Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:59

Tonoyan Ermənistanın məğlubiyyətini Türkiyə faktoru ilə izah edir


Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan

Ermənistan silahlı qüvvələri 2020-ci ildə düşmənin 2-3 dəfə üstün qüvvələrinin qarşısını almağa hazır idi.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu avqustun 1-də Ermənistan Milli Məclisinin 44 günlük müharibəni araşdıran istintaq komitəsinin iclasında Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan deyib.

Ona nazir təyin edildikdən sonra ölkə Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin vəziyyəti, ordunun müharibəyə nə dərəcədə hazır olması barədə sual verilmişdi.

Tonoyan bu suala cavab verərkən deyib:

“Mənə məlum olduğu qədər silahlı qüvvələrin vəziyyəti kafi olaraq qiymətləndirilmişdi. Yəni Ermənistan Respublikası və Artsax (Qarabağ-red) Respublikasının təhlükəsizliyinin təminatı mənasında. Silahlı qüvvələr hazırlıq, coğrafiya və həmin vaxt bizim silahlı qüvvələrin yerləşdiyi hüdudlar nəzərə alınmaqla ondan 2-3 dəfə üstün olan qüvvəni dəf etməyə hazır idi. Bu mənim qiymətləndirməm deyil, faktlara əsaslanan informasiyadır”.

“Hava hücumundan müdafiə qüvvələrimiz yox idi”

Bu iclasda hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Vaaqn Aleksanyan xatırladıb ki, açıq mənbələrə məsələn Smerç qurğularının düşməndə 40, Ermənistan ordusunda isə 6 ədəd olmasına dair məlumatlar var.

Aleksanyan Tonoyandan soruşub ki, “düşmən qüvvəsi, heç Türkiyənin fəal müdaxiləsi olmadan da 2 və ya 3 dəfə üstün idimi?” Tonoyan suala belə cavab verib:

“Mən vəziyyət barədə suala cavab verdim. Qırıcılara və ya hərbi-hava qüvvələrinə gəlincə isə Ermənistan Respublikası tərəfindən nisbət sıfır idi. Bizim ümumiyyətlə qırıcılarımız və ya hava hücumundan müdafiə qüvvələrimiz yox idi”.

Tonoyan daha sonra diqqəti Türkiyə faktoruna çəkib:

“Biz nəzərə almamışdıq ki, Türkiyə silahlı qüvvələri Artsaxdakı (Qarabağ-red) hərbi əməliyyat meydanının 45 və ya 25 kilometrliyində peyda ola bilər”.

“Türkiyə ordusu peyda ola bilərdi”

Azatutyunun xatırlatmasına görə, müharibə zamanı Ermənistan ordusunun baş qərargah rəisi olan Onik Qasparyan dəfələrlə demişdi ki, o müharibənin 3-cü günündə Ermənistan Milli Təhlükəsizlik Şurasında Ermənistan silahlı qüvvələrinin düşmənin təcavüzünü önləmək iqtidarında olmadığını bəyan etmiş və müharibəni siyasi vasitələrlə dayandırmağın zərurətini dilə gətirmişdi.

Tonoyan avqustun 1-də keçirilən iclasda bu söhbəti xatırladığını deyib:

“Bu barədə birinci məruzəni mən almışdım. Məruzə xoşuma gəlsə də, gəlməsə də, biz yanaşmamızı Təhlükəsizlik Şurasına, baş nazirə bildirməyə borclu idik. Çünki buna səbəb üçüncü tərəfin birbaşa mövcudluğu idi. Biz görürdük ki, üçüncü tərəf Türkiyə idi. Bu iştirak Naxçıvan istiqamətində deyil, Ermənistan Respublikasının sərhədləri istiqamətində deyil, Artsax (Qarabağ-red) döyüş əməliyyatları meydanı istiqamətində idi. Bu bizim tərəfimizdən səhlənkarlıq idi. Biz nəzərə almamışdıq ki, Türkiyə silahlı qüvvələri uçuşlar həyata keçirməklə Artsax (Qarabağ-red) əməliyyat meydanının bilavasitə cəmi 45, 25 kilometrliyində peyda ola bilər”.

Azatutyun xatırladır ki, David Tonoyan hazırda Müdafiə Nazirliyi sistemində külli məbləğdə yeyintilərlə bağlı cinayət işinə görə ev məhbusudur. O xüsusilə külli məbləğdə mənimsəmədə ittiham olunur.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG