Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:17

Təbrizdə atanın ‘qadınsayağı davranışına’ görə oğlunu qətlə yetirdiyi xəbər verilir


Təbriz şəhəri
Təbriz şəhəri

İranda bir kişinin 17 yaşlı oğlunu “qadınsayağı davranışına və kosmetikadan istifadəsinə” görə qətlə yetirdiyi xəbər verilir.

Hadisə Şərqi Azərbaycan ostanının mərkəzi şəhəri Təbrizdə baş verib.

AzadlıqRadiosunun Fərda redaksiyası yazır ki, bu hadisə İranda LGBT hüquqları ilə bağlı problemi bir daha gündəmə gətirib.

Rokna xəbər agentliyinin məlumatında deyilir ki, ata polisə müraciət edərək cinayəti etiraf edib və motivinin “rüsvayçılığa məruz qalması” olduğunu deyib.

Ata agentliyə deyib ki, xəcalətindən ailəsinin və dostlarının üzünə çıxa bilmirmiş.

Xəbərlərdə Parsa adlandırılan yeniyetmənin atası bildirib ki, bu məsələyə görə hamının qınaq hədəfinə çevrilib.

Sorğu

İranda seksual azlıqlara qarşı ailə üzvləri tərəfindən zorakılıq nadir hadisə deyil.

Vəzifəli rəsmilərin LGBT icması üzvlərini “xəstə” və başqa aşağılayıcı terminlərlə adlandırması vəziyyəti daha da gərginləşdirir.

2020-ci ildə 6rəng insan haqları qrupunun dərc etdiyi sorğuda LGBT üzvlərinin 62 faizi yaxın ailə üzvləri tərəfindən zorakılığa məruz qaldığını bildirib.

Respondentlərin 30 faizi cinsi, 77 faizi fiziki zorakılıqla üzləşdiyini deyib.

“Cinsi konversiya cərrahiyyəsi”

Bu da bildirilir ki, təqib və təzyiqlər bir çox LGBT icması üzvünü ölkədən qaçmağa, digərlərini isə cinsiyyəti “bərpa” edən cərrahiyyə ilə üzləşməyə məcbur edir. Bu da xəbər verilir ki, İran belə cərrahiyyənin keçirildiyi yeganə ölkədir.

BMT İnsan Haqları Şurasında İran üzrə məruzəçi Cavid Rəhmana təqdim olunan hesabatda cinsi azlıqların “cinsi konversiya” terapiyası işgəncə kimi səciyyələndirilib.

Hesabatda homoseksual, biseksual və transgender uşaqların “elektoşok terapiyasına” məruz qalmasından, onlara məcburi olaraq hormon iynələrinin vurulmasından narahatlıq ifadə olunmuşdu.

Xəbər verilir ki, cinsi oriyentasiyası məlum olmayan Parsa atasının sözlərinə görə “psixoterapiya” müalicəsi üçün xəstəxanaya göndərilmişdi.

2021-ci ildə baş vermiş buna bənzər hadisədə Əlirza Fazeli Monfared Türkiyəyə qaçmağa hazırlaşarkən qardaşları tərəfindən qətlə yetirilmişdi.

XS
SM
MD
LG