Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:37

Təhsil Nazirliyi 21 ilin müəlliminin diplomunu tanımır


Məktəb. Arxiv
Məktəb. Arxiv

Təhsil Nazirliyi ibtidai sinif müəlliminin diplomunu tanımadığına görə məhkəməyə verilib və Ali Məhkəmə işi araşdırmaq üçün apellyasiya məhkəməsinə qaytarıb.

Rəsmiyyə Abbasova 1998-ci ildən Neftçala rayonunun Bankə qəsəbəsindəki Səməd Vurğun adına 2 saylı orta məktəbdə işləyir. Öncə məktəbdə uşaq birliyinin rəhbəri olub. 2004-2005-ci tədris ilindən bu yana isə ibtidai sinif müəllimidir. İndi Təhsil Nazirliyi ona deyir ki, «diplomunu tanımırıq, o, dövlət nümunəli təhsil sənədi deyil».

İş yenidən araşdırılacaq

R.Abbasova 1993-1995-ci illərdə Pedaqoji Elmlər İnstitutunun Neftçala Qızlar Kollecində təhsil alıb. Deyir ki, bu kollecin diplomuyla da 20 ildən çoxdur məktəbdə işləyir. Onun sözlərinə görə, 2016-cı ildə Neftçala rayon Təhsil Şöbəsindən deyilib ki, adı diaqnostik qiymətləndirilməyə buraxılmış müəllimlərin siyahısından çıxarılıb. Məsələni aydınlaşdırmaqdan ötrü Təhsil Nazirliyinə üz tutub. Nazirlikdən rəsmi məktubla ona cavab verilib ki, diplom kimi ona verilmiş sənədin hüquqi əsası yoxdur.

Müəllimə Təhsil Nazirliyini məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb ki, nazirliyin üzərinə Diaqnostik Qiymətləndirmə İmtahanına buraxılması barədə öhdəlik qoyulsun.

Bu məhkəmə onun iddiasını təmin etməyib. R.Abbasova qərardan apellyasiya şikayəti versə də, nəticə dəyişməyib. O, Ali Məhkəməyə üz tutub.

Ali Məhkəmə dekabrın 6-da müəllimənin şikayətinə baxıb. Zakir Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası aşağı instansiya məhkəməsinin qərarını ləğv edib. İşi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

Təhsil Nazirliyi kolleci qeydiyyata alıb

Məhkəmələr Təhsil Nazirliyinə qarşı iddianı rədd edərkən buna əsaslanıb ki, Nazirlər Kabinetinin Neftçala Qızlar Kollecinin tədris müəssisəsi kimi dövlət reyestrinə daxil edilməsi barədə qərarı olmayıb, ona sertifikat verilməyib.

Müəllimənin vəkili isə deyir ki, təhsil müəssisəsi sertifikatının, dövlət reyestrinə daxil edilməsi barədə Nazirlər Kabinetinin qərarının olub-olmadığını bilmək, yaxud yoxlamaq orada təhsil alan şəxsin vəzifəsi deyil:


«Rəsmiyyə Abbasova 1993-cü ildə kollecin qanuni fəaliyyət göstərməsinə inanıb, ora daxil olub və 1995-ci ildə oranı bitirib. Bu müəssisənin verdiyi diplomla da 21 ildən çoxdur məktəbdə işləyir, ibtidai təhsilin pedaqogikası və metodikası üzrə təhsil verir».

Təhsil Nazirliyinin Dövlət Ali Ekspert Komissiyasının «Neftçala Qızlar Kollecinin qeydə alınması haqqında» 2 iyun 1993-cü il tarixli qərarı var. Qərara əsasən, adıçəkilən kollec orta ixtisas təhsili müəssisəsi statusu ilə qeydə alınıb. Qərarda kollecə ibtidai təhsil pedaqogikası və metodikası (ibtidai sinif müəllimi), məktəbəqədər pedaqogika (məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçi), sinifdən xaric və məktəbdənkənar işlər üzrə kadrlar hazırlamaq hüququ verilib. Eyni zamanda, kollecin verdiyi diplomların hüquqi qüvvəsi olan sənəd hesab edilməsi qərara alınıb.

Bundan əlavə, Neftçala rayon İcra Hakimiyyəti başçısı 18 avqust 1993-cü ildə sərəncamla kollecin əsasnaməsinə edilən əlavələri təsdiqləyib. Sənəd icra hakimiyyətində dövlət qeydiyyatından keçirilib.

XS
SM
MD
LG