Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:07

Mijatović Azərbaycandakı jurnalistlərə təzyiqlərdən danışdı


Dunja Mijatović
Dunja Mijatović

«Biz jurnalist Xədicə İsmayılın həbsdən buraxılmasından məmnunuq. Ancaq təəssüf ki, onun ölkədən çıxışına əngəllər var. Bunun nəticəsində o, bizim konfransa da qatıla bilməyib».

Bu sözləri ATƏT-in media azadlığı ofisinin rəhbəri Dunja Mijatović Gürcüstan paytaxtı Tbilisidə keçirilən 13-cü Cənubi Qafqaz Media Konfransının açılış mərasimində deyib.

D.Mijatović Cənubi Qafqazda və özəlliklə Azərbaycanda medianın durumuna toxunaraq, problemləri sadalayıb. Onun deməsinə görə, jurnalistlərin uydurma, təşkil edilmiş eyni ittihamlarla həbsi narahatlıq doğurur.

«Təəssüflər olsun ki, xeyli belə hallar hələ də var. Belə ittihamlara məruz qalan həmin jurnalistlər ictimaiyyətə doğru bilgiləri, həqiqətləri çatdırırlar. Hökumətlər onların səsini kəsmək, susdurmaq üçün belə addımlara əl atır», - D.Mijatović deyib.

O, jurnalistlərə qarşı fiziki, psixoloji basqıların olmasından danışıb. D.Mijatović-in düşüncəsinə görə, ən pisi odur ki, həmin basqı halları araşdırılmamış qalıb.

ATƏT-in media azadlığı ofisinin rəhbəri çıxışının sonunda hökumətləri jurnalistlərə qarşı pozuntuları, basqı olaylarını araşdırmağa, medianın fəaliyyətinə əlverişli ortam yaratmağa çağırıb. «Bunlarsız demokratik inkişaf mümkün deyil», - deyə D.Mijatović vurğulayıb.

Hər gün yeni videolar burada -

«AZAD MEDİA TƏKCƏ BEYNƏLXALQ ÖHDƏLİKLƏRİMİZ DEYİL...»

Açılış mərasiminə qatılan Gürcüstanın xarici işlər naziri Mikheil Janelidze isə ölkəsində medianın durumundan bəhs edib. Öz ölkəsində jurnalistlərə qarşı basqı mühitinin olmadığını ifadə edən nazir Gürcüstanın media azadlığı ilə bağlı öhdəliklərə sadiq olduğunu bildirib: «Azad media, plüralizmin təmini bizim təkcə beynəlxalq öhdəliklərimiz deyil, həm də öz hədəflərimizdir».

Nazir son illərdə Gürcüstanda media qanunvericiliyinin, özəlliklə də rəqəmsal yayımın tənzimlənməsi ilə bağlı liberal islahatların aparılmasına toxunub. «Gürcüstanın bu sahədəki qanunvericiliyi ən liberallardandır. Həm mühitdə, həm də qanunvericilikdəki irəliləyişlərin nəticəsidir ki, ölkəmiz media azadlığına görə 15-ci mövqedə dayanır», - nazir bildirib.

ATƏT-in Cənubi Qafqaz ölkələri üzrə media konfransı hər il keçirilir. Builki toplantı iki gün davam edəcək. Toplantıda təhlükəsizlik, ənənəvi və yeni medianın inkişafı istiqamətləri müzakirə ediləcək.

Konfransa hökumət nümayəndələri də qatılıblar.

XS
SM
MD
LG