Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:54

“AXCP və Müsavat arasındakı buzu əritməyə çalışacam”


Tofiq Yaqublu
Tofiq Yaqublu

►“Qışın günündə qarın içində başmaqla gəzən məhbuslar var”

Müsavat partiyasının həbsdən çıxan başqan müavini Tofiq Yaqublu həbsxanadan, planlarından danışır

43 dəfədən çox həbs olunsa da, ömrünün ən uzun həbsini bu dəfə yaşayıb. Həbsxanada məhbuslara ingilis dili öyrətmək istəyib, amma onlar üçün ərizə-müraciət yazmaqla kifayətlənməli olub.

Novruz bayramı ərəfəsində əfv sərəncamı ilə azadlığa çıxan Müsavat başqanının müavini Tofiq Yaqublu AzadlıqRadiosuna həbsxanadan, azadlığa çıxandan sonra gördüklərindən danışır:

– Məni şəhər infrastrukturu çox maraqlandırır. Ona görə də azadlığa çıxan kimi ilk şəhərə diqqət yetirdim. Düzdü, bizi gecə gətirdilər, amma yenə də şəhərin mərkəzi ilə kənarı arasındakı ciddi fərqləri gördüm. Mərkəzi nə qədər bəzəyirlərsə, kənarlar o qədər diqqətdən kənarda qalıb. Xaricilərə göstərmək üçün mərkəzi düzəldiblər, amma digər yerlər yenə də uçulub tökülüb, yollar bərbad. Bakı elə həmənki Bakı idi. Amma internet texnologiyasında xeyli yeniliklər var. Üstəlik, sosial şəbəkələrdə gənclər daha fəaldırlar. Küçələrdə görünməsə də, sosial şəbəkələrdə bunu görmək olur.

– Deyirlər, Azərbaycanda aksiyalar, mitinqlər “Facebook”da başlayıb, orada da bitir.

– Təəssüf ki, belədir. Həbsimizdən qabaq da belə idi, indi də. Ancaq tam əminəm ki, günlərin birində camaat ayağa qalxacaq və bu aksiyalar artım istiqamətində gedəcək. Əliyevlər rejimi güclü deyil, cəmiyyətin müqaviməti zəifdir.

– Tofiq bəy, həbsxanada digər məhbusların siyasi-ictimai fəallığı olan məhbuslara münasibəti necə idi?

– Orda xoşumuza gələn o idi ki, nə cür cinayət törətməsindən asılı olmayaraq, bütün məhbuslar siyasilərə böyük hörmət göstərirdi, hətta savadsızlar da. Cinayət törədənlər arasında da istintaq, məhkəmə zamanı qanunsuzluqlara üzləşənləri də var idi. Onlar bilirdilər ki, müxalifətçilər, siyasilər qanunun aliliyi, demokratik dövlət uğrunda mübarizə aparırdılar. Baxmayaraq ki, siyasi məhbuslar bir oturub-dururduq, bəzən onlardan da bizə yaxınlaşıb müəyyən xahiş edənlər olurdu.

– Sizdən nə istəyirdilər?

– Şikayət, ölkə başçısına və ya Heydər Əliyev Fondunun prezidentinə məktub yazmağımızı istəyirdilər. Çünki orda kimə yazdırsaydılar, bunun müqabilində “şirinlik” verməliydilər. Biz isə təmənnasız edirdik.

“Elə məhbus vardı ki, saatı deyə bilmirdi”

– Həbsdə olan ictimai fəallardan biri demişdi ki, həbsxanada bəzi savadsız məhbuslara yazıb-oxumaq öyrədib.

Gözlə

No media source currently available

0:00 0:01:47 0:00
Direct-ə keçid

– Orda elə adamlar var ki, saatın siferblatını oxuya bilmirdilər, adını belə oxuya bilmirdilər və belələri çox idi. Eləsi vardı, ingilis dili öyrənmək istəyirdi, düşüb, həbsxanadadır, vaxtını dəyərləndirmək istəyir. Anar Məmmədli də (QHT rəhbəri, o da əfv sərəncamı ilə buraxılanlar arasındadır –red.) 13 saylı cəzaçəkmə müəssisəsinə gələndən sonra arzu edən məhbuslara ingilis dili dərsi öyrətmək istədik. Ancaq həbsxana rəhbərliyi buna imkan vermədi. Məhbuslara bizə yaxın gəlmək, uzunmüddətli ünsiyyətdə olmaq qadağan edilmişdi. Təbii ki, qeyri-rəsmi. Çünki ətrafımızda adamların olmasını istəmirdilər, müxalifətə rəğbətin artmasından qorxurdular.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

– Həbsxanadakı məhbuslarla əlaqəniz qalacaqmı?

– Əlbəttə, birincisi, orda üç siyasi məhbusumuz qalıb. İkincisi də, yoldaş olduğumuz adamlar var. Onlarla əlaqəni saxlayacağıq. Bir məsələni deyim, məhbuslar arasında geyimə, xüsusilə isti geyimə, ərzağa ehtiyacı olanlar var. Qızım Nigar Facebook-da kampaniya apardı, xeyli də paltar topladı. Amma imkan vermədilər ki, bu geyimləri məhbuslara çatdıraq, qorxdular ki, müxalifətə rəğbət oyanar. Məhbuslar paltar yığıldığını bilib həvəslə gözləyirdilər, məni həbsxana rəhbərliyi çağırıb dedi ki, “boş yerə gətirməsinlər, icazə verilməyəcək”.

– Bunu daha sakit yolla davam etdirəcəksizmi? Yəni kampaniyanı müxalifətin yardımı kimi göstərmədən, qıcıq oyatmadan...

– Həssas məsələyə toxunursuz. Əlbəttə, belə də edəcəyik. İnanmazdıq ki, heç bir siyasi məqsəd olmayan kampaniyaya belə rəng verərlər. Əslində, ailə üzvlərimiz gələndə bir bağlama geyim gətirirdilər, ancaq o qədər adamın ehtiyacı vardı ki, istədik daha çox geyim toplasın. İnanın, məhbus var idi, ayağında corabı, ayaqqabısı yox idi. Qışın günündə qarın içində “şəp-şəplə” gəzənlər var. İndi siz bunu yazacaqsız, bəlkə bunun da mənfi təsiri olacaq, amma biz humanist addımı atmağa davam edəcəyik. Görək, nəyə nail oluruq.

Ən uzun həbs

– Tofiq bəy, səhv eləmirəmsə, bu, sizin ən uzun həbsiniz oldu....

– Bilmirəm, bəlkə də rekord vurmuşam, 43 dəfə inzibati cəza alıb saxlanmışam. Bir neçə saatdan 15 günə qədər var. Barəmdə qaldırılan üçüncü cinayət işimdi, bir 1998-ci ildə həbs olundum, 2 il yarım şərti iş aldım, bir də 2011-ci il aksiyalarında tutuldum, barəmdə cinayət işi açdılar, amma nə oldusa, məni buraxıb Arif Hacılını həbs etdilər. Bir də indki...Ən uzun çəkəni də bu oldu, 3 il 2 ay.

– Tofiq bəy, həbsdə olarkən partiyadaşlarınız sizi yenidən başqan müavini seçdi. Planlarınız nədi?

Gözlə

No media source currently available

0:00 0:01:16 0:00
Direct-ə keçid

Müsavat başqanı Arif Hacılı və AXCP sədri Əli Kərimli
Müsavat başqanı Arif Hacılı və AXCP sədri Əli Kərimli

– Seçki olsaydı, partiyamızın hədəflərindən danışardım. İndi isə görmək istədiyim işlərdən deyim. Çoxları bəlkə də bunu dərk eləmir, amma əvvəlki illərə nisbətdə xeyli zəifləmiş AXCP və Müsavat partiyaları bir-birinə barış əli uzatmasa, qüvvələri birləşdirməsə, işlər alınmayacaq. Bu, uzun söhbətin mövzusudur, bununla bağlı konsepsiyam var. Əgər bir ictimai debat olsa, orda sübut edərəm ki, iki partiya arasındakı bu dartışma, ittihamlar hakimiyyətin işinə yarıyır, çörəyinə yağ sürtür. Heç olmasa, bunun xatirinə etməyin. O qədər xırda şeylərə görə bir-birlərini ittiham edirlər ki... Bir statusa, bir “like”a görə bir-birlərini qırırlar. Ayıbdı, belə şeylər olmamalıdır. Qarşısına ciddi hədəflər qoyan partiya mənsubları xırdalığa getməməlidir. Bununla bağlı çox düşünmüşəm və qəti qərarlarım var. İndi qonaq-qara çox gəlir, başım açılan kimi dostları yığıb bu məsələni çözməyə çalışacam. Bilmirəm, alınacaq, ya yox, amma cəhd edəcəm.

Buna da bax: Brüsseldəki partlayışda ölənlərin sayı 34-ə çatdı

XS
SM
MD
LG