Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:34

Tağı Əhmədovun faizlə verdiyi 2 milyona görə daha 16 il həbs cəzası kəsildi


Vəkil:"Tağı Əhmədovun 44 illik maaşı da heç 3 milyon etmir"
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Vəkil:"Tağı Əhmədovun 44 illik maaşı da heç 3 milyon etmir" (Arxiv. 2017)

"Bakı Metropoliteni" QSC-nin keçmiş rəisi Tağı Əhmədovun sələmə verdiyi 2 milyon manatla əlaqədar daha iki nəfərə toplam 16 il həbs cəzası kəsilib. Noyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu məsələyə görə Qulu Muxtarov 8 il 6 ay, Sahil Abuşov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Əhmədovun 2 milyonuna görə daha bir nəfərə – Səadət Xəlilova 2022-ci ilin martında 9 il həbs cəzası kəsilmişdi. Sonradan apellyasiya məhkəməsi onun cəzasını 1 il azaltdı.

Pulu sələmlə aldıqlarını deyirlər

Xəlilov Ali Məhkəməyə kassasiya şikayəti verib.

Adları çəkilən şəxslər dələduzluqda suçlanaraq cinayət məsuliyyətinə cəlb olunublar. Onların işində zərərçəkmiş qismində Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyev tanınıb. İddia olunur ki, mərmər biznesi adıyla ondan pul alıb, onu aldadıblar.

Amma təqsirləndirilən şəxslər, özəlliklə də Xəlilov deyir ki, yalandır, onlar heç kimi, o cümlədən də Əliyevi aldatmayıblar, ondan da pul almayıblar. Onun sözlərinə görə, pulu Tağı Əhmədovdan, özü də sələmlə alıblar. Bunu metropolitenin sabiq rəisi istintaqa ifadəsində də, mətbuata müsahibəsində də təsdiqləyib.

"Soltan Əliyev vasitəçi olub"

Soltan Əliyev həm Tağı Əhmədovun, həm də Səadət Xəlilovun dostu olub. Bu fakt məhkəmə araşdırmaları zamanı da təsdiqini tapıb. Tərəflər də bunu etiraf edib.

Xəlilovun sözlərinə görə, o, günlərin birində professor dostunu küçədə görəndə onunla söhbət əsnasında mərmər biznesiylə məşğul olduğunu deyib, bu işdə yaxşı qazanc olduğunu bildirib. O isə dostu Tağı Əhmədovla danışacağını, razılaşarsa, ondan faizlə pul götürüb ona verəcəyini söyləyib: "Soltan Əliyevi zərərçəkmiş kimi tanımıram. Çünki pulu ondan yox, Tağı Əhmədovdan almışam. Soltan Əliyev vasitəçi olub. Tağı Əhmədovdan da pulu faizlə götürmüşəm. Yazıblar ki, guya, birgə biznesdə qazanc adıyla alıb aldatmışam. Qazanc oldu-olmadı, aylıq pulunu tələb edirsə, deməli, faizlə verilmiş puldur".

"Oğlu yüz dəfə zəng eləyib mənə"

Xəlilov vurğulayıb ki, metropolitenin sabiq rəisinin hətta Nizami rayon Məhkəməsində hakim işləyən oğlu Rauf Əhmədov da bu işə qarışıb: "Telefon zəngləri araşdırılmadı. Oğlu yüz dəfə zəng eləyib mənə, oğlumla görüşüb. Amma müstəntiq o adamların heç birini dindirmədi".

Tağı Əhmədov istintaqa ifadəsində təsdiqləyib ki, professor dostu onun yanına Səadət Xəlilovu gətirib, onlara pul verib.

Digər iki təqsirləndirilən Muxtarov Abuşov isə Xəlilovun şərikləri olub. Onlar birlikdə mühakimə olunurdular. Xəlilov həbsdə olsa da, məhkəmə gedən dövrdə onların barəsində həbs-qətimkan tədbiri seçilməmişdi. Lakin Muxtarov və Abuşov bir neçə məhkəmə iclasına gəlmədiklərinə görə onların işi ayrıldı. Onların haqqında həbsli axtarış qərarı elan edildi. Bu üzdən mart ayında Xəlilovun haqqında hökm çıxarılsa da, onların işi qalmışdı.

"Burada haradadır dələduzluq?"

Noyabrın 18-də Muxtarov və Abuşov məhkəmədə hökmdən öncə son sözlərini deyərkən təqsirsiz olduqlarını vurğulayıblar. Onlar bildiriblər ki, heç kimə münasibətdə dələduzluq etməyiblər.

"Səadət sələmlə pul götürüb, ortaya qoyub, iş görmüşük. Biz heç bilməmişik ki, bu pul haradan götürülüb, kimindir. Burada haradadır dələduzluq? Bu işə əvvəl mülki qaydada Xətai məhkəməsində baxılırdı, sonra birdən-birə döndü oldu dələduzluq...", – Muxtarov noyabrın 18-də son sözündə belə deyib.

Tağı Əhmədov sələmlə pul verməsi, pulu qaytara bilməyəndə isə Səadət Xəlilovu YAP-ın binasında döyməsi haqda sonuncunun ifadələri mətbuatda yayılandan sonra "Qaynarinfo"ya müsahibəsində heç kəsi döymədiyini deyirdi. Onun sözlərinə görə, Soltan Əliyevə 2 milyon manatı 18 faizlə verib, aya 30 min manat alıb: "Bu da mənə o qədər yalvardı ki, Tağı müəllim, iki mini də mənə qalsın və 28 mini sən götür. Yazığım gəldi və faizdən gələn 30 mindən 2 mini ona verməyə razılaşdım. Bir ay faizi gətirib verdi. İkinci ay gəlib dedi ki, pulu vermirlər".

1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədov uzun müddət hakim Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal Rayon təşkilatına sədrlik edib, ötən ilin sentyabrında vəzifədən çıxarılıb.

XS
SM
MD
LG