Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:25

Tofiq Yaqubluya işgəncə verildiyini dediyinə görə vəkilə xəbərdarlıq


N.Kərimli
N.Kərimli

Vəkillər Kollegiyasının rəhbərliyi bu qurumun üzvü olan vəkil Nemət Kərimliyə xəbərdarlıq edib. Səbəb isə vəkilin Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun polis idarəsində işgəncəyə məruz qalması haqda açıqlaması olub. İyulun 13-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Bakı şəhər prokuroru İlqar Abbasovun bu açıqlama ilə əlaqədar N.Kərimlidən etdiyi şikayətə baxıb. Şikayət rədd edilsə də, vəkilə xəbərdarlıq olunub.

Söhbət T.Yaqublunun Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi icazəsiz mitinq zamanı saxlanması və daha sonra Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qalması haqda açıqlamadan gedir. O zaman T.Yaqubluya 30 sutka inzibati həbs cəzası verilmişdi.


Vəkil Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada T.Yaqublu ilə görüşəndən sonra müvəkkilinin dediklərinə əsaslanaraq, onun polis idarəsində işgəncəyə məruz qalması, üzərindəki işgəncə izləri haqda açıqlama vermişdi.

T.Yaqublu özü də Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılarkən döyülməsi barədə ətraflı danışmışdı.

Daxili İşlər Nazirliyi isə T.Yaqublunun işgəncəyə məruz qalması haqda söylədiklərinin həqiqətəuyğun olmadığını bəyan etmişdi.

T.Yaqubluya qarşı işgəncə iddiaları ilə əlaqədar prokurorluğa şikayət edilib günahkarların cəzalandırılması tələb olunsa da, Bakı Şəhər Prokurorluğu işgəncə faktının təsdiqlənmədiyi cavabını vermişdi.

Bakı şəhər prokuroru İ.Abbasov Vəkillər Kollegiyasına şikayətində yazıb ki, vəkil araşdırmanın nəticəsini gözləmədən bu barədə açıqlama verib.

N.Kərimli AzadlıqRadiosuna açıqlamasında şikayətin rədd edilməsi və işgəncə açıqlamasına görə ona xəbərdarlıq edilməsi haqda xəbəri təsdiqləyib.

Vəkillər Kollegiyasının rəhbərliyi bir ay öncə bənzər səbəblə vəkil Cavad Cavadova da xəbərdarlıq etmişdi. C.Cavadov sosial şəbəkələrdə Yeni Yasamalda polisə zibil atmaqda suçlanaraq evindən yarıçılpaq vəziyyətdə aparılan Elvin və qardaşı Kərim Süleymanovların işgəncəyə məruz qalması barədə paylaşım etmişdi.

Yalçın İmanov da 2017-ci ilin noyabrında Nardaran məhbusu, hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda mediaya açıqlamasına görə Vəkillər Kollegiyasından uzaqlaşdırılmışdı.

XS
SM
MD
LG