Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:05

Əfqanıstanda ata 10 yaşlı qızını 4 min dollara satıb


Kabildə kütləvi toy mərasimi, iyun, 2022-ci il
Kabildə kütləvi toy mərasimi, iyun, 2022-ci il

Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonrakı 15 ay ərzində erkən ərə verilən əfqan qızlarının sayında ciddi artım var. İnsan haqları fəalları bu trendi valideynlərin narahatlığı ilə əlaqələndirirlər. Valideynlər qızlarının zorla Taliban üzvlərinə verilməsindən ehtiyat edərək qızlarına mümkün qədər tez ər tapırlar.

Qız uşaqlarının evdən köçürülməsi həm də evdə qarnı doyurulmalı daha az insanın qalması deməkdir. Əfqan qızlarının məktəbə getməsi yasaqlanıb. Humanitar və iqtisadi böhran içində olan ölkədə qız uşaqları addımbaşı təhqir olunur.


12 yaşlı yeddinci sinif şagirdi Xatirə (ad şərtidir) AzadlıqRadiosunun “Radio Azadi” xidmətinə altı ay öncə valideynlərinin onu qat-qat daha yaşlı bir kişiyə nişanladığını deyir.

"Ərə getmək istəmirdim. Ancaq atam məni xəbərdar elədi ki, ərə getməkdən imtina etsəm, Taliban məni öz döyüşçülərinin biri ilə evlənməyə məcbur edəcək”, – o söyləyir.

Puç olan arzular

Sinfinin ən yaxşı şagirdlərindən biri olan Xatirənin gələcəklə bağlı böyük arzuları vardı. O, yaşadığı ucqar və yoxsul əyalətdə öz icmasına həkim kimi xidmət etmək istəyirdi.

Ailəsi isə onun Taliban döyüşçüsü və ya əməkdaşı ilə evlənməsini, xüsusən də yaşlı bir kişinin ikinci, yaxud üçüncü arvadı olmasını görmək istəmirdi.

"Talibanın siyasəti bütün arzularımızı çilik-çilik etdi”, – Xatirə danışır.

18 yaşlı Firoza 11-ci sinifdə oxuyanda Taliban gəlib onun Qövr (Qur) əyalətindəki məktəbini bağladı və universitetə daxil olmaq planlarını yerlə-yeksan etdi. Tezliklə ailəsi onu zorla ərə verdi.

"O toy arzularımı məhv etdi. Çox güclü təzyiqlə üzləşdim və məcburi evliliyi qəbul etməkdən başqa seçimim qalmadı”, – o deyir.

Daha yaxşı həyat, yoxsa...

Qövrdə qadın haqları fəalı Şukria Şerzai deyir ki, Talibanın 2021-ci ilin avqustunda hakimiyyətə gəlməsindən bəri məcburi və erkən evləndirmə halları qat-qat artıb.

Onun sözlərinə görə, məqsəd övladlar üçün daha yaxşı həyatı təmin etməkdir, əslində isə bu, ailə strukturuna dağıdıcı təsir göstərir.

"Məcburi və erkən evləndirmələr ailələr daxilində zorakılıq və qarışıqlığa səbəb olur”, – Şerzai “Radio Azadi”yə deyib.

Beynəlxalq insan haqları qrupları da bu trendləri qeydə alıblar. “Əfqanıstanda Taliban idarəçiliyi altında uşaq, erkən və məcburi evləndirmələrin sayı artmaqdadır”, – “Amnesty International”ın iyul hesabatında deyilir.

Talibanın alternativsizliyi

“Amnesty International”ın tədqiqatçısı Nikole Valdman (Nicolette Waldman) deyir ki, Talibanın hakimiyyəti ələ keçirməsindən bəri uşaq, erkən və məcburi evləndirmələrin ən çox rast gəlinən səbəbləri iqtisadi və humanitar böhran, habelə qadınlar üçün təhsil və peşə perspektivlərinin olmamasıdır. Bir çoxları Talibana alternativ tapa bilmirlər.

"Ailələr qadın və qızları Taliban üzvləri ilə evlənməyə vadar edir. Taliban üzvləri də qadın və qızları özləri ilə evlənməyə məcbur edir”, – o söyləyir.

Valdmanın sözlərinə görə, Talibanın hakimiyyəti ələ keçirəndən bəri tətbiq etdiyi bir-birinə bağlı qadağalar şəbəkəsi əfqan qadın və qızları tələyə salıb.

"Bu qaydalar Əfqanıstanda qadın və qızları həyatlarının, demək olar, bütün aspektlərində ayrıseçkiliyə məruz qoyan bir repressiya sistemi formalaşdırır”, – tədqiqatçı vurğulayır.

Onun sözlərinə görə, Talibanın qadın və qızların hüquqlarını pozması halları aybaay artır.

"Qrupun qəddar siyasəti milyonlarla qadın və qızı təhlükəsiz, azad və dolğun həyat yaşamaq imkanından məhrum edir”, – Valdman deyir.

Ali dini liderin fərmanı

Əfqanıstanda Talibanın qadınların təhsil almasını, işləməsini və sərbəst hərəkətini tamamilə yasaqlayacağı, 1996 – 2001-ci illərin qaydalarını geri gətirəcəyi haqda şayiələr dolaşır.

2021-ci ilin dekabrında Talibanın ali lideri Molla Heybətulla Axundzadənin qadın haqları ilə bağlı fərmanında qadınların təhsili və işləməsi barədə bir kəlmə də deyilmirdi. Ancaq fərmanda ərə verilərkən qadınların razılığının alınması tələbi qoyulmuşdu.

Di gəl, bu tələbə, ümumiyyətlə, əməl olunmur.

Cehiz

Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətində qadın haqları fəalı olan Mərziə Nurzai məcburi və erkən evlilikləri Talibanın qız məktəblərini bağlamaq qərarı ilə əlaqələndirir.

O, Radio Azadiyə bir atanın qızını 2 min 500 dollarlıq cehiz qarşılığında narkotik aludəçisinə satdığının şahidi olduğunu, başqa bir atanınsa 10 yaşlı qızını 4 min dollara satdığını deyir.

"Gələcəkdə bu qızların başına nələr gələcəyini düşünün. Məktəblərin açılacağına ümid olmadığı üçün qızlar ümidlərini və özlərinə inamı itirirlər”, – o deyir.

Əfqanıstanın hər yerində yaşayan qızlar zorla ərə verildikdən sonra artıq daha yaxşı gələcəklə bağlı xəyallarından əl çəkiblər.

Qohumları ilə nişanlanan qızlar

22 yaşlı hüquq tələbəsi Raziya (ad şərtidir) deyir ki, Talibanın hakimiyyəti qəsb etməsindən sonra o və kiçik bacısı universitetdəki təhsillərini buraxmağa məcbur ediliblər.

Vətəni Kunduz vilayətinə qayıdan Raziyanın daha öncə planlaşdırdığı kimi hakim olmaq şansı qalmayıb.

Bu il ataları Taliban döyüşçülərinin onları istəyəcəyindən qorxaraq qızlarını qohumları ilə nişanlayıb.

"Heç xoşbəxt deyiləm. Bu ənənəvi cəmiyyətdə dinməzcə əzab çəkməkdən başqa seçimim yoxdur”, – artıq iki aydır evli olan Raziya Radio Azadiyə deyib.

Qövrdə yaşayan Xatirənin də bir gün yenidən oxumağa başlayacağı ilə bağlı ümidi qalmayıb. O, məktəbdə hər gün yeni şeylər öyrəndiyi günləri xatırlayır. Ancaq indi onun günləri əlacsızlıq və kədərlə doludur.

"Hər yeni gün əvvəlkindən daha bədbindir”, – o söyləyir.

XS
SM
MD
LG