Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:04

Türkiyə kinosunda senzura dərinləşir?


Kinozal
Kinozal

Türkiyədə əhalini daha itaətkar etməyə yönəlmiş yeni qanun kino və televiziya işçilərini senzura baxımından əndişələndirib. Türkiyədə adamların siqaret çəkdiyini və islam qaydalarını pozduğunu göstərməklə bağlı qadağalar var idi. Ancaq tənqidçilərin fikrincə, bu yeni qanun hökumətə səhnələr və dialoqlar üzərində daha çox nəzarət gücü verir.

ABŞ-ın NPR radiosunun reportajında deyilir ki, Türkiyənin əyləncə sektoru son 20 ildə sürətlə inkişaf edib. Türk filmləri və teleserialları dünya şöhrətinin yeni mərhələlərinə yüksəlib. Ancaq Osmanlı dövrü haqda çəkilən iribüdcəli dramları kənara qoysaq, dünyada ən çox bəyənilən filmləri azsaylı iddialı rejissorlar çəkir.

«Bizim yerimizə danışırlar»

2016-cı ildə ekranlara çıxan «Atamın qanadları» (Babamın Kanatları) filmi həm vətəndə, həm də xaricdə 20-dən artıq mükafata layiq görülüb. Film İstanbulun görünüşünü dəyişmiş göydələnləri tikən işçilərin üzləşdiyi təhlükəli durumlar və çarəsiz seçimlərdən söz açır.

Ssenarist və rejissor Kivanç Sezer deyir ki, uzun zaman filmlərin çəkilişi və yayılması işində hökumətin maliyyəsi və dəstəyi mühüm rol oynayıb. Filmin senzuranı keçməsi həmişə prosesin bir hissəsi olub. Ancaq onun sözlərinə görə, bununla yanaşı, yeni qanun həyəcan doğurur.

«Bu gün Argentina, Yaxın Şərq və bir çox ölkədə tanınan məşhurlarımız var. Buna baxmayaraq, filmlərimiz senzuraya məruz qalır. Onlar hekayələrimizi bizim yerimizə danışmağa davam edirlər və elə hekayələr var ki, insanların onları eşitməsini istəmirlər», – Sezer deyir.

Türkiyədə siyasi senzura Recep Tayyip Erdoğan-ın hakimiyyətə gəlməsindən bəri problem olub. Erdoğan dövründə hökuməti açıq tənqid edən filmlər azalıb və son nəticədə yoxa çıxıb. Ancaq senzura başqa sahələrdə də fəaldır. Türk tamaşaçılar artıq Qərb proqramlarına baxarkən aktyorun üzünün yarısının bulanıq göstərilməsinə öyrəşiblər. Onlar bu zaman aktyorun güman ki, siqaret çəkdiyini bilirlər. Bu addımın ictimai sağlamlığı qorumaq məqsədilə atıldığı düşünülür.

İndi baş vermiş dəyişikliyə görə, filmləri dəyərləndirən və onlara maliyyə ayıran komitələrin həcmi kiçiləcək və hər şey hökumətin təyin etdiyi adamların nəzarətinə keçəcək. Sezer narahatdır ki, kino istehsalçıları onun tanımadığı Türkiyəni göstərməyə vadar ediləcək. «Filmdə heç kim sekslə məşğul olmur. Homoseksuallıq yoxdur. Heç kim siqaret çəkmir. Heç kim içki içmir… Ancaq həyatda bu doğrudurmu?», – Sezer gülərək deyir.

Erdoğan-ın arzusu

Dünyaya daha mühafizəkar və dindar Türkiyəni göstərmək prezident Erdoğan-ın çoxdankı məqsədidir. 2017-ci ildə o, 10 ildən artıq hakimiyyətdə olmasına baxmayaraq, partiyasının mədəniyyət sahəsinə təsirinin məhdud olduğunu demişdi.

«Bilirsiniz, siyasi cəhətdən hakimiyyətdə olmaq ictimai və mədəni baxımdan hakimiyyətdə olmaqdan fərqlidir. Çox şükür, biz 14 il fasiləsiz hakimiyyətdə olmuşuq, ancaq yenə də ictimai və mədəni baxımdan problem var», – Erdoğan deyib.

İstanbuldakı Okan Universitetinin Kino və televiziya kafedrasının rəhbəri Murat Tırpan deyir ki, yeni qanunun tamaşaçılara bəzi müsbət təsirləri var. Məsələn, kinoteatrlar filmin başlanmasından əvvəl daha az reklam göstərə biləcəklər. Ancaq onun sözlərinə görə, daha aqressiv senzura riski qorxu effekti yarada bilər və bunun təsiri ilk növbədə ssenari müəlliflərində özünü göstərəcək: «Özünüsenzura artmaqdadır. Mən belə düşünmürəm, bunu bilirəm. Çoxlu ssenarist dostum var. Onlar indi bunu yaşayırlar. Düşünürlər ki, bu, yaxşı deyil, gərək daha az riskli bir şey yazım».

Rejissor K.Sezer deyir ki, ilk filminin uğurundan sonra ikinci filmi təqdim edən zaman özünü arxayın hiss etsə də, maliyyə komitəsi heç bir izahat vermədən onu rədd edib. Ancaq xoşbəxtlikdən o, başqa yerdən maliyyə tapa bilib. Deməsinə görə, karyerasına yeni başlayan kinorejissorların belə imkanı olmaya bilər.

XS
SM
MD
LG