Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:36

Tofiq Yaqublunun məhkəməsində qalmaqal: O məhkəmədə iştirakdan imtina edə bilər


Tofiq Yaqublu
Tofiq Yaqublu

Siyasi fəal hakimin onun ailə üzvlərini – qızı Nigar Həzi və kürəkəni Seymur Həzini bir daha məhkəmə iclaslarına buraxılmamaq şərtilə zaldan çıxarmasına etirazını bildirib

Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun məhkəməsində qalmaqal yaşanıb. Siyasi fəal hakimin onun ailə üzvlərini – qızı Nigar Həzi və kürəkəni Seymur Həzini bir daha məhkəmə iclaslarına buraxılmamaq şərtilə zaldan çıxarmasına etirazını bildirib. O bəyan edib ki, ailə üzvləri məhkəməsinə buraxılmasa, bundan sonrakı məhkəmədə iştirakdan özü də imtina edəcək.

Yaqublunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur Nuriyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Sentyabrın 6-da keçirilən məhkəmə iclasında ifadə verən Yaqublu prezident İlham Əliyevin sifarişiylə həbs olunduğunu, bu məhkəmədən də ədalətli hökm gözləntisinin olmadığını vurğulayıb. İfadə verməkdə də məqsədi ona qarşı cinayət işindəki saxtakarlıqları ifşa edib, cəmiyyətə göstərməkdir.

Siyasi fəal cinayət işindəki ziddiyyətlərdən də danışıb. Məsələn, ona pulun Zabratda verildiyi iddia edilir. Onun sözlərinə görə, həmin vaxt Pirşağı ərazisində Milli Şuranın iclasında olub. Bunu telefon anten dairələrilə də sübut etmək olur:

“Yaxud da bütün dünya bilir ki, pasportun surəti ilə heç bir səfirlik adama viza verməz. Bu adamın məndə pasportu olmaya-olmaya, mən bunun üçün necə viza düzəldirdim?”

“Görünür, ssenari alınmadığına görə sonradan bunu işə salıblar”

Yaqublu deyir ki, öncə ona qarşı başqa ssenari ilə təxribat hazırlamağa cəhd göstəriblər, ancaq baş tutmayıb:

“Mənə biri zəng elədi ki, mübariz adamsınız, sizə maddi yardım göstərmək istəyirəm, görüşək. Sonra dedi ki, qohumlarınızdan birinin kartını verin, ona göndərim. O da 60 min deyirdi. Əlbəttə, razılaşmadım. Görünür, o ssenari alınmadığına görə sonradan bunu işə salıblar”.

Siyasə fəal vurğulayıb ki, evindən tapıldığı iddia edilən pulu da ora axtarış aparan polislərin özləri atıb. Bu üzdən də həyat yoldaşı Maya Yaqublu protokolu imzalamaqdan boyun qaçırıb.

Tofiq Yaqublu ifadə verərkən əlavə edib ki, siyasi fəaliyyətinə görə son 25 il ərzində artıq 4-cü dəfədir ki, şərlənərək uzunmüddətli həbs olunur: “Qısamüddətli sutkalıq həbslərimin sayını itirmişəm...”

Bu iş üzrə məhkəmə prosesi sentyabrın 13-də davam edəcək.

Xatırlatma

Tofiq Yaqublu ötən il dekabrın 14-də saxlanılıb. Ona qarşı dələduzluq, saxta sənəddən istifadə kimi ittihamlar irəli sürülüb. Siyasi fəala ittiham verilən maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

T. Yaqublu daha öncə də bir neçə dəfə həbsdə olub. O, 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində, 2020-ci ildə xuliqanlıqda suçlanıb və başqa ittihamlarla da həbs edilib. Siyasi fəal bütün ittihamları rədd edir, şəxsən prezident İlham Əliyevin sifarişiylə cəzalandırıldığını bildirir.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etməyərək deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

XS
SM
MD
LG