Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:06

Tokayev Lukaşenkanın təklifini 'zarafat' adlandırdı


Qazaxıstan və Belarus prezidentləri Kasım-Jomart Tokayev və Alyaksandr Lukaşenka (Arxiv fotosu)
Qazaxıstan və Belarus prezidentləri Kasım-Jomart Tokayev və Alyaksandr Lukaşenka (Arxiv fotosu)

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Belarus prezidenti Alyaksandr Lukaşenkanın Belarus-Rusiya vahid dövlətinə qoşulmaq təklifini bir zarafat kimi “yüksək qiymətləndirdiyini” deyib.

Tokayevin bu bəyanatının videosunu onun mətbuat xidməti yayıb.

Onun sözlərinə görə Lukaşenka Qazaxıstana İttifaq dövlətinə qoşulmağı təklif edib:

"Mən onun zarafatını layiqincə qiymətləndirdim. Düşünürəm ki, buna heç bir zərurət yoxdur, çünki bir neçə başqa inteqrasiya birlikləri, ilk növbədə Avrasiya iqtisadı ittifaqı var”.

Nüvə silahına gəlincə isə Tokayev deyib ki, Qazaxıstana belə silah lazım deyil, çünki ölkə nüvə silahının yayılmaması və nüvə silahı sınaqlarının qadağanı müqavilələrinə qoşulub:

“Biz bu beynəlxalq sənədlər çərçivəsində öhdəliklərimizə sadiq qalırıq”.

Lukaşenka bundan əvvəl Rusiya jurnalistinin sualına cavab olaraq demişdi ki, başqa ölkələrə də İttifaq dövlətinə qoşulmağı təklif edib. O deyib ki, bu halda hamının nüvə silahı olar.

Lukaşenka bildirib ki, o Qazaxıstanın və ya Moskva və Minsk qədər sıx münasibətləri olan başqa ölkələrin nüvə silahı əldə etməsinə qarşı çıxmır.

Söz-söhbət nədən başlanıb?

Bütün bu söz-söhbət isə mayın 24-də Tokayevin Avrasiya iqtisadi forumunda verdiyi bəyanatdan başlanmışdı. O diqqəti belə bir məqama çəkmişdi ki, Aİİ-nin tərkibində Belarus və Rusiya vahid dövləti var:

"Vahid siyasi, hüquqi, hərbi, iqtisadi, valyuta məkanı, bir hökuməti, bir parlamenti olan İki ölkə - bir dövlət var. Mən üzr istəyirəm, indi onların ikisinin bir nüvə silahı da olacaq. Lakin Qazaxıstan, Qırğızıstan və Ermənistanın təmsil etdiyi başqa inteqrasiya səviyyəsi də var. Biz bu reallıqla hesablaşmalıyıq. Bu şəraitdə necə işləyəcəyik?”

Bu ilin martında Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiya Belarus ərazisində taktiki nüvə silahı yerləşdirəcək. O demişdi ki, iyulun 1-dək Belarusda bu məqsədlə anqarın tikintisi başa çatmalıdır.

Rusiya bundan başqa Belarusa Iskander raketləri və nüvə başlıqları daşıya bilən modifikasiyalı Su-25 təyyarələri verib.

Mayın 25-də Rusiya və Belarusun müdafiə nazirləri Rusiya nüvə silahının Belarus ərazisində yerləşdirilməsinə dair müqavilə imzalayıblar.

Amma Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, bu silahdan istifadə barədə son qərarı Moskva verəcək.

XS
SM
MD
LG