Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:40

İşgəncə görənlər: 'Bizdən susmaq tələb edilir'


Nizami Quliyev
Nizami Quliyev

Tərtər olayları zamanı - 2017-ci ilin may-iyun aylarında ailəlikcə işgəncə görənlər iddia edirlər ki, onlardan susmaq tələb olunur. Onlar AzadlıqRadiosuna danışırlar ki, özəlliklə iyunun 8-də - Prezident Administrasiyasının önündə etiraz aksiyası keçirəndən sonra hüquq-mühafizə orqanlarına çağırılır, saatlarla saxlanıb hədələnirlər.

Sumqayıt Məhkəmə Kompleksində Tərtərdə 200-ə yaxın hərbçiyə işgəncə verməkdə, onlardan bəzilərini döyüb-öldürməkdə suçlanan şəxslərin mühakiməsi gedir. Onların arasında həmin dövrdə hərbi hissə komandiri olmuş polkovnik, hərbi hissənin keçmiş qərargah rəisi, bir sıra gizirlər var. Amma məsuliyyətə cəlb olunanların əhatə dairəsi zərərçəkənləri qane etmir. Onlar Hərbi Prokuror Xanlar Vəliyev və müavininin, o dövrdə korpus komandiri olmuş Hikmət Həsənovun və başqa yüksək vəzifəli şəxslərin cəzalandırılmasını istəyirlər. Əsas tələblərindən biri də o zaman ermənilərə casusluq ittihamı ilə həbs edilən, ancaq ötən ilin dekabrında bəraət alan şəxslərin istintaqını aparmış müstəntiqlərin, hökm vermiş hakimlərin məsuliyyətə cəlb olunmasıdır.

"Soruşdum ki, məni niyə gətirmisiniz bura?"

2017-ci ilin mayında Tərtər olaylarında həyatını itirmiş leytenant Təmkin Nizamioğlunun atası Nizami Quliyev deyir ki, onu da Prezident Administrasiyasının qarşısındakı aksiyadan sonra aparıb polis şöbəsində saxlayıblar. Onun sözlərinə görə, polislər onu yaşadığı evdən çıxıb mağazaya gedəndə saxlayaraq Saraydakı şöbəyə aparıblar: "Səhər saat 11-dən axşam 9-dək saxladılar. Bir söz də demirdilər ki, niyə gətiriblər. Axırda özüm soruşdum ki, məni niyə gətirmisiniz bura? Əslində əvvəlki günlərdə o biri zərərçəkənləri çağırmışdılar deyə, mən də səbəbini bilirdim, sadəcə özüm soruşdum. Dedilər ki, guya, işlədiyim yerdə "loqonda" itib. Halbuki, mən heç işləmirəm...".

N.Quliyev əlavə edib ki, məqsəd onu bu üsullarla qorxudub etiraz aksiyalarında iştirakdan, mediaya müsahibələrdən çəkindirməkdir. O vurğulayıb ki, geri çəkilmək niyyətində deyil və oğlunun haqqının bərpası üçün sonadək əlindən gələni edəcək.

"Bu vəziyyətimdə də mən susum?"

İşgəncə nəticəsində sağlamlığını itirmiş, hazırda əlil olan Vasif Ağayev də etiraz aksiyasından sonra polisə çağırıldığını deyir. Onun sözlərinə görə, Yevlaxda yaşadığı evə polis əməkdaşları gəlib, özü isə həmin vaxt Bakıda olub: "Mənə anam zəng eləyib xəbər verdi. Bundan əvvəl başıma gələnləri nəzərə alıb anam ağlayırdı. Görəsən, bunlar mənim bu gün hansı vəziyyətdə olduğumu görmürlər? Bu vəziyyətimdə də mən susum? Deyirlər ki, efirə çıxma, danışma. Nə qədər dözüm axı...".

Daha bir zərərçəkmiş Nemət Məhərrəmov danışır ki, o, etiraz aksiyasından sonra Bakıda olduğundan Tovuzda dayısını polisə çağıraraq onunla bağlı xəbərdarlıq ediblər. Sonradan dayısı da deyilənləri ona çatdırıb: "Dayım zəng eləyib dedi ki, "özünə problem yaratma, yazıqsan". Deyirəm, mənə bu qədər işgəncə veriblər, yarımcan eləyiblər, günahkarın cəzalandırılmasını, haqqımı istəyirəm. Dövlətimə nə zaman köməyim lazım olsa, yenə də eləməyə hazıram...".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti "Tərtər işi" üzrə zərərçəkmişlərdən bəzilərinin polisə çağırıldığını təsdiqləyib. Nazirlikdən bildirilib ki, bu, profilaktik məqsəd daşıyır və heç birinin barəsində hər hansı inzibati tədbir görülməyib.

Xatırlatma

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə icraat yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.

İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrupdakı 13 nəfərin işi məhkəməyə göndərilib. Bunlardan iki qrup Tərtər, bir qrupsa Beyləqandakı işgəncə iddiaları ilə bağlı mühakimə edilir.

"Tərtər işi" çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Onlara 7 ildən 20 ilədək həbs cəzası kəsilib. Ötən ilin sentyabrında Ali Məhkəmənin Plenumu onlardan 19 nəfər haqqında apellyasiya və ali məhkəmələrin qərarlarını ləğv edib, işlərini yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərib. Təkrar baxışdan sonra iş birinci instansiyaya qaytarılıb və vaxtilə onlar haqqında çıxarılmış hökmlər əsassız sayılaraq ləğv edilib. 2022-ci ilin dekabrında isə onlar bəraət alaraq 5 il 6 aylıq həbsdən sonra azadlığa buraxılıblar.

Tərtər olayları zamanı xeyli adam da işgəncədən həyatını itirib. Hüquq müdafiəçiləri, azı, 10 adamın öldüyünü desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.

XS
SM
MD
LG