Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:48

Tarif Şurası dərman qiymətlərində yuxarı həddi təsdiqləyib


arxiv foto
arxiv foto

Azərbaycanda Tarif Şurası sentyabrın 15-də dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin təsdiq etməsi ilə bağlı qərar qəbul edib.

Tarif Şurasının məlumatına görə, bu qərar əhaliyə dərmanların aşağı qiymətə alınmasına imkan verəcək:

“Bu qərar qəbul olunanadək vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər".

Qərarda o da vurğulanır ki, dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhalinin dərman vasitələrini tənzimlənmiş qiymətlərdən aşağı qiymətə almasına imkan verəcək.

Dərmanları bahalaşdıran nədir? 'Məcbur olub İrandan gətirdirik'
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Tariflər bu gün, sentyabrın 15-dən qüvvəyə minir.

Tarif Şurasının sentyabrın 15-dən qüvvəyə minən bu qərarı cəmiyyətdə birmənalı qarşılanmayıb.

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, Tarif Şurası dərman preparatlarının qiymətlərini tənzimləməyə başlayan vaxtdan (2014-cü il dekabrın 16-dan “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklər edilərək dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilib-AR) qiymətlər dəfələrlə qalxıb, keyfiyyət isə aşağı düşüb:

"Yəni qiymət tənzimlənməsi ən yanlış yoldur. Əksinə, kiçik və orta oyunçuları bazardan çıxartdı, rəqabətli mühitə zərbə vurdu, iri dərmən şirkətlərinin xeyrinə işləyən bir metoda çevrildi".

“Bu qərarla dərmanların ucuzlaşması mümkün deyil”

Natiq Cəfərlinin fikrincə, Tarif Şurasının bu qərarı ilə dərmanların ucuzlaşması mümkün deyil:

"Qiymətlərin ucuzlaşması üçün yeganə yol rəqabətli mühitini yaratmaqdır. Bu rəqabətli mühit də Azərbaycanda yoxdur. Tarif Şurası dərman qiymətlərinin yuxarı həddini müəyyənləşdirməklə əksinə keyfiyyətin aşağı düşməsinə səbəb olur ".

Azərbaycanda dərmanların qiymətinin baha olması, keyfiyyətinin də aşağı olması zaman-zaman gündəmə gəlir.

Dövlət Statistika Komitəsinin 2022-ci ilə olan məlumatına görə, Azərbaycanda əhali ən çox pulu dərmana xərcləyir.

Müstəqil ekspertlər Azərbaycanda dərman qiymətlərinin yüksək olmasının əsas səbəbini rəqabət mühitinin yoxluğunda, bu sahənin inhisarında görürlər.

Azərbaycan hökuməti adətən hansısa sahənin inhisara alınması ilə bağlı iddiaları rədd etsə də, hökumətin tənqidçiləri hesab edirlər ki, inhisar olmasaydı bu gün Azərbaycanda həm dərmanlar ucuz olardı, həm də daha keyfiyyətli.

XS
SM
MD
LG