Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:47

Vəkili Tofiq Yaqublu ilə görüşüb


Tofiq Yaqublu
Tofiq Yaqublu

Dekabrın 23-də inzibati qaydada həbs olunmuş Müsavat üzvü Tofiq Yaqublunun artıq dörd gündür aclıq aksiyası keçirdiyi bildirilir.

Vəkil Nemət Kərimli deyib ki, bu barədə yanvarın 9-da ona T.Yaqublu özü məlumat verib.

O, bu gün, yanvarın 9-da Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olununlanların Saxlanma Məntəqəsində T.Yaqublu ilə görüşdüyün deyir: "Səhhəti əvvəlki kimidir, arıqlayıb, halsızdır, durub- oturanda başı gicəllənir".

Müdafiə tərəfi bundan əvvəl bildirmişdi ki, T.Yaqublu ilə konfidensial görüş hüququ pozulur. Vəkilin sözlərinə görə, polis əməkdaşı yenə görüşdə iştirak edib və onun konfidensial görüş hüququ pozulub.

N.Kərimli əlavə edib ki, T.Yaqublu aclıq etməsinə baxmayaraq onun üçün ayrıca otaq ayrılmayıb: "Otaqda, deməsinə görə, altı nəfər saxlanılır ".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Tofiq Yaqublu 'vətən xaini' kimi damğalanmasına münasibət bildirir
Gözlə

No media source currently available

0:00 0:06:08 0:00

Tofiq Yaqublunun həyat yoldaşı da aclığa başladığını bildirir

Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu yanvarın 7-də aclıq aksiyasına başladığını bildirib.

Ailə üzvlərindən AzadlıqRadiosuna verilən məlumata görə, Maya Yaqublu belə bir addımı Tofiq Yaqublu ilə təcridxanadakı görüşündən sonra atıb.

"Mən də bu gündən yoldaşıma dəstək olaraq aclıq aksiyasına qoşuluram" -Maya Yaqublu vurğulayıb.

Onun dediyinə görə, israrlı müraciətlərdən sonra yoldaşı ilə görüşə razılıq verilsə də apardığı sovqatları qəbul etməyiblər.

Müəyyən texniki problemlərə baxmayaraq təxminən 10 dəqiqəyə yaxın danışa bildiklərini deyən Maya Yaqublu yoldaşının xeyli arıqladığını qeyd edir.

Sovqatın qəbul edilməməsi və görüş zamanı bilərəkdən texniki problemlərin yaradılması ilə bağlı səslənən fikirlərə Penitensiar xidmətdən hər hansı münasibət öyrənmək mümkün olmadı.

Adətən cavabdeh qurumlar səslənən bu kimi problemlərin mövcudluğu ilə bağlı məlumatları təkzib edirlər.

Tofiq Yaqublu aclıq aksiyasına başladığını elan edib

Həbsdə olan siyasi fəal Tofiq Yaqublu qanunsuz həbsi və hüquqlarının pozulmasına etiraz olaraq, yanvarın 5-dən aclığa başladığını açıqlayıb.

O, yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılarkən bu haqda məlumat verib.

Bu məhkəmədə Yaqublunun 30 günlük inzibati həbsinə dair Səbail rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinə baxılırdı.

“Qarabağdan danışıb, Qarabağ qazisinə böhtan atırsan”

“Bu, dövlət adına utancdır ki, vətəndaşı hər kəsin gözünün qarşısında tutub gətirib şərləyirsən. Bütün günü Qarabağdan danışıb, Qarabağ qazisinə böhtan atırsan. Qarabağ qazisini narkomanlarla birlikdə saxlayırsan”, – siyasi fəal məhkəmədə belə deyib.

O vurğulayıb ki, Azərbaycanda məhkəmə sistemi yoxdur, hakim mantiyasını geyinənlər isə oyuncaq relslər üzərində qatar sürən uşaqlardan fərqlənmir:

“Hakim özü müstəqil qərar verən şəxslərə deyirlər. Kiminsə dediyini gəlib təkrarlayanlar hakim ola bilməzlər”.

Dekabrın 23-də Fəvvarələr meydanında Yaqublunun tutulma anını həmin vaxt orada olan jurnalistlər lentə alıb.

Onun vəkili Nemət Kərimli sözügedən videogörüntüləri hakim Anar Tanrıverdiyevə təqdim edib. Hakim görüntülərə baxıb.

Orada görünür ki, Yaqublu AXCP fəalı Elnur Quliyevlə birlikdə gəlir, media nümayəndələrinə yaxınlaşanda polislər onu tutub aparır. Hətta bu zaman Yaqublu polislərə deyir ki, qolu zədəlidir, möhkəm burmasınlar. Görüntülərdə onun polislərə müqavimət göstərdiyi görünmür.

“Ümid yaranmışdı ki, bəlkə nəticə dəyişər”

Səbail Rayon Məhkəməsi Yaqublunu xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama kimi inzibati xətalarda təqsirli bilərək, ona 30 sutka inzibati həbs cəzası kəsib.

Apellyasiya məhkəməsinin hakimi də bu qərarı dəyişmədən qüvvədə saxlayıb. Bu qərarın elanından sonra siyasətçi bu gündən (yanvarın 5-dən) aclığa başladığını açıqlayıb.

O bildirib ki, saxlandığı təcridxanada yanına gətirilən sovqatın qəbuluna imkan verilmir. Ailəsiylə ünsiyyət hüququ pozulur. Bütün bunlara və qanunsuz həbsinə etiraz olaraq, aclığa başlamaq qərarına gəlib.

Yaqublunun vəkili Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, inzibati həbslərlə bağlı ölkə daxilində şikayət üçün sonuncu instansiya apellyasiya məhkəməsidir.

Ona görə də qərarı alandan sonra Avropa Məhkəməsinə şikayət göndərəcəklər:

“Məhkəmədə hakim videogörüntülərə baxmağa razılıq verəndə ümid yaranmışdı ki, bəlkə nəticə dəyişər. Çünki o görüntülərdə Tofiq Yaqubluya qarşı bu ittihamın tam saxta olduğu açıq-aşkar görünür. Təəssüf ki, məhkəmələrimiz öz ampluasındadır...”

Bakıda etiraz aksiyası, saxlananlar var
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Xatırlatma

Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb. Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.

Yaqublu buna qədər müxtəlif ittihamlarla (iğtişaş yaratmaq, xuliqanlıq və s.) bir çox dəfə həbsdə olub. O, ittihamları qurama sayıb.

Hacıyev də ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs edilib. Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma ittihamı qəbul etmir.

XS
SM
MD
LG