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

C.Musayev bildirib ki, narkotiki də üzərinə "bandotdel"də qoyublar. Basqı ilə müxtəlif sənədlərə imza atdırıblar: "Gəncədə DTX-nın binasında üstümü yoxlamışdılar, narkotik olsaydı, elə orada çıxardı. Məni "bandotdel"də bir gecə saxlayandan sonra ertəsi gün səhər "Nərimanov" parkına apardılar. Orada əvvəlcədən öyrətdikləri kimi oturdum, kənardan çəkiliş elədilər. Sonradan bildim ki, mənim guya Bakıda parkda tutulduğumu sübut eləmək üçün ssenari qurublar".

Gədəbəy sakini əlavə edib ki, plakatlar, başqa növ çap məhsulları hazırlamaq onun işinin tərkib hissəsidir. İndiyədək Qarabağ döyüşlərində həlak olanların fotoları, Söyüdlünün tarixi, elm adamları haqqında da çoxsaylı plakatlar hazırlayıb.

O, son sözündə təqsirsiz olduğunu vurğulayıb. Himayəsində iki azyaşlı uşağının olduğunu hakimlərin nəzərinə çatdıraraq onlardan ədalətli hökm çıxarmalarını istəyib.

Məhkəmə ona verilən ittiham maddəsini nisbətən yüngülləşdirib və Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə 3 il həbs cəzası kəsib.

Polis nəzarətində olan Söyüdlüdən səslər: 'Evimizdə dustağa çevrilmişik'
Gözlə

No media source currently available

0:00 0:05:57 0:00

Xatırlatma

Ötən il iyunun 20-də Söyüdlü sakinləri "Gədəbəy" qızıl yatağından çirkab sularına ikinci süni gölün qurulmasına ekoloji tələblərlə etiraz ediblər. Polis gözyaşardıcı qazlardan yararlanmaqla etirazlara müdaxilə edib. Həmin gün və sonradan xeyli adam həbs olunub. Onlardan səkkiz nəfərə inzibati qaydada 20 günlük həbs cəzası verilib. Daha dörd nəfər kənd sakini haqqında isə narkotik ittihamı ilə cinayət işi başlanıb və onlar uzunmüddətli həbsə göndəriliblər.

Etirazlardan sonra - iyulun 11-də prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışarkən polisin davranışını müdafiə edib, kimsənin polisə ləkə vurmasına imkan verməyəcəyini deyib. O, vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb.

Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitlə bağlı məsələdə, ən azından, səhlənkarlıq etdiyini də söyləyib.

XS
SM
MD
LG