Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:23

Laçın köçkünlərinin cəhənnəm əzabı


Yataqxana
Yataqxana

«İstəyirik ki, ora-bura qaz paylayan ölkənin 70-dən çox köçkün ailəsinin acınacaqlı yaşayışını görəsiniz». 25 ildir ki, Sumqayıt Texnologiya Texnikumunun yataqxanasında məskunlaşan Laçın köçkünləri AzadlıqRadiosuna müraciət ediblər.

TUALETSİZ, HAMAMSIZ

Yataqxana azı 50 ildir ki, istismara verilib. Köçkünlərə qədər texnikumun tələbələrinin istifadəsində olub. İndi azı 70 ailə tualetsiz, hamamsız, havasız, şəraitsiz binada həyatla mücadilə edir. Üstəlik, bu yaxınlarda binanın tavanı da uçubmuş.

Köçkün Elçin Həsənov: «Özü də iki dəfə uçub. Yaxşı ki, hadisə baş verəndə uşaqlar kənarda oynayırdılar. Bu binada azı yüz azyaşlı var. Acınacaqlı vəziyyət illərdir ki, davam edir. Bu ilin sonu çatır, ümidlərimizi növbəti ilə bağlayırıq. Gəl ki, 25 ildir heç nə dəyişmir. Elə vəziyyətdəyik ki, yatdığımız yerdə daş-qalağın altında qala bilərik».

«ƏTRAFI ÜFUNƏT BÜRÜYÜR»

Vüsalə Novruzova danışır ki, kanalizasiya xətləri qəzalı olduğundan binanın tullantı suları zirzəmiyə axır. Bu səbəbdən də ətrafı üfunət bürüyür. Qaçqınlar zirzəmidən otaqlara dolaşan siçovullara da çoxdan alışıblar: «Naqillərdən tutmuş, su-kanalizasiya xətlərinə qədər hamısı təhlükəli, qəzalı durumdadır. Dəfələrlə, sırf təsadüf nəticəsində yanğından canımızı qurtarmışıq. Bina günbəgün çökür. Vəziyyətimizlə bağlı bütün qurumları məlumatlandırmışıq. Ancaq heç birindən səs çıxmayıb. Qəzalı olduğundan hamam və ayaqyolundan istifadə etməyə qorxuruq».

Üçmərtəbəli binada yaşayan hər ailənin 15-20 kvadratmetrlik bir otağı var. Hər otaqda azı 3-5 nəfər yaşayır. Döşəmələr çürüdüyündən dəhlizdə çökəklər əmələ gəlib. Adamlar dəhlizdə addımlamağın da təhlükəli olduğunu bildirirlər.

Yataqxana
Yataqxana

QAR-YAĞIŞ MƏNZİLLƏRƏ AXIR

Köçkün Azər Talıbov: «Döşəmə adamın ayağının altından qaçır. Binanın damında vəziyyət daha dözülməzdir. Payız-qış aylarında qar, yağış suları damdan yuxarı mərtəbədə yaşayanların, oradansa aşağı mərtəbələrdəkilərin mənzillərinə axır. Dəhlizlər su ilə dolur deyə, ayağımıza «sapoq» geyinib gəzirik. Bax, qış gəlir, canımızı üşütmə götürüb. Naqillər qəzalıdır deyə, istilik cihazları qoşmağa qorxuruq, binanın içərisi o qədər soyuq olur ki, ta yaza qədər canımız isinmir».

Binada mətbəx problemi də var. 70 ailə üç qəzalı mətbəxin ümidinə qalıb – mətbəx demək mümkünsə...

DƏRS OXUMAĞA YER TAPMIRLAR

Köçkün Əli Səfərovun sözlərinə görə, bu durumdan daha çox qocalar, xəstələr və uşaqlar əziyyət çəkir: «Məmurların ürəyinə sanki daş bağlanıb. Gəlib baxıb, gedirlər. Neçə ildir belə də davam edir. Axı biz də insanıq, hansı zəmanədə yaşayırıq ki... Adımıza inkişaf etmiş ölkə deyilir, ancaq görün, vətəndaş hansı durumda yaşamağa məhkumdur. Buradakı ailələr ölüm təhlükəsi altında yaşayırlar. Burada istənilən xəstəliyi tapmaq mümkündür. Yaşlı insanların rütubətdən ayaqları tutulur, ciyərləri korlanır. İki-üç ailə bir kiçik otaqda yaşamağa məcburdur. Övladlarımız dərs oxumağa yer tapmır. Sinif yoldaşları qapıdan keçəndə üfunətdən burunlarını tuturlar, uşaqlarımız xəcalətdən ölüb dirilirlər».

Son 10 ildə tez-tez ailələrə yeni mənzillərə köçürüləcəyi vəd olunur. Ancaq hələ ki, 10 ildə onca ailə də yerindən tərpədilməyib.

Yataqxana
Yataqxana

PLANDA YOXDUR

Köçkünlər bildirirlər ki, dəfələrlə binaya Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən və Fövqəladə Hallar Nazirliyindən nümayəndələr gəlib. Binanın qəzalı olması barədə rəy də verilib. Amma nə fayda...

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən yaxın vaxtlarda yataqxanaların köçürüləcəyinin planda olmadığı bildirilib. Qeyd olunub ki, bu, inzibati binalarda məskunlaşan ailələrin köçürülməsi başa çatandan sonra gerçəkləşəcək.

Sumqayıt Texnologiya Texnikumunun yataqxanasında isə 40-45 yaşlarına çatmış insanlar da var ki, evsizlikdən və şəraitsizlikdən ailə qura bilmirlər. Yeni yaşayış yerinə köçəcəkləri günü səbirsizliklə gözləyirlər – ailə sahibi olmaq üçün...

XS
SM
MD
LG