Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:28

Taleh Bağırovun xanımı ilə bağlı qalmaqal


L.İsmayılzadə
L.İsmayılzadə

Penitensiar Xidmət Qobustan həbsxanasında saxlanılan ilahiyyatçı, «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə haqda məlumat yayıb. İddia olunur ki, L.İsmayılzadə martın 21-də üç azyaşlı övladı ilə birlikdə həyat yoldaşının yanına gedəndə mobil telefon və danışıq kartı keçirmək istəyib: «Məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı, Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd «Samsung» markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilmişdir».

«Özləri də yazıblar ki, oyuncaqların arasında...»

Rəsmi məlumatda hadisənin ilahiyyatçının xanımı və övladları qısamüddətli görüşə gəldiyi zaman baş verdiyi göstərilsə də, yaxınları onların uzunmüddətli (üç günlük) görüşdə olduğunu söyləyib. Martın 21-də görüşə gedən L.İsmayılzadə hələ də həbsxanada həyat yoldaşı ilə görüşdə olduğundan, bu barədə AzadlıqRadiosuna ilahiyyatçının digər ailə üzvləri danışıb. Bildiriblər ki, telefon keçirmək cəhdindən söhbət gedə bilməz.

«Martın 21-də evə zəng elədilər ki, guya gəlin telefon keçirmək istəyib. Dedik ki, filan telefonu deyirsizsə, biz də evdə onu axtarırdıq. O, Talehin atasının telefonu olub. Talehin kiçik oğlu o telefonda həmişə oyun oynayır. Məlumatda qısamüddətli görüş yazıblar, yalandı, uzunmüddətli görüşə gediblər. Üçgünlük görüşə gedəndə də balacanın oyuncaqlarını, xeyli pal-paltar da yığıb aparırlar. Görünür, telefon da oyuncaqların arasında olub, nə bizim, nə Leylanın xəbəri olub. Özləri də yazıb ki, uşaq çantasının içində, oyuncaqların arasında olub», – ilahiyyatçının yaxınları belə deyir.

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov 20 il həbs cəzasına məhkum edilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG