Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:44

Dövlət Departamenti sözçüsü: 'Sülh sazişi üçün ağır kompromislərə gedilməlidir'


Metyu Miller
Metyu Miller

Azərbaycanla Ermənistan sülh danışıqlarında "inanılmaz" proqresə nail olub və uzun yol qət edib. Birləşmiş Ştatlar isə tərəfləri bu işi davam etdirməyə təşviq etməkdədir. Bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) iyulun 15-də keçirdiyi brifinqdə iki ölkənin xarici işlər nazirlərinin ötənhəftəki Vaşinqton görüşünü şərh edərkən deyib.

"Bu ölkələr arasında sülh sazişi həm onlar, həm də region üçün çox böyük əhəmiyyətə malikdir – regionda sülh, sabitlik, təhlükəsizlik üçün vacibdir. Biz həqiqətən sülh sazişinin mümkün olduğuna inanırıq, ancaq bu, tərəflərdən bəzi çətin seçimlər və ağır kompromislər tələb edir. Biz onları fikir ayrılıqlarının yekun həllinə və razılığa gəlməyə təşviq etməyə davam edirik", - Miller sözlərinə əlavə edib.

Sözçü əlavə detallar açıqlamayıb, yalnız bir daha proqres olduğunu söyləyib. "Ancaq, hələlik, ortada saziş yoxdur, onu əldə edənədək çalışacağıq", - o bildirib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 10-da Vaşinqtonda ABŞ-nin dövlət katibi Antoni Blinkenin (Antony Blinken) təşəbbüsü və iştirakı ilə ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb. NATO75 Sammiti çərçivəsində görüşdən sonra tərəflər sözbəsöz eyni mətndən ibarət açıqlama yayıblar. Onlar iki ölkə arasında "tarixi" sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi vurğulayıb və bu istiqamətdə işi davam etdirməyə razılaşdıqlarını bildiriblər.

Ermənistan müxalifəti: Vaşinqton Yerevandan Bakıya güzəştlər istəyir

AzadlıqRadiosunun erməni xidməti – "Azatutyun" yazır ki, Ermənistan hökuməti ABŞ Dövlət Departamentinin sözü gedən bəyanatına hələ ki, reaksiya verməyib.

Baş nazir Nikol Paşinyanın siyasi müttəfiqləri və komanda üzvləri də bəyanata münasibət bildirməyiblər.

Lakin Ermənistan müxalifətinin nümayəndələri iddia edirlər ki, ABŞ ilk növbədə Ermənistandan Azərbaycana yeni güzəştlərə gedilməsinə çalışır.

Keçmiş prezident Robert Koçaryanın "Hayastan" fraksiyasından deputat Artur Xaçatryan iyulun 16-da bu barədə "Azatutyun"a danışıb: "Daha güzəştə getmədiyimiz nə qaldı ki? Ərdoğan bunu Millerdən bir gün əvvəl demişdi. Bu, yenə də "Zəngəzur dəhlizi" söhbətidir. Bizim daha güzəşt ediləsi heç nəyimiz yoxdur. Biz yalnız Nikol Paşinyanı güzəşt edə bilərik. İstəyirlərsə, gəlib aparsınlar".

Daha bir keçmiş prezident Serj Sarkisyana bağlı "Şərəfim var" müxalifət fraksiyasından deputat Tiqran Abrahamyan da güman etdiyini bildirib ki, Vaşinqton Bakıya dəhliz məsələsində güzəştə gedilməsini istəyir. O, ABŞ-nin Ermənistanın suverenliyini dəstəkləməsinə dair bəyanatlarını rədd edib: "Birləşmiş Ştatlar bundan əvvəl də eynilə Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etmişdi. Lakin 2021 və 2022-ci ildə Azərbaycan, şübhəsizdir ki, Ermənistanın suveren ərazilərini işğal etdi".

"Azatutyun" yazır ki, müxalifət Paşinyanın "mübahisəli" sərhəd ərazilərini Azərbaycana vermək qərarını tənqid etmişdi.

Rəsmən Azərbaycan ərazisi olan dörd kəndin Bakının nəzarətinə qaytarılması Yerevanda bir ayadək davam edən etiraz aksiyaları ilə nəticələnmişdi. Müxalifət bildirir ki, güzəştlər Azərbaycanı Ermənistandan daha çox güzəşt tələb etməyə sövq edəcək.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

XS
SM
MD
LG