Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:30

Türkiyə Yaxın Şərqdən Mərkəzi Asiyaya istiqamət dəyişir?


Türkdilli Ölkələr Birliyinin sammiti (2018)
Türkdilli Ölkələr Birliyinin sammiti (2018)

“Amerikanın səsi” yazır ki, Türkiyə və Azərbaycan bu həftə birgə hərbi təlimlərə başlamaqla bağlarını daha da möhkəmləndirirlər.

Bir sıra təhlilçilər Ankaranın xarici siyasətində dəyişiklik baş verməkdə olduğunu deyirlər. Onların fikrincə Türkiyə tədricən Yaxın Şərq səhnəsindən Mərkəzi Asiya səhnəsinə keçməkdədir.

Məqalədə deyilir ki, 12 günlük hərbi təlimlərdə tank birlikləri, hava eskadriliyaları və “xüsusi qüvvələr” iştirak edirlər.

“Amerikanın səsi” yazır ki, Azərbaycanın Dağlıq Qarabağ müharibəsində qazandığı qələbədə Türkiyə dronları önəmli rol oynayıb.

Bir çoxları Azərbaycanın qələbəsini Türkiyənin təntənəsi hesab edirlər.

Bu da qeyd olunur ki, Azərbaycanın qələbəni sürət və inamla qazanması Türkiyənin Qafqazdakı nüfuzunu artırıb və Bakı-Ankara münasibətlərini daha da sıxlaşdırıb.

İslamçılıqdan millətçiliyə doğru

Ankarada mənzillənmiş Xarici Siyasət İnstitutunun direktoru Hüseyin Bağcı deyib ki, “Türkiyə hazırda Qafqazdakı təsirini genişləndirir və bunu gələcəkdə də davam etdirəcəkdir”.

Bağcı bu qənaətdədir ki, Türkiyə özünün xarici siyasət istiqamətini dəyişməkdədir:

"Türkiyə artıq İslam və Yaxın Şərq istiqaməti kartını oynamır, o indi daha millətçi istiqamət, türk millətçiliyi istiqamətinə üz tutub”.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan daim özünü müsəlman hüquqlarının, ələxüsus da Fələstin xalqının hüquqlarının müdafiəçisi kimi göstərib.

Ankara uzun müddət Birləşmiş Ştatlar və Avropa İttifaqının terrorçu təşkilat kimi tanıdığı Müsəlman Qardaşlığı və Həməsə dəstək verib.

Məqalədə deyilir ki, Həməsin ara-sıra Türkiyədə görüşlər keçirməsi daim İsraili və Vaşinqtonu əsəbiləşdirib, amma bu siyasət Erdoğanın dindar elektoratında uğurla işləyib.

İbrahim Razılaşmaları

Lakin təhlilçilər bildirirlər ki, Ankara indi daha çox ABŞ tərəfindən irəli sürülmüş İbrahim Razılaşmaları sxemindən narahatdır.

Razılaşmaların belə adlanmasına səbəb İbrahim peyğəmbərin həm yəhudilər, həm də ərəblər üçün hörmətli olmasıdır.

Məhz bu razılaşmalara əsasən ötən il Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İsraillə münasibətlərinin normallaşdırılmasına dair qərar qəbul ediblər.

Bağcının fikrincə, ərəb dünyasında Türkiyənin ən yaxın müttəfiqi Qatarın da İbrahim Razılaşmasına qoşulmaq niyyətində olması Ankaranın Yaxın Şərqdə getdikcə daha çox təkləndiyini göstərir:

"Erdoğanın İslam və müsəlman birliyi kartları İbrahim Razılaşmalarından sonra artıq oynamır. İndi Türkiyədə hamı başa düşür ki, ərəblər öz aralarında vuruşurlar, amma onlar öz aralarında həm də sülhə gəlirlər. Ərəblər türk deyillər. Bu çox bəsitdir. Türkiyə cəmiyyəti bunu anlayır. Anlayır ki, israillilər qalibdirlər”.

“Müsəlman-türk sintezi”

Lakin bəzi təhlilçilər Türkiyənin Yaxın Şərqdən Mərkəzi Asiyaya istiqamət dəyişməsinə ehtiyatla baxırlar.

İstanbuldakı Kadir Has Universitetinin professoru Serhat Güvenc bildirir ki, belə bir istiqamət dəyişməsi barədə fikir yürütmək erkəndir və indilik bunun yalnız əlamətləri var.

Güvenc xatırladır ki, Türkiyənin sağ təmayüllü siyasi partiyaları 1980-ci illərdən bəri millətçilik və İslam fəlsəfəsinə arxalanıblar. Bunu hətta bir növ “Türk-İslam sintezi” də adlandırırlar:

"Amma mən deyərdim ki, bu sintezin “türk” elementi bu hökumətin işinə yarayır”.

İndi belə görünür ki, Erdoğanın parlament müttəfiqi Millətçi Hərəkət Partiyası da sözü gedən istiqamət dəyişikliyini dəstəkləyir.

Lakin Bağcı bildirir ki, MHP islamçılıq kartından daha çox türk millətçiliyi kartı ilə oynamağa tərəfdardır.

İndi Türkiyənin buradakı nüfuzu daha güclüdür

Bununla belə, Güvencin fikrincə siyasətin Qafqaza və oradan da Mərkəzi Asiyaya – Türkmənistan, Tacikistan və Qazaxıstan kimi ölkələrə səmtləndirilməsi risksiz deyildir:

"Bu, Rusiyanın heç də ürəyincə olmayacaq. O bu bölgəni özünün nüfuz dairəsi hesab edir. Mərkəzi Asaiyadakı nüfuz savaşında Türkiyə artıq bir dəfə Rusiyaya uduzub. Üstəlik burada Çin də öz təsirini artırmağa çalışır”.

Rusiya Türkiyənin Mərkəzi Asiyaya nüfuz etmək üçün bundan əvvəlki cəhdlərinin qarşısını ala bilib. Lakin Almaniyanın Bonn Universitetinin Rusiya və Mərkəzi Asiya eksperti Zaur Qasımovun fikrincə indi Türkiyənin bu bölgədəki nüfuzu daha güclüdür:

"1990 və 2000-ci illərlə müqayisədə indi Türkiyə iqtisadiyyat və miqrasiyadan istifadə etməklə Mərkəzi Asiya respublikalarında daha çox təsir alətlərinə malikdir”.

Türkiyədə Mərkəzi Asiya ölkərindən on minlərlə əməkçi miqrant çalışır. Bu miqrantları bura cəlb edən təkcə iqtisadiyyat yox, həm də mədəniyyət və dil yaxınlığıdır.

Türkiyə-Rusiya balansı Qazaxıstana lazımdır

Məqalədə deyilir ki, Türkiyənin Mərkəzi Asiyadakı nüfuzunun artması Rusiyanın bu bölgədəki qüdrətli nüfuzunu neytrallaşdıra bilər.

Zaur Qasımov bildirir ki, Rusiya ilə Türkiyə arasında belə qüvvələr balansı, məsələn, Qazaxıstana çox lazımdır.

Alimin fikrincə Qazaxıstan 2014-cü ildə Krımın ilhaqından sonra Moskvanın niyyətlərindən son dərəcə narahatdır:

"Qazaxıstan elitaları Rusiyanın Ukraynaya münasibətindən çox narahatdırlar və əhalisi əsasən rus çoxluğundan ibarət şimal vilayətlərinə görə nigarançılıq keçirirlər. Xüsusilə də son vaxtlar Rusiyanın bir sıra vəzifəli siyasətçiləri Qazaxıstan ərazisinə iddialarla çıxış ediblər”.

XS
SM
MD
LG