Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:49

Yayın cəhənnəmində at-eşşəyin ümidinə qalanlar


İllüstrasiya
İllüstrasiya

►Kənddəki sosial durum sakinləri cana gətirib

“Kəndimizlə Bərdənin arası 11 kilometrdir. Suyu ordan daşıyırıq. Çünki kənddəki suyun ümidinə qalsaq, üç günə burada sağ adam qalmaz”.

Tərtərin Poladlı kəndinin sakinləri AzadlıqRadiosuna susuzluqdan əziyyət çəkdiklərini deyirlər.

Kənd sakini Mehti Mehtiyevin sözlərinə görə, Bərdəylə kəndin arası 11 kilometrdir. Əhali də kasıb təbəqədən ibarətdir. Adamlar hər səhər gün doğmamış su qablarını ata-eşşəyə yükləyib Bərdəyə yola düşürlər, su götürüb qayıdırlar. Bir də...

“Bir də gün batanda qayıdırıq. Gündə iki dəfə bu cırhacırda o başa get, bu başa gəl... Yayda getdiyimiz yollarda ilan mələşir, canımızı dişimizə tutub gedirik. Qışın çətinlikləri lap çoxdur. Şaxtada-sazaqda at-eşşəklə gedib-gəlmək çox çətin olur. Kənddə vur-tut bir neçə qapıda maşın görərsən. Cəbhəyanı kənddir, çox ağır həyat sürürük”.

“SƏBİR EDİN, BİR ŞEY FİKİRLƏŞƏRİK”

Kəndin dərdi təkcə susuzluqla bitmir, dərman almağa aptek yox, tibb məntəqəsi yox, telefon yox... Kənd sakini Ağaveyis Cəfərovun sözlərinə görə, iynə vurdurmağa Aşağı Mamır kəndinə gedir:

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“Ağır şəkər, böyrək xəstəsiyəm. Yoldaşım da ikinci qrup əlildir, tez-tez müalicələr alırıq. Mamıra gedib-gəlmək səhhətimizə daha da zərbə vurur. Kənddə illərdir istifadəsiz qalan bir bina var. Sovet vaxtı Rayon İstehlak Cəmiyyətinin binası olub. İndi xarabaya çevrilib. Başçıya deyirik, “o binanı abadlaşdırın, tibb məntəqəsi açın, adamlar iynə vurdurmağa qışın şaxtasında, yayın cəhənnəmində burdan Aşağı Mamıra gedib-gəlir”. Çoxu da gedə bilmir, canı ağrıyan, maşını olmayan qoca adam burdan ora necə getsin? Hər dəfə deyirlər, “səbir edin, bir şey fikirləşərik”. Hələ də bu qədər fikirləşdikləri nədir, bilmirik”.

Kənddə, demək olar ki, hər iki ailədən birinin müharibədə həlak olanı, müharibə əlili var. Gündəlik dava-dərmana ehtiyacı duyan ailələr aptek olmadığından yenə ya Bərdəyə, ya da başqa kəndlərə üz tuturlar.

Buna da bax: 'Krediti qaytara bilməsək, küçədə qalacağıq'

“MAMIR ELƏ POLADLIYA BİTİŞİKDİR”

Tərtərin icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Poladlıda azı 50 ailə yaşayır. Kəndin sosial rifahının yaxşılaşdırılması məqsədilə qurum vaxtaşırı sosial layihələr həyata keçirir:

“Yollar düzəldilir, su problemi həll olunur. Kəndin başqa problemləri də diqqətimizdədir. Sadəcə, bir az zamana ehtiyac var. Tibb məntəqəsinə gəlincə, o kəndin icra hakimiyyəti Mamırdadır, inzibati idarələrin çoxu, tibb məntəqəsi və məktəb də Mamırdadır. Çünki Poladlıda məktəbə gedən uşaqların sayı çox azdır. Mamır elə Poladlıya bitişik kənddir”.

Poladlı sakinləri cəbhəyanı kənddə yaşadıqlarından düşünürlər ki, bu kəndə daha çox diqqət ayrılmalıdır. Onlar kənddə köklü abadlıq işlərinin aparılmasını, məktəb, aptek, tibb məntəqəsi, mədəniyyət klubu açılmasını, yol çəkilməsini istəyirlər.

XS
SM
MD
LG