Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:30

'Bilmirsən, küçə süpürəsən, yoxsa sürətli maşından özünü gözləyəsən'


Süpürgəçi
Süpürgəçi

Oktyabrın 30-da Bakıda "Aeroport yolu" kimi tanınan şosedə avtomobil yenə küçəni təmizləyən kommunal təsərrüfat işçisini vurub öldürüb. Hadisələrdən sonra Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sürücülərə təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı müraciət də edib. "Paytaxt ərazisində kommunal-təsərrüfat sahəsində çalışan işçilərin günün müxtəlif saatlarında yollarda xidmət etməsini nəzərə alıb hər bir sürücüdən son dərəcə diqqətli olmağı... xahiş edirik", - müraciətdə bildirilir.

Hələ 2018-ci ildə Bakıda küçələrin təmizlənməsi ilə xüsusi texnikanın məşğul olacağı açıqlanmışdı. Bakı şəhər İcra Hakimiyyətindən bildirilmişdi ki, paytaxt küçələrini təmizləmək üçün Almaniya istehsallı 10-a yaxın texnika gətirilib. Ölkə başçısının tapşırıqlarına əsasən, əsas magistral yollarda, prospektlərdə zibilin yığışdırılmasının avtomatlaşdırılacağı düşünülürdü. Amma Bakı küçələrində belə texnikalara ya nadir hallarda rast gəlinir, ya da onlar, ümumiyyətlə, gözə dəymir.

Karantində küçə süpürüb evinə çörəkpulu aparanlar
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

"Yayda səhər 4-5, qışda 5-6 arası işə başlayıram"

Elə adının açıqlamasını istəməyən bir kommunal təsərrüfat işçisi də AzadlıqRadiosuna işlərinin ağır və təhlükəli olmasından danışıb: "Yayda səhər 4-5, qışda isə 5-6 arası işə başlayıram. Müdiriyyət bizdən belə tələb edir. Kim öz xoşu ilə yuxunun ən şirin vaxtında küçəni süpürməyə çıxar? Qışda isə hava soyuq, küçələr də qaranlıq. Ara məhəllələri süpürənlərin maşın sarıdan hələ bəxti gətirir, amma prospektlərdə işləyənlərin işi çətindir. Bilmirsən, küçə süpürəsən, yoxsa yola baxa-baxa sürətlə gələn maşından özünü gözləyəsən".

"Texnika gəlibsə, necə ola bilər ki..."

Bu deyilənlərə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən münasibət öyrənmək mümkün olmayıb. Amma Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc mövzu ilə bağlı "Turan"a açıqlamasında bu məsələdə korrupsiya faktoru olduğunu düşünmədiyini bildirib: "Sadəcə şəhərin təmizlik sisteminə bağlı olan qurumların daha operativ yanaşması və çevik qərarları ortada olmalıdır".

Onun fikrincə, proses nə qədər avtomatlaşdırılsa da, insan faktorunu tam istisna etmək mümkün deyil: "Texnikanın iştirakı bir mərhələyə qədərdir və bundan sonra yenə də insanlar çalışır".

Komitə sədri bildirib ki, parlamentdə büdcə müzakirələri zamanı bu məsələni gündəmə gətirmək olar: "Texnika gəlibsə, necə ola bilər ki, o, beş il ərzində istifadədən kənarda qalıb?! Bu, elə mürəkkəb avadanlıq deyil ki. Yerli icra hakimiyyəti orqanları bir araya gələrək əsas müzakirələri ortaya qoymalıdırlar. Ya da texnika gətirilibsə, onun idarəçiliyi ilə bağlı məsələdə ləngimələr varsa, məsuliyyət daşıyan insanlar cəmiyyətdən olan suallara aydınlıq gətirməlidirlər".

Bakıda - 8 Mart günü süpürgəçi qadınları sevindirdilər
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

"Niyə bizdə gecə vaxtı insanlar küçə süpürürlər?"

"Sosial Strateji Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin rəhbəri İlqar Hüseynli isə AzadlıqRadiosuna bildirib ki, Bakıda yol infrastrukturu bərbaddır: "Ona görə də hara texnikanı salmaq olar, hara texnikanı salmaq olmaz, bu barədə yerli idarəedicilərin qərar vermə imkanları məhdudlaşır. Məsələn, elə bordür, dəmir-beton konstruksiyaları tikirlər ki, ora texnika heç yaxınlaşa bilmir. Korrupsiya yemi olsun deyə, hara gəldi, nə gəldi quraşdırırlar".

O qeyd edib ki, şəhər təmizləmə işində insan faktoru Avropa ölkələrində də var: "Amma bizdə həmin insan faktoruna münasibət başqadır. Niyə bizdə gecə vaxtında həmin insanlar küçə süpürürlər? Niyə onları işıqlanma zəif olan vaxtlarda işə çıxarırlar? Onlar niyə xüsusi geyimlə təmin olunmurlar?".

Hüseynlinin sözlərinə görə, bəzən infrastruktur imkan verdiyi yerlərdə də texnika yox, insanlar çalışır: "Bakı şəhərində təmizlik texnikasını görmürük. Əgər texnika yoxdursa, çıxıb desinlər ki, biz texnika almamışıq, dövlət bizə vəsait verməyib. Varsa, çıxıb texnikanı göstərsinlər. Şəffaf hesabat, ictimai nəzarət də yoxdur".

XS
SM
MD
LG